16:52
175
“Ermənistanın KTMT-də səs vermə hüququnun ləğv edilməsi Rusiya və onun KTMT-dəki müttəfiqləri tərəfindən Ermənistana bir mesajdır ki, biz Ermənistanın məhz səsvermə hüququnu məhrum edirik, Ermənistanı təşkilatdan çıxarmırıq, onun təşkilatdakı üzvlüyünü ləğv etmirik. Rusiya bununla Ermənistana deyil, məhz Paşinyan iqtidarına, Paşinyana qarşı olduğunu göstərir və bir növ qapıları tam bağlamır. Qapıları müəyyən mənada açıq saxlayır ki, gələcəkdə Paşinyan olmadığı dövrdə Ermənistanda iqtidar Rusiya meyilli olarsa, Rusiyanın maraqlarından çıxış edən iqtidar olarsa, onda həmin iqtidarın yenidən KTMT-yə qayıtması və Ermənistanın səsvermə hüququnun bərpa edilməsi mümkün ola bilər”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat hesab edir ki, bu, Rusiya tərəfindən atılmış hiyləgər bir qərardır: “Çünki bu qərar Ermənistanı təşkilatda üzvlükdən yox, səsvermə hüququndan məhrum edir. Paşinyan isə təbii ki, nümayişkaranə şəkildə Antalyaya getdi, COP31 sessiyasını seçdi. COP31 sessiyası bitən kimi Avropa Siyasi Birliyinin Dublində keçirilən görüşünə yollandı. Paşinyan da siqnal verir ki, o, artıq Avropa İttifaqı ilə, Türkiyə ilə münasibətləri daha müsbət saxlamaq istəyir, nəinki Rusiya və KTMT ilə bağlı. Əslində, Paşinyan çox istəyirdi ki, KTMT-də Ermənistanın səs vermək hüququ yox, Ermənistanın təşkilata üzvlük hüququ ləğv edilsin. Paşinyan bunu özü etmək istəmir, özü müraciət etmək istəmir”.
“Ermənistan düşünür ki, o, o qədər güc sahibi, müstəqil, suveren siyasət sahibi deyil ki, belə bir addım atıb KTMT ilə eskalasiyaya, qarşıdurmaya getsin. Amma Paşinyan çox istəyərdi ki, Rusiya təşkilatda Ermənistanı üzvlükdən məhrum etsin və Paşinyan beləliklə də günahın onda olmadığını, təşkilatdan onun çıxmaq istəmədiyini, sadəcə olaraq Rusiya və onun müttəfiqlərinin Ermənistanı təşkilatdan çıxardığını bəyan edə bilərdi. Ancaq təbii ki, Rusiya buna getmir və hesab edirəm ki, getməyəcək də. Müvəqqəti səs vermək hüququnun dondurulması Paşinyanın səs vermək hüququnun dondurulması deməkdir, yəni gələcək Ermənistan iqtidarına qapılar yenidən açıla bilər” - deyə T.Gəncəliyev əlavə edib.
Röya İsrafilova