Ukraynada döyüşlər yenidən qızışır Dünya

Ukraynada döyüşlər yenidən qızışır

200 əsgər ukraynalı əsgər separatçılar tərəfindən mühasirəyə alınıb

Donbas hövzəsində ölən Rusiya əsgərlərinin real sayı 4300-ü keçib

Cavid

Luqansk vilayətinin Baxmutovki yaşayış məntəqəsi yaxınlığında şiddətli döyüşlər gedir. Bu barədə "Ukraynskaya pravda" nəşri "A" sektorunun rəhbərliyinə istinadən bildirib.
Məlumata görə, separatçılar atəşi dayandırmaqdan imtina ediblər. Separatçıların həmçinin Ukrayna ordusunun yaralı hərbçilərinin təxliyyə edilməsinə icazə vermədiyi deyilir.
Ötən gecə isə separatçıların "Novorossiya" agentliyi Ukraynanın təxminən 200 əsgərinin Baxmutka yaxınlığında mühasirəyə alındığını xəbər verib. Xəbərdə mühasirəyə alınanların yarısının öldürüldüyü və yaralandığı qeyd olunub.
O da bildirilir ki, Ukraynanın təxminən 200 əsgəri separatçılar tərəfindən Luqansk vilayətinin Baxmutka yaşayış məntəqəsi yaxınlığında mühasirəyə alınıb.
"İnterfaks" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə separatçıların "Novorossiya" agentliyi bildirib. Məlumata görə, mühasirəyə alınanların yarısı öldürülüb və yaralanıb.
Xatırladaq ki, 18 oktyabr tarixində də Baxmutko yaxınlığında 100-dən çox Ukrayna hərbçisinin mühasirəyə alındığı və əsir götürüldüyü barədə xəbər yayılmışdı. Bu barədə Luqansk vilayəti dövlət administrasiyasının sədri Gennadi Moskal bildirmişdi. Moskal əlavə etmişdi ki, Ukrayna ordusuna hücum edən "Don qoşununun 32-ci kazak alayı"nin döyüşçüləridir.
Ancaq həm Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, həm də prezident Pyotr Poroşenko informasiyanı təkzib etdi.
Qərb mətbuatı isə yazır ki, Ukraynanın şərqində rusiyapərəst separatistlər və Ukrayna qüvvələri arasında döyüşlər nəticəsində dörd mülki vətəndaş həlak olub.
Keçən ay əldə olunmuş atəşkəsə regionun çox hissəsində əməl olunsa da, separatistlərin istinadgahı və nəzarəti heç bir tərəfin əlində olmayan Donetsk şəhərinin hava limanı uğrunda hərbi qüvvələrlə rusiyapərəst üsyançılar arasında dəfələrlə toqquşmalar baş verib.
Orta məktəb direktoru Andrey Udovenko döyüşlərin ardı-arası kəsilmədiyini, silah səslərinin rahat eşidildiyini və raketlərin məktəbin yaxınlığındakı yaşayış məntəqələrinə düşdüyünü deyib.
Donetsk şəhər sakini Lubov Mixailovna bildirib ki, axşam yeməyi zamanı evləri raketlə vurulub.
Ümumiyyətlə, aprel ayında başlayan hərbi qarşıdurmalar nəticəsində 3500 insan həyatını itirib.
Rusiyalı hüquq müdafiəçisi Yelena Vasilyeva isə bildirib ki, Donbas hövzəsində ölən Rusiya əsgərlərinin real sayı 4300-ü keçib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Ukraynada 900 əsgərin öldüyünü artıq etiraf edib.
"Həlak olanların ailələrinə bildirilir ki, maddi yardım fondu formalaşdırılır və ölən hər bir hərbçinin ailəsi 2 milyon rubl alacaqlar. Bunun üçün isə onlar susmalıdırlar", - deyə Y.Vasilyeva vurğulayıb.
"Aspeninstitute.org" saytının verdiyi məlumata görə, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi və məşhur politoloq Sbiqnev Bjezinski deyib ki, Qərbə Ukrayna üçün vuruşmaq lazım olmayacaq, çünki müharibə olmayacaq.
"Gözləməyin ki, Qərb sizin üçün mübarizə aparacaq. Siz bunu anlamalısınız", - deyə Bjezinski bildirib. Amerikalı politoloq qeyd edib ki, Ukrayna Avropa ölkəsi olmaq haqqını sübut etməlidir.
Ekspert hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin "fanatik şovinizm" yalnız Qərb dövlətlərini deyil, həm də Rusiyanın özünü hədələyir.
Bu arada ATƏT-də Donbasdakı vəziyyətə nəzarət edilməsi üçün alman pilotsuz təyyarəsindən istifadəni təxirə salmaq qərarı alındı.
"unian.net" saytı xəbər verir ki, bu barədə təşkilat nümayəndəsi məlumat verib.
O, hərbçilərin iştirakını mandatlarına əks olduğunu bildirib:
"Biz təşkilatımıza üzv olan dövlətlərin istənilən yardımına şadıq. Lakin hərbçilərin iştirakı bizim Ukraynadakı missiyamızın mandatına tərsdir".
Qeyd edək ki, Almaniya hökuməti ATƏT-ə öz xidmətlərini oktyabrın 10-da təklif edib.
Latviya isə Rusiya təhlükəsindən qorunmaq üçün gizli və mühüm strateji əhəmiyyət daşıyan obyektləri qorumaqdan ötrü 3,5 milyon müxtəlif kalibirli güllə sifariş verib.
Bu barədə informasiyanı "bb.lv" saytı yayıb.
Məlumatda patronların 2015-2019-cu illər arasında hazırlanacağı deyilib. Həmçinin mətbuat bunu hökumətin rus təhlükəsindən qorunmaq üçün atdığı ilkin addım adlandırıb.
Politoloq Vəfa Quluzadə Rusiyanın Ukraynada hadisələri qızışdırmasını və imperialist siyasətini şərh edərkən deyib ki, bütün imperiyalar dağılmağa məhkumdur, o cümlədən Rusiya. Bu, nəzəriyyə olaraq qaçılmaz prosesdir.
V. Quluzadə qeyd edib ki, Rusiya imperiyasının dağılmasını hələ 1995-ci ildə Amerikada olarkən bildiribmiş: "O vaxt "Pravda", "Komsomolski Pravda" və digər rus mediaları mənim üstümə düşdülər, tənqid etdilər. Amma bu faktdır ki, dünyada dağılmayan imperiya yoxdur. Bunu dəfələrlə demişəm. Misal üçün, Britaniya imperiyası darmadağın oldu. Doğma türklərin Osmanlı imperiyası I Dünya müharibəsində dağıldı. Roma imperiyası dağıldı, onu sonuncu halqası II Dünya müharibəsində məhv oldu. İndi İtaliya imperiyası yoxdur. Fransız imperiyası məhv oldu, sonuncu ayrılan da Əlcəzair oldu. Yəni bu nəzəriyyə olaraq belədir. Heç bir imperiya qalmır, vaxtı var, vaxt çatan kimi tarixə qovuşurlar. O baxımdan, Rusiya imperiyası da əbədi olmamalıdır".
Lakin politoloq Rusiya imperiyasının nə vaxt tarixə qovuşacağını dəqiq bilmədiyini açıqlayıb. Bildirib ki, hər bir imperiyanın öz vaxtı var, necə ki, Roma, Britaniya, Osmanlı kimi imperiyaların belə bir vaxtı çatdı.
"Mən bunu Rusiyaya nifrət etdiyimə görə demirəm. Əksinə, bu nəzəriyyəni ruslara da çatdırıram ki, sizin də imperiyanız dağılacaq və bir gün siz də fransızlar, italyanlar kimi unitar dövlət qurub xoşbəxt yaşayacaqsınız", -deyə politoloq vurğulayıb.
V. Quluzadə qeyd edib ki, bu dağıntı mülayim olsa yaxşı olar. Onun sözlərinə görə, Britaniya imperiyası mülayim proseslərdə dağıldı, heç bir qan tökülmədi: "Rusiyaya da bunu arzu edirəm. Hər şey sülh yolu ilə baş versə, daha yaxşı olar. Misal üçün, 1991-ci ildə 14 xalq SSRİ-dən ayrılanda böyük müharibələr olmadı. Düzdür, bizim bəxtimizə Dağlıq Qarabağ, Moldovanın bəxtinə isə Dnestryanı münaqişələri düşdü. Lakin bütün hallarda böyük qanlar tökülmədi. Ötən əsrin əvvəllərində çar imperiyası dağılanda vətəndaş müharibəsi oldu, milyonlarla insan qırıldı. Amma bolşeviklər rus imperiyasının çökməsinə imkan vermədilər. Mən arzu etmirəm ki, Rusiya imperiyası dağılanda müharibə olsun, qanlar tökülsün".
V. Quluzadə Rusiya imperiyası tərkibində yarana biləcək dövlətləri də şərh edib.
"Başqırdıstan müstəqil yaşaya bilər. Amma bir çox xalqlar rusların içində əriyib gediblər. Özlərini rus kimi tanıyır, dini qəbul edərək xristianlaşıblar. Həmçinin mədəniyyəti və dili qavrayıblar. Misal üçün, kalmıklar, udmurtlar. Amma tatarlar müstəqilliyə can atırlar. Onlar müstəqil respublika ola bilərlər", - deyə sabiq dövlət müşaviri bildirib.