
“Ermənistanın yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasının nəzərdə tutulması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi baxımından mühüm siyasi və hüquqi əhəmiyyət daşıyır”.
Bunu politoloq Rəşad Bayramov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
O bildirib ki, bu məsələ iki ölkə arasında paraflanmış sülh sazişinin imzalanması qarşısında qalan əsas siyasi maneələrdən biri olmaqla yanaşı, Ermənistanın gələcək dövlətçilik fəlsəfəsinin hansı prinsiplər üzərində qurulacağı ilə də birbaşa əlaqəlidir:
“Paşinyan hələ avqust ayında parlamentdə çıxışı zamanı yeni Konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu açıq şəkildə bəyan edib. Onun özünün də etiraf etdiyi kimi, həmin bəyannamə münaqişə məntiqinə əsaslanır və onun yeni Konstitusiyada saxlanılması Qarabağ münaqişəsi ilə bağlı əvvəlki siyasi yanaşmanın davam etdirilməsi demək olacaq.Məsələnin Azərbaycan üçün prinsipial əhəmiyyəti ondan ibarətdir ki, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad mövcuddur. Həmin bəyannamədə isə 1989-cu ildə Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsinə dair qəbul edilmiş qərara istinad edilir. Bu isə təbii ki, ölkəmizin ərazi bütövlüyünə qarşı potensial iddiaların konstitusion müstəvidə saxlanılması riskini yaradır. Ona görə də rəsmi Bakının bu məsələdə mövqeyi birmənalıdır və həmin istinad aradan qaldırılmayana qədər sülh sazişinin imzalanması mümkün deyil”.
Rəşad Bayramov qeyd edib ki, hazırda Paşinyan hökumətinin yeni Konstitusiyada həmin istinadı saxlamaq niyyətində olmadığını bildirməsi müsbət siyasi siqnal kimi qiymətləndirilə bilər:
“Lakin bəyanatların səsləndirilməsi hər şeyi həll etmir. Bizə bəyanatlar yox, real addımların atılması lazımdır. Başqa sözlə, referendumun keçirilməsi və nəhayət ki, yeni mətnin qüvvəyə minməsi lazımdır. Ancaq o zaman Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etdiyini deyə bilərik.
Onu da xüsusi olaraq qeyd edim ki, bizim maraqlarımız baxımından əsas məsələ yalnız Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması deyil, Ermənistanın gələcək siyasi və hüquqi sistemində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin birmənalı şəkildə təsbit olunmasıdır. Bu, revanşist çağırışların hüquqi-siyasi əsaslarının zəiflədilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh sazişinin davamlılığının təmin edilməsi baxımından vacibdir. Paralel olaraq sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və qarşılıqlı təhlükəsizlik təminatları da sülhün praktiki məzmununu müəyyən edən əsas istiqamətlər olaraq qalır.Odur ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinaddan imtina etmək niyyətini açıqlaması sülh prosesində əhəmiyyətli siyasi dönüş nöqtəsi ola bilər. Lakin bizim Azərbaycan olaraq gözləntimiz bəyanatların konkret hüquqi və siyasi addımlarla təsdiqlənməsidir. Əgər Ermənistan bu istiqamətdə ardıcıl qərarlar qəbul edərsə, bu, iki ölkə arasında münasibətlərin münaqişə mərhələsindən əməkdaşlıq mərhələsinə keçidini sürətləndirə, Cənubi Qafqazda yeni iqtisadi və nəqliyyat imkanlarının reallaşmasına şərait yarada bilər. Başqa sözlə, əsas məsələ sülhün yalnız siyasi bəyanatlarda deyil, konstitusion normalarda, beynəlxalq öhdəliklərdə və real dövlət siyasətində də öz əksini tapmasıdır”.
Günel Elxan