Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər Dünya

Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər

Yaponiya büdcə məhdudiyyətləri səbəbindən qarşıdakı beş il üçün hərbi xərc planlarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu addım raketlərin və "F-35" qırıcıları da daxil olmaqla təyyarələrin alışının ixtisarına gətirib çıxara bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

İlin sonuna qədər Yaponiya hökuməti müdafiə sahəsində üç əsas sənədin, o cümlədən milli təhlükəsizlik strategiyasının və müdafiə potensialının artırılmasına dair beşillik proqramın yenilənmiş versiyalarını qəbul etməlidir. Agentliyin məlumatına görə, Yaponiya Maliyyə Nazirliyi qarşıdakı beş ildə müdafiəyə cəmi 50-60 trilyon yen (təxminən 313-376 milyard dollar) xərcləməyi təklif edir. Bu rəqəm cari beşillik üçün nəzərdə tutulan 43 trilyon yendən (təxminən 269 milyard dollar) çox olsa da, Müdafiə Nazirliyi və hakim Liberal Demokrat Partiyası nümayəndələrinin tələb etdiyi məbləğdən təxminən 30% azdır. Hərbi gücün köklü şəkildə artırılmasının tərəfdarları isə beş il ərzində müdafiəyə 80 trilyon yen (təxminən 500 milyard dollar) ayırmaq istəyirlər.

Planlaşdırılan xərclərin bu cür kəskin azaldılması silah-sursat, o cümlədən raketlər və "F-35" kimi aviasiya texnikasının alınması planlarına yenidən baxılmasına səbəb ola bilər. Bəzi hallarda bu alışların həcmi yarıbayarı azaldıla bilər.

Nəticə etibarilə, belə maliyyələşmə səviyyəsi ilə Yaponiya müdafiə xərclərinin payını hökumətin bir neçə il əvvəl bəyan etdiyi hədəfə – ÜDM-in 2%-nə belə çatdıra bilməyəcək.

Mənbələrin bildirdiyinə görə, bu vəziyyət irimiqyaslı layihələri maliyyələşdirmək zərurəti səbəbindən yaranıb. Belə ki, Yaponiyanın Baş naziri Sanae Takaiti daha əvvəl iqtisadi artımı stimullaşdırmaq və ərzaq məhsullarına tətbiq olunan istehlak vergisini azaltmaq üçün tədbirlər görəcəyini vəd etmişdi ki, bu da büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Lakin Maliyyə Nazirliyinin hərbi xərcləri azaltmaq təklifinin hərbi potensialın artırılması tərəfdarlarının müqaviməti ilə üzləşəcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiya son illərdə müdafiə potensialını fəal şəkildə gücləndirir. 2022-ci ilin dekabrında qəbul edilmiş yenilənmiş milli təhlükəsizlik strategiyasında Yaponiyanın düşmən ərazisindəki hədəflərə zərbə endirmək hüququ nəzərdə tutulmuş və 2027-ci ilə qədər hərbi xərcləri ÜDM-in 2%-nə çatdırmaq hədəfi qoyulmuşdu. Takaiti bu hədəfin vaxtından əvvəl yerinə yetiriləcəyini bəyan etmişdi. Zərbə vasitələri modifikasiya edilmiş, hipersəs raketlərinin hazırlanması və Amerikanın "Tomahawk" qanadlı raketlərinin alınması planlaşdırılmışdı. İlin sonuna qədər milli təhlükəsizlik strategiyasının yeni redaksiyası qəbul edilməlidir.

Məryəm Quliyeva