Kreml və Rusiya XİN Ermənistanda baş verənlərə münasibət bildirib Dünya

Kreml və Rusiya XİN Ermənistanda baş verənlərə münasibət bildirib

"Kremldə Ermənistandakı vəziyyəti həyəcanla izləyirlər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistandakı vəziyyətin inkişafını həyəcanla izləyirik. Hesab edirik ki, bu, istisnasız olaraq Qafqazda bizim üçün çox vacib və yaxın müttəfiq olan Ermənistanın daxili işidir”, - deyə Kremlin sözçüsü Ermənistandakı vəziyyətə münasibət bildirərkən deyib.

Rusiya Xarici İşlər Nazirliyi də Ermənistanda baş verənləri bu ölkənin daxili işi adlandırıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.