Saakaşvili hakimiyyətə gəlir Dünya

Saakaşvili hakimiyyətə gəlir

"Biz seçkilər yolu ilə hakimiyyətə qayıdacağıq"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz silahdaşları ilə ölkəyə qayıdacağını və bir il sonra keçiriləcək parlament seçkilərində iştirak edərək qalib gələcəyini bəyan edib.
Bbu barədə sabiq prezident Gürcüstanın "Rustavi 2" telekanalına müsahibəsində bildirib.
Saakaşvili onun və tərəfdarlarının Gürcüstanda dövlət çevrilişi etmək niyyətində olması barədə bir sıra KİV və siyasətçilərin səsləndirdiyi iddiaları təkzib edib: "Biz seçkilər yolu ilə hakimiyyətə qayıdacağıq"
Keçmiş prezident Gürcüstanda bu gün baş verənləri faciə adlandırıb. "İndiki hakimiyyət ölkəni yoxsulluq həddinə qədər çatdırdı" deyən Saakaşşvili uğursuzluqları hakimiyyətin Rusiya oriyentasiyası ilə izah edib. Saakaşvili əmindir ki, Gürcüstanın gələcəyi Ukraynada baş verənlərdən çox asılıdır.
Xatırladaq ki, sabiq prezident ötən ilin dekabrında da ölkəyə qayıdacağını bildirib. Saakaşvili onu doğum günü münasibətilə təbrik edənlərə təşəkkürünü bildirərkən ölkəyə qayıdacağı tarixi açıqlamışdı: "Doğum günüm ilə əlaqədar təbriklərə görə hamı sağ olsun. Gələn il (bu il ) Gürcüstanda görüşəcəyik. Mən vətənə qayıtmağa hazıram… Dünyada siyasi şəraiti dəyişir, Rusiya zəifləyir, amma Gürcüstanın partnyorları güclənirlər. Bizim xalqımız 2016-cı ildə keçiriləcək parlament seçkilərinə qədər düzgün seçim edəcək".
Saakaşvili bildirib ki, İvanişvili komandası parlament seçkilərinin keçiriləcəyi 2016-cı ilə qədər hakimiyyətdə qalmayacaq.
Gürcüstanın Baş prokurorluğu isə ölkə ərazisində axtarışda olan şəxslərin, xüsusilə sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyanı Ukraynadan xahiş edib.
Yeri gəlmişkən, Ukrayna Baş Prokurorluğu Kiyevin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstana ekstradisiyasından imtina etməsi barədə yayılam məlumatı təkzib edib. Bu barədə Ukranews nəşri məlumat yayıb.
"Sorğu hazırda baxış mərhələsindədir. Araşdırma aparılır. Biz nə sorğuya imtina cavabı vermişik, nə də onu təmin etmişik", deyə baş prokurorun müavini Vitali Kasko bildirib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan mətbuatı bildirirdi ki, Kiyev Gürcüstan Baş Prokurorluğunun sabiq prezident Mixail Saakaşvilinin ekstradisiya edilməsinə dair müraciətinə imtina cavabı verib.
Ukrayna prezidenti fevralın 14-də barəsində Gürcüstanda axtarış elan olunmuş Mixail Saakaşvilinin özünün ştatdankənar müşaviri və prezident yanında islahatlar üzrə beynəlxalq məşvərət şurasının sədri təyin olunmasına dair fərman imzalayıb.