Tramp nöqtəni qoydu: “Peyvənd tapılmasa…” Dünya

Tramp nöqtəni qoydu: “Peyvənd tapılmasa…”

“Koronavirusun qarşısının alınması üçün görülən tədbirlərin yumşaldılması dönəmində itkilər olacaq, amma ölkədə iqtisadi fəaliyyəti bərpa etmək, iqtisadiyyatın qarşısını açmaq lazımdır”. “ABC” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, peyvəndin tapılıb-tapılmamasından asılı olmayaraq, Amerikanın normal həyata qayıdacağı qaçılmazdır. Tramp bəzi ştatlarda artıq karantin qaydalarının yumşaldılmağa başlandığını söyləyib: “Ölkə iqtisadiyyatı yenidən fəaliyyətə başladıqdan sonra ölümlər ola bilər, amma insanları evlərinə məhkum etməyəcəksiniz”.
ABŞ prezidenti sərt karantin tətbirlərinin insanların psixologiyasına mənfi təsir etdiyini xatırladıb: “İnsanlara baxın. Onlar yüksək dozadan və ya intiharlardan ölürlər. İnsanları işlərinə qaytarmalıyıq, biz də müəyyən tədbirlər görüb, karantin qaydalarını yumşaldaraq bunu edirik. Qarşıdakı üç il boyunca evdə otura bilmərik”.
Donald Trampın sözlərinə görə, koronavirus yoxa çıxanadək ölkədə daha çox insan öləcək: “Peyvənd hazırlanması məsələsində uğurlar əldə edirik. Amma peyvənd olmasa da, biz normal həyata qayıdacağıq. Bunun ağır proses olduğuna kimsənin şübhəsi yoxdur”.