Atəşkəs razılaşması pozuldu... Dünya

Atəşkəs razılaşması pozuldu...

Ukraynanın şərqində qanlı döyüşlər gedir

Cavid

Minskdə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Ukraynanın şərqində qanlı döyüşlər yenidən qızışıb. Atəşkəs rejimi qüvvəyə minəndən sonra separatçılar 129 dəfə ukraynalı ordusunun mövqelərinə hücum ediblər. Debaltsevo şəhəri və ətraf ərazilər 88 atəşə məruz qalıb.
Ukrayna ordusunun mətbuat mərkəzi Debaltsevo istiqamətində əvvəlki günlərlə müqayisədə atəşin intensivliyinin artdığını da qeyd edib. Rəsmi Kiyev Ukrayna ordusunun yalnız cavab atəşi açdığını qeyd edib. Separatçılar isə atəşkəsin pozulmasına görə ukraynalı hərbçiləri ittiham ediblər.
Separatçılar xüsusilə mühasirə şəraitində olan Debaltsevo şəhərini ələ keçirmək cəhdlərini davam etdirirlər. Ukraynalı jurnalist Andrey Tsaplienko öz Facebook səhifəsində yazıb ki, Şərq görünüşlü rus muzdluları "Allahu Əkbər" sədaları ilə Debaltsevonun milis şöbəsini və dəmiryolu vağzalını ələ keçiriblər: "Debaltsevodan. 15 dəqiqə əvvəl "Rus dünyası" döyüşçüləri "Allahu Əkbər" sədaları ilə milis şöbəsini tutdu. 1 saat əvvəl isə dəmiryolu vağzalı ələ keçirilib".
Ukrayna DİN-in Donetsk vilayəti üzrə Baş İdarəsinin rəis müavini İlya Kiva separatçıların şəhərdəki dəmir yolu vağzalının bir hissəsini ələ keçirdiyini deyib və milis idarəsi binasının ələ keçirildiyi barədə xəbəri təsdiq etməyib. O, hazırda şəhərdə küçə döyüşlərinin getdiyini söyləyib. İ. Kiva Ukrayna ordusunun ağır silahlardan istifadə etməsinin vacib olduğunu bəyan edib.
Ukraynalı digər jurnalist Anastasiya Stanko şəhər milis idarəsinin "Qrad" zərbələri ilə darmadağın edildiyini bildirib. Ukrayna Daxili İşlər Nazirliyindən binanın dağıdılması faktını təsdiqləyiblər.
Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti Baş İdarəsinin sədr müavini İlya Kiva "112" kanalına açıqlamasında Debaltsevo dəmiryolu vağzalının separatçıların nəzarəti altına keçdiyini, şəhərin mərkəzində hər küçə uğrunda gərgin döyüşlərin getdiyini bildirib.
Qondarma Donetsk Xalq Respublikasının "müdafiə nazirliyi"nin əməkdaşı bildirib ki, 120-yə yaxın ukraynalı hərbçi Debaltsevoda küçə döyüşləri zamanı əsir götürülüb: "Debaltsevoda küçə döyüşləri davam edir. Bizim dəslərimiz şəhərin böyük hissəsini ələ keçiriblər. 120-yə yaxın ukraynalı döyüşçü də əsir götürülüb".
Ukrayna Ali Radasının deputatı Semen Semençenko da rəhbərlik etdiyi "Donbass" batalyonun könüllü üzvlərinin Mariupol şəhəri yaxınlığında separatçıların hücumuna məriz qaldıqlarını bildirib. Onun sözlərinə görə, atəşkəsdən sonra batalyonun 3 döyüşçüsü həlak olub, 9 nəfər yaralanıb.
ABŞ Dövlət Departamenti isə Rusiyanı və separatçıları Ukraynanın şərqində atəşkəsi pozmaqda ittiham edib. Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, ABŞ Ukraynanın şərqindəki Debaltsevo rayonunda vəziyyətin pisləşməsindən narahatdır: "Separatçılar açıq bəyan ediblər ki, onlar Debaltsevoda atəşkəs rejiminə riayət etməkdən imtina edirlər. Həmin əraziyə baş çəkmək istəyən ATƏT müşahidəçilərinin təhlükəsizliyinə təminat verilməyib. Bu aqressiv hərəkətlər və Rusiya tərəfindən dəstəklənən separatçıların bəyanatları bu yaxınlarda əldə olunmuş sülhə təhlükə törədir, ağır silahların geri çəkilməsini çətinləşdirir".
ABŞ Rusiyanı və separatçıları dərhal hücumları dayandırmağa və Minsk razılaşmalarının yerinə yetirilməsi üçün ATƏT-lə dialoqa başlamağa çağırıb (APA).
ATƏT-in parlament assambleyası da Ukraynanın cənub-şərqindəki münaqişə tərəflərini Minsk razılaşmalarına sadiq qalmağa və döyüş əməliyyatlarını dayandırmağa çağırıb.
ATƏT parlament assambleyasının sədri İllka Suominen Debaltsevo şəhərində atəşkəsin pozulmasından narahatlığını bildirib.
"Mən təmas xəttinin əksər hissələrində atəşkəsin əldə olunduğunu alqışlayıram. Lakin separatçıların atəşkəsin Debaltsevo şəhərinə aid olmaması barədə bəyanatları qəbuledilməzdir. Mən tərəfləri Minskdə əldə olunmuş razılaşmalara riayət etməyə çağırıram", deyə İ.Suominen bildirib.
Ukraynada atəşkəs razılaşmasının pozulmasına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Minskdə Ukrayna, Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kanslerinin iştirakı ilə "normand dördlüyü" formatında keçirilən sammitdə əldə olunan bir sıra razılıqlara baxmayaraq, Ukrayna məsələsində mürəkkəblik hələ də qalır.
Millət vəkili bildirib ki, Ukrayna tarixən bir neçə spesifik bölgədən ibarətdir: "Birinci, Mərkəzi Ukraynada yaşayan ümumi Ukrayna mədəniyyətinə bağlı olan icma, ikinci, uzun müddət Polşanın tərkibində olan və Qərbə sıx inteqrasiya etmiş bir Qərbi Ukrayna bölgəsi, üçüncüsü isə rusların çoxluq təşkil etdiyi Şərqi Ukrayna bölgəsi, hansı ki, onlar uzun müddət RFSR-in tərkibində olublar. Sovet dövründə bu bölgənin Ukraynanın tərkibində olması heç də vahid Ukrayna xalqının yaranmasına gətirib çıxarmadı".
"Nə qədər ki hakimiyyətdə Rusiya ilə münasibətdə loyal olan, həm Moskvanın, həm də Qərbin maraqlarını nəzərə alan iqtidar var idi, bu bölgələr hər hansı bir problem yaratmırdı. Ancaq, yeni hakimiyyətin birmənalı şəkildə Qərbə maraq göstərməsi, həmin bölgədə separatçılığın güclənməsinə, Donbas və Luqanskda separatçı qurumların yaranmasına səbəb oldu. Ukrayna bu bölgəni yenidən öz nəzarətinə almağa çalışır. Amma qoyulan tələblər ondan ibarətdir ki, həmin iki vilayətə və digər rusdilli vilayətlərə yüksək muxtariyyət verməlidir. Minsk görüşündə bu barədə razılıq əldə edildi. İndi çox şey rəsmi Kiyevin hansı addımlar atacağından asılıdır. Çünki Rusiya birmənalı şəkildə Şərqi Ukrayna vilayətlərinin istəklərini dəstəkləyir. Ukraynanın isə bu məsələdə unitar dövlət modelinin qalmasında israr etməsi bu gün öz nəticəsini vermir. Hər halda tərəflərin ümumi razılığa gəlməsi üçün potensial var. Amma bunun olub-olmayacağını gələcək göstərəcək" – deyə, millət vəkili qeyd edib.