ABŞ-ın Rusiyaya qarşı şərtləri Dünya

ABŞ-ın Rusiyaya qarşı şərtləri

Rəsmi Vaşinqton Kremli ilk növbədə Minskdə əldə edilən razılığa əməl etməyə çağırıb

Cavid

ABŞ dövlət katibi Con Kerri rəsmi Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sankisyaların ləğv edilməsi üçün şərtləri açıqlayıb. Dövlət katibi bildirib ki, bunun üçün birinci növbədə Minskdə əldə edilən razılığa əməl edilməlidir.
"Əgər Minsk razılığına tamamilə əməl olunarsa, ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək", deyə Fransada səfərdə olan Kerri bildirib.
Dövlət katibinin sözlərinə görə, Donetsk və Luqanskda qeyri legitim prezident və parlament seçkilərinin keçirilməsi Minsk razılığını pozdu. Kerri bəyan edib ki, ABŞ və beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini tanımayacaq.
Almaniya kansleri Angela Merkel isə deyib ki, Rusiyaya qarşı sanksiyaları zəiflətməyə və ya götürməyə imkan yoxdur.
Noybarın 5-də Berlində jurnalistlərlə görüşən Angela Merkel bu günlərdə Ukraynanın şərqində noybarın 2-də seçki keçirən separtaçı liderləri də sanksiya siyahısına salınmasını təklif edib.
Alman kanslerin bildirdiyinə görə, bu seçkilər Minsk razılaşmasının şərtlərini pozur.
Bu arada sabiq Polşa prezidenti Lex Valensa Rusiya haqda maraqlı açıqlamalar verib.
Eks-prezident Rusiyanın Avropadan 30 il geridə qaldığını bildirib: "Rusiya hələ də köhnə metodlardan istifadə edir, onlar hazırda Avropadan 30 il geridə qalıblar. Putin NATO ilə müharibəyə başlasa məğlubiyyətə uğrayacaq. Qərb bu müharibədən xırda fəsadlarla çıxacaq, Rusiya isə çox böyük zərər görəcək".
Qeyd edək ki, ABŞ müdafiə naziri Cak Heygel bir müddət əvvəl açıqlama verərək ABŞ ordusunun Rusiya ilə mübarizəyə hazır olmağa səsləmişdi.
Ukrayna hökuməti isə Donetsk və Luqanska xərclənən büdcə vəsaitini donduracağını açıqlayıb. Hökumətin bu addımını Donbas regionunda özlərinin müstəqil idarəçiliyini formalaşdıran ruspərəst üsyançılara qarşı iqtisadi təzyiq vasitəsi kimi də görmək olar. Ölkənin baş naziri Arseniy Yatsenyuk qərarla bağlı açıqlama verib. Yatsenyuk, bununla belə, üsyançıların əlində olan regionun qaz və elektriklə təmin olunacağını da qeyd edib.
"Donetsk və Luqanskda bizim vətəndaşlarımız yaşayır. Biz qış fəslində onların soyuqdan donmasına icazə verməyəcəyik. Regionun enerji təminatını kəsmək humanitar fəlakətə səbəb ola bilər. Bütün təqaüdlər və sosial müavinətlərə dair qeydiyyat işləri aparırıq. Rus terrorçular Donetsk və Luqanskı tərk etdikdən sonra hər kəsin pullarını özlərinə verəcəyik" - deyə nazir qeyd edib. Yeni qərar əsasında, region üçün nəzərdə tutlulan 2.6 milyard dollar məbləğində dövlət vəsaiti dondurulacaq.
Bir müddət əvvəl Donetsk və Luqanskda üsyançılar tərəfindən keçirilən "seçkilər" regionda gərginliyin daha da artmasına səbəb olub. Rəsmi Kiyev bunun Minks razılaşmasına zidd olduğunu bildirib.
Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri də "seçkiləri" kobud qanun pozuntusu adlandırıb: "Ötən həftəsonu keçirilən səsvermə Ukraynanın suverenliyinə və Minsk razılaşmasına qarşı ciddi məsuliyyət tələb edən qanun pozuntusudur. Prezident Barak Obama və mən cənab Lavrovla görüşümdə də qeyd etmişəm. Nə Amerika hökuməti, nə də Beynəlxalq İctimaiyyət bu seçkilərin nəticələrini tanımyacaq"
"Seçkilər"də Aleksandr Zaxarçenko Donetsk və İqor Plotniski "Luqansk rəhbəri" seçilib.
Ölkənin siyasi arenasında yaşanan gərginlik, eyni zamanda, Donbas regionuna da təsir edir. Məlumata görə, Donetsk şəhəri ətrafında dünən gün boyunca atışmalar cərəyan edib. Qarşıdurmalar zamanı atılan mərmilərdən biri məktəbə düşüb. Nəticədə iki tələbə ölüb. Hökumət hücuma görə ruspərəst üsyançıları günahlandırıb.
Qondarma Donetsk və Luqansk Xalq respublikalarının başçıları Aleksandr Zaxarçenkonun və İqor Plotniçkonun isə Avropa İttifaqı ölkələrinə girişinə qadağa qoyula bilər.
Bu barədə Berlində xarici siyasət mövzusunda keçirilən konfransda Almaniya kanslerinin məsləhətçisi Kristof Xoysqen deyib.
Rusiya mətbuatı yazır ki, K.Xoysqen Ukraynanın şərq hissəsində keçirilən seçkilərin atəşkəs rejiminin pozulmasına şərait yaratdığını bildirib.
Ukraynada oktyabrın 26-da keçirilmiş növbədənkənar seçkindən sonra parlamentdə 6 iri deputat fraksiyası formalaşır.
Pyotr Poroşenko bloku – prezident partiyası Ali Radaya 132 mandat (majoritar sistemlə 69, proporsional sistemlə 63) qazanıb.
Baş nazir Arseni Yatsenyukun partiyası – Xalq Cəbhəsi 82 mandat (majoritar sistemlə 18, proporsional sistemlə 64) götürüb.
"Samopomoş" blokunun 33 (majoritar sistemlə 1, proporsional sistemlə 32) mandatı var.
Müxalif blok 29 mandat (majoritar sistemlə 2, proporsional sistemlə 27) əldə edib.
Radikal Partiyaya 22 (hamısı proporsional sistem üzrə) mandat düşüb.
Sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" bloku 19 mandatla (majoritar sistemlə 2, proporsional sistemlə 17) kifayətlənib.