Ermənilər Rusiya hərbi bazasına hücum çəkiblər Dünya

Ermənilər Rusiya hərbi bazasına hücum çəkiblər

İrəvanda Putini azərbaycanca ən pis söyüşlərlə təhqir etdilər

Cavid

Ermənistanın başı artıq iki gündür ki, Gümrü şəhərində bir ailənin 6 üzvünün Rusiyanın buradakı 102-ci hərbi bazasının əsgəri tərəfindən güllələnərək öldürülməsilə nəticələnən insidentlə əlaqədar qarışıqdır. Ermənistanda etirazlar get-gedə daha sərt xarakter almağa başlayır. Dünən İrəvanda Rusiya bayrağı tapdalandı. İndi tərəflər əllərindən gələni edirlər ki, məsələ siyasiləşməsin. Rusiyada da etiraf edirlər ki, belə getsə, daha pis nəticələr qaçılmaz ola bilər!
Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun erməni Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirməsi get-gedə siyasi xarakter almağa başlayır. Dünən Gümrüdə Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbilə avtomobil yürüşü keçirilib. Rusiyanın Gümrüdəki baş konsulluğunun binasına yürüş edənlər arasında İrəvandan gələnlər də olub. Rusiyanın bayrağı ayaqlar altına atılıb.
"Novosti Armeniya"nın məlumatına görə, 2 minə yaxın erməni Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasını mühasirəyə alıb.
Məlumatda deyilir ki, etirazçıların əsas tələbi 6 ermənini qətlə yetirən rus əsgər Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsidir.
Hərbi hissəni qoruyan erməni polisi də onların qarşısında duruş gətirə bilməyiblər. Nəticədə ermənilər bazaya xeyli yaxınlaşıblar.
Gümrü sakinlərinin bir hissəsi isə Avetisyan ailəsinin üvzlərini anmaq üçün yerli kilsəyə üz tutub. Kilsədə ölənlər üçün vətəndaş panixidası keçirilib.
Anım mərasiminə gələn insanlar qətl hadisəsinin Gümrüdə 1988-ci il zəlzələsindən sonra baş verən ən böyük faciə adlandırıblar.
Ermənistanda yüzlərlə insan da prezident Serj Sarkisyanın iqamətgahına doğru yürüş edib.
Aksiyaçılar Gümrüdə bir ailəni qətlə yetirən rus əsgərin Ermənistan tərəfinə təhvil verilməsi və ölkədə matəm günlərinin elan edilməsini tələb edirlər.
Aksiya iştirakçıları öz tələblərini prezident iqamətgahında Sarkisyana təqdim edəcəklərini deyiblər.
Onların tələbləri qəbul olunmasa, aksiyaçılar Azadlıq meydanına qayıdaraq qeyri rəsmi matəm günlərini elan etmək niyyətindədir. Nümayişçilər Ermənistanda Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyalarını keçirəcəklərini bildirirlər.
Aksiya iştirakçıları Ermənistanın Rusiya vassallığından xilas olmasının vacibliyini bəyan ediblər, "Azadlıq, Azad Ermənistan", "Suveren Ermənistan", "Permyakov Ermənistanda mühakimə olunmalıdır" kimi şüarlar səsləndiriblər.
Ən heyrətamiz məqam isə ermənilərin Putini azərbaycanca söymələridir. Aksiyada Azərbaycan dilində Putinin əleyhinə, "Putin, ...!" söyüşləri də söyülüb.
Paytaxt İrəvanın "Azadlıq" meydanında da ayrı-ayrı adamlar öldürülən Avetisyanlar ailəsinin üzvlərinin xatirəsinə şam yandırıblar. Orada da siyasi xarakterli bəyanatlar səslənib. Ya Ermənistan məhkəməsi, ya da burdan rədd olub gedin! Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasına yönəlik bu cür mesajlar isə Ermənistan siyasətçilərini hərəkətə gətirib. "Çiçəklənən Ermənistan" partiyasından seçilən deputat Araqaç Axoyan məsələni siyasiləşdirməməyə çağırıb. O, deyib ki, bu insidentdə heç bir siyasi motiv yoxdur və hadisə Ermənistan-Rusyia münasibətlərinə təsir göstərməməlidir.
Rusiyalı politoloqlar isə erməni deputat qədər nikbin deyillər. Siyasi şərhçi Sergey Markov bildirib ki, Gümrüdə baş verənlər Rusyia-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək.
"Bunun təsiri mənfi olacaq. Ancaq indi hər iki tərəf bu mənfi təsirin dərəcəsini azaltmağa çalışır. Hadisə ilə bağlı mətbuata çox məlumatlar sızdırılmır. Çünki, bu hadisə ictimailəşdirilsə, əlbəttə ki, daha pis nəticələrə yol aça bilər. Rusiyanın Ermənistandakı hərbi varlığı və eləcə də Rusiyadakı erməni diasporu üçün ciddi təhlükələr ortaya çıxa bilər".
Yeri gəlmişkən, Sergey Markov Putinin də məsləhətcisi sayılır. Bu arada qətli törədən Valeri Permyakovun atası da danışıb. Oğlunun hərbi xidmətə böyük həvəslə getdiyini, bütün normativlərdən əla qiymət aldığını, hətta komandanlığın buna görə onu tərifnamə ilə təltif etdiyini də ata Permyakov müsahibəsində deyib. Bu nümunəvi hərbiçinin avtomatın qundağı ilə vurduğu 6 aylıq körpənin vəziyyəti isə ağır olaraq qalır. Ermənistanın səhiyyə naziri Armen Muradyan uşağın vəziyyətinin qiymətləndirilməsi üçün üçüncü dəfə konsilium keçirib. 5-6 saat köməksiz vəziyyətdə qaldığından çoxlu qan itirən və süni nəfəs aparatına qoşulan körpənin vəziyyətinin ağır olaraq qaldığı deyilir.
Hadisələr isə 102 saylı hərbi bazanın komandiri Andrey Ruzinskinin də vəziyyətinin ağır olacağından xəbər verir. Belə ki, Rusiya mətbuatı 2013-cü ilin sonlarından etibarən Ermənistandakı hərbi bazalardan şikayətlərin daxil olmasına dair məlumatlar yayıb. Bildirilir ki, 2009-2013-cü illərdə hərbi bazada tam sakitlik olub. Amma 2013-ün sonlarından hərbi qulluqçuların pullarının əlindən alınması, onların təhqir edilməsi, vaxtında müalicə üçün xəstəxanaya göndərilməməsilə bağlı şikayətlər eşidilib.
Xatırladaq ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir. Bu hərbi bazanın yaxınlığında yerləşən hərbi şəhərcikdə isə hərbçi ailələri yerləşdirilib. Onların təxminən 2500 nəfəri rus, 2000 nəfəri ermənidir.
Politoloq İqor Muradyan bildirib ki, Gümrü qətliamı ilə Kreml Ermənistanı cəzalandırıb. O, iddia edir ki, Avrasiya İttifaqına girməsinə baxmayaraq, Kreml Ermənistanın Rusiyanın təsir zonasından çıxmaq istədiyini anlayır.
"Buna görə də qabaqlayıcı cəza tədbiri ilə erməniləri cəzalandırmaq, ata biləcəkləri addımlar barədə xəbərdarlıq etmək qərarına gəliblər",- deyə Muradyan vurğulayıb.
Politoloqun fikrincə, ruslar Ermənistandakı indiki siyasi vəziyyətlə razı deyillər və hüquqi cəhətdən ölkəni Rusiyanın müstəmləkəsinə çevirmək niyyətindədirlər. "İri hərbi münaqişə baş verərsə, rus qoşunlarının özünü necə aparcağına heç kim Ermənistanda cüzi bir təsəvvürə belə malik deyil",- deyə erməni politoloq vurğulayır.
Qeyd edək ki, Valeri Permyakov yanvarın 14-də Gümrüdəki hərbi bazada həbs edilib. Həbs qərarı Rusiyanın 5-ci qarnizon məhkəməsi tərəfindən kəsilib. Ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.
Qeyd edək ki, daha öncə Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitədən bildirilib ki, onun Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb edilməsi qərara alınıb. Yəni ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyirdi, amma göründüyü kimi Moskva buna razılıq vermədi.
Bu arada o da bildirilib ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası xüsusi nəzarətə götürülüb. Bu barədə Gümrüdəki bazanın hərbi qulluqçularından biri Facebook səhifəsində yazıb. Hərbçi bildirib ki, 102 saylı hərbi baza xüsusi nəzarətə götürülüb.
Baza rəhbərliyi isə yayılan bu xəbərin doğru olub-olmaması ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Gümrüdə 4 min nümayişçi 102 saylı hərbi baza ətrafında toplaşıb. Onlar bir erməni ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovu Ermənistana təhvil verilməsini tələb edirlər.
Ermənistanın baş prokuroru Qevork Kostanyan isə açıqlama verib ki, Gümrü şəhərində 6 nəfəri qətlə yetirməkdə şübhəli bilinən rusiyalı hərbiçi Valeri Permyakov Ermənistanda mühakimə olunacaq.
"Sizi inandırıram ki, cinayətkar Ermənistan ərazisində mühakimə ediləcək və hamının bu prosesi izləmək imkanı olacaq", - deyə Kostanyan bildirib.
Qeyd edək ki, Ermənistanın İstintaq Komitəsi Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovu Gümrüdə baş vermiş hadisə ilə bağlı müttəhim qismində mühakimə edilməsi barədə qərar qəbul edib.
Gümrü sakinləri isə Ermənistanın baş prokuroruna vaxt veriblər. Onlar Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbi qulluqçusu Valeri Permyakovu Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edirlər.
Ekspertlər vəziyyətin hansı istiqamətdə dəyişəcəyini deməkdə çətinlik çəkirlər. Çünki əhali qatilin Ermənistanda məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Ermənistanın İstintaq Komitəsi Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovu Gümrüdə baş vermiş hadisə ilə bağlı müttəhim qismində mühakimə edilməsi barədə qərar qəbul edib. Amma Rusiya tərəfi V.Permyakovun öz ölkəsində cəza çəkməsi fikrindədir. Belə olan halda hadisələrin daha da mürəkkəbləşməsini söyləmək mümkündür.
Rusiya Müdafiə Nazirliyində iddia edirlər ki, Ermənistanın Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətlə yetirmiş rus əsgərin psixoloji problemləri olub.
Mənbənin iddiasına görə, Permyakov orduda xidmət etmək istəməyib və Türkiyəyə qaçmaq istəyib. Erməni ailəni isə qorxudan qırıb ki, onu hərbi hissənin rəhbərliyinə satmasınlar.
Permyakov orduya il yarım qabaq çağırılıb. Əvvəlcə o, Rusiyanın Çita şəhərində xidmət göstərib, dekabrda onu Ermənistandakı hərbi bazaya keçiriblər.
Bu, Rusiyanın rəsmi versiyasıdır, amma qətl olunan ailənin qonşularının dedikləri isə fərqli versiya barədə düşünməyə imkan verir. Qonşuların dediyindən belə çıxır ki, ailə bu yaxınlara qədər kişisiz olub. Evdə həmişə qadınlar olub və Permyakov da bu evə gəlib-gedib. Evdə ailə başçısının arvadı, gəlini, 36 yaşlı dul qızı və uşaqlar olurmuş. Qətliamdan bir-iki gün qabaq isə 51 yaşlı aildə başçısı və onun oğlu əmək miqrantı kimi getdikləri Rusiyadan Yeni ili bayram etmək üçün evə gəliblərmiş. Rus əsgərin evə qəfil gəlişi qalmaqalla nəticələnib və nəticədə Permyakov silaha əl atmalı olub. Ola bilər ki, Permyakovun əlaqəsi evin 36 yaşlı qızı Aida ilə olub. Bunu istintaq dəqiqləşdirməlidir. Amma bu aydındır ki, Permyakovun həmin evdə paltarı varmış və o, Türkiyə sərhədində özünə məxsus mülki geyimdə tutulub.