18:27
203
“Hər bir ölkənin Konstitusiyası onun hüquqi quruluşunun, eyni zamanda, vətəndaşlarının hüquq və azadlıqlarının təsbit edildiyi ali sənəddir. Bütün qəbul edilən qanunlar və qərarlar Konstitusiyaya uyğun olmalıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Deputat diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası həm inkişaf etmiş demokratik ölkələrin, eyni zamanda, Azərbaycanın özünün ən yaxşı dövlətçilik ənənələrini özündə əks etdirdi: “Azərbaycan dünya birliyinə hüquqi demokratik dövlət statusu ilə daxil oldu. Sahibkarlığa böyük dəstək veriləcəyi elan edildi. Vətəndaşların hüquq və azadlıqları Azərbaycan Konstitusiyasının az qala üçdə bir mətnini təşkil edir. Həmçinin söz, sahibkarlıq, fikir azadlığı yeni dövlətin əsas xarakteristikasından oldu”.
A.Mirzəzadənin sözlərinə görə, görünən ondan ibarətdir ki, 30 illik tariximizdə Azərbaycan Konstitusiyası Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynadı: “Ulu öndər tərəfindən əsası qoyulan dövlətçiliyimiz cənab Prezidentimiz tərəfindən uğurla davam etdirildi, torpaqlarımız işğaldan azad edildi, Azərbaycan xalqı təbii sərvətlərinə sahib oldu. Aparılan siyasət beynəlxalq birlikdə Azərbaycanın nüfuzlu bir dövlət kimi tanınmasına səbəb oldu. Bu gün birmənalı şəkildə demək olar ki, Ulu öndərin dövlətçilik təcrübəsi, onun hazırladığı Azərbaycan Konstitusiyası, Azərbaycanın müstəqilliyinin əbədi olmasında, suverenliyimizin bərpa edilməsində əsas faktor oldu”.
Röya İsrafilova