ABŞ kəşfiyyatı Rusiyanın planlarını açıqladı Dünya

ABŞ kəşfiyyatı Rusiyanın planlarını açıqladı

Pentaqonun kəşfiyyat rəhbəri: "Biz gözləyirik ki, 2015-ci ildə Rusiyanın hərbi fəallığı yüksək səviyyədə qalacaq"

Cavid

"Rusiya Ukraynanın şərqində uzunmüddətli münaqişə yaratmağa çalışır və 2015-ci ildə hərbi və mülki üsulların köməyi ilə Kiyevə təzyiq göstərməyə davam edəcək". Bu barədə qlobal təhlükələr mövzusunda Konqresdə keçirilən dinləmələrdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kəşfiyyat direktoru Stüart Vinsentanın məruzəsində deyilir.
Onun sözlərinə görə, Moskvanın Ukrayna ilə bağlı hazırkı hərəkətləri Rusiyanın yeni hərbi doktrinası və strategiyasına tam uyğundur. Pentaqonun kəşfiyyat rəhbəri hesab edir ki, Rusiya hərbi əməliyyatların yeni üsullarından istifadə etmək üçün hərbi doktrinanı müvəffəqiyyətlə yeniləyıb, həmçinin nüvə və adi silahlarını əhəmiyyətli dərəcədə müasirləşdirməyə nail olub.
"Biz gözləyirik ki, 2015-ci ildə Rusiyanın hərbi fəallığı yüksək səviyyədə qalacaq", - general Stüart deyib.
Pentaqonun kəşfiyyat rəhbərinin fikrincə, Rusiya daha kiçik və daha yüksək manevr qabiliyyəti olan, daha müxtəlif məsələləri yerinə yetirə bilən silahlı qüvvələri yaratmağa çalışır. Pentaqonun Kəşfiyyat məntəqəsi proqnozlaşdırır ki, iqtisadi çətinliklərə baxmayaraq, 2015-ci ildə Rusiya ordusu xeyli sayda hərbi təlimlərdə iştirak edəcək.
Pentaqonda həmçinin hesab edirlər ki, Rusiya əvvəlki kimi strateji nüvə güclərinə xüsusi diqqət ayıracaq və mobil qitələrarası ballistik raketlərin müasirləşdirilməsini davam etdirəcək. Qeyd edilir ki, Moskvanın silahlanmasında "Topal-M" raket kompleksləri xüsusi yer tutacaq, "Rubej" MBR raket komplekslərin, sualtı gəmilər üçün "Bulava" ballistik raketlərin və qanadlı raketlərin yeni nəslinin hazırlanması üzərində iş davam etdiriləcək.
Məruzənin "Regional təhlükələr" bölməsində Çin, Koreya Xalq Demokratik Respublikası, Yaxın Şərq və Şimali Afrikadakı proseslərdən danışılır. "Qlobal təhlükələr" bölməsində kibertəhlükəsizlik, kütləvi qırğın silahları, ballistik raketlər və ölümcül yoluxucu xəstəliklərin yayılmasından bəhs edilir.
Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti Ukrayna münaqişəsinə cavab mövqeyinin dəyişdirilməsinə hələ qərar verilmədiyini bəyan edib.
Departamentin sözçüsü Jen Psaki bildirib ki, Amerika Ukrayna ilə bağlı siyasətini nəzərdən keçirir. Belə ki, ABŞ-ı nəzarətləri altında olan əraziləri genişləndirmək niyyətində olan separatistlərin zorakılıqları narahat edir. "Təbii olaraq, biz baş verənləri hesaba almalıyıq."
Psaki əsas məqsədin münaqişəsinin siyasi və diplomatik yolla həlli olduğunu deyib. O, ABŞ və onun qərb müttəfiqlərinin Rusiya ilə müharibə aparmaq fikrində olmadığını bildirib. "Bizim niyyətimiz Rusiyanın mövqeyini dəyişməkdir. Məhz buna görə o ölkəyə qarşı sanksiyalar tətbiq edilib."
Sanksiyalara əlavə olaraq ABŞ Ukraynanı 118 milyon dollarlıq qeyri-döyüş təchizatı və təlimlərlə təmin edir.
Brukinqs institutunun təhlilçisi Stefen Piferin dediyinə görə, Amerika mövqeyini dəyişməlidir. "Biz Amerikanın qeyri-döyüş deyil, müdafiə məqsədi ilə döyüşlərə yardım etməsini tövsiyə edirik."
Pifer Brüsseldə Ukrayna rəsmilər ilə görüş zamanı Amerikanın xarici siyasət ekspertlərindən ibarət nümayəndə heyətinin tərkibində olub. "Ukraynanın ən böyük tələbi yüngül silahlardır. Ukraynanın cəbbəxanasındakı silahları 20 il bundan əvvəlindir. Onların üçdə iki hissəsi yarasızdır."
Pifer və qrupun digər üzvləri ABŞ-ı Ukraynanı dronlar, raketləri tuta bilən radar sistemi və zirehli maşınlarla təmin etməyə çağırıb.
Rəsmi statistikaya görə, son iki həftə ərzində Donbas hövzəsində Ukrayna ordusu 1700-dən çox hərbçisini itirib.
"İnterfaks" agentliyi xəbər verir ki, bu barədə "Donetsk Xalq Respublikası" separatçı qurumun hərbi qüvvələrinin komandan müavini Eduard Basurin bildirib.
"Aktiv döyüş əməliyyatlarının başlandığı 17 yanvar tarixindən rəqib 3 təyyarə, 1 vertolyot, 146 tank, 114 BMP, 64 avtomobil və 1738 hərbçisini itirib, 52 hərbi qulluqçusu isə əsir götürülüb", - Eduard Basurin deyib.
O, son bir gün ərzində isə Ukrayna ordusunun itkilərinin 5 tank, 3 BMP, 2 yük maşını və 79 hərbçi olduğunu iddia edib.
Moskva isə Kiyevdən separatçıların maraqlarını nəzərə alınmasını tələb edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov separatçıların maraqlarının "tam ölçüdə" nəzərə alınmasının vacib olduğunu bildirib.
"Mən Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatını şərh edə bilmirəm. Rusiyanı barmaqla göstərmək deyil, danışıqlar prosesinin iştirakçıları olan "özünümüdafiə bölmələri" ilə danışıqları davam etdirmək lazımdır. Onlar münaqişənin tamhüquqlu iştirakçıları olduğu üçün maraqlarını birbaşa bəyan etmək imkanına malik olmalıdırlar. Kiyev hakimiyyəti bu maraqları tam ölçüdə nəzərə almağa məcburdur", - Lavrov vurğulayıb.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi 31 yanvarda uğursuzluğa uğrayan Minsk danışıqlarına Rusiyanın reaksiya verməməsini təcavüzə dəstək kimi qiymətləndirib.