“ASALA-nın Türkiyəyə hədə-qorxu gəlməsnə…” Dünya

“ASALA-nın Türkiyəyə hədə-qorxu gəlməsnə…”

Fəzail İbrahimli: "...Laqeyd baxmaq olmaz və Türkiyə bu məsələlərdə daha ayıq olmalıdır"

"Erməni terror təşkilatı olan ASALA-nın hədə-qorxu gələrək Türkiyə kimi böyük dövləti Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçirəcəyi tədbirlərdən çəkindirməsi qeyri-mümkündür". Bunu millət vəkili Fəzail İbrahimli deyib. F. İbrahimli hesab edir ki, ASALA-nın Türkiyəyə hədə-qorxu gəlməsi ilə bağlı bir neçə məqam var: "Birinci, terror təşkilatının hədə-qorxu gələrək Türkiyəni bu işdən çəkindirməsi qeyri-mümkündür. İkinci, əgər ASALA hər hansı bir tədbir görəcəksə, nədən dövləti ayıq-sayıq salır? Yəni, bunlar gizlincə terrora hazırlaşırlarsa, nədən əvvəlcədən xəbərdarlıq edirlər? Yaxud da bunlar özlərinə çox arxayındırlar. Türkiyədə son yaşananlar bu dövləti kifayət qədər ayıq-sayıq olmağa vadar edib. Görünür, Türkiyə bu məsələlərdə daha ayıq olmalıdır. Ona görə də bu xəbərdarlığa laqeyd baxmaq olmaz".
F. İbrahimli qeyd edib ki, terror insanlara qarşı yönəlmiş əməldir və terrordan dünyanın heç bir dövləti sığortalanmayıb: "ABŞ kimi dövlət özünü terrordan mühafizə edə bilmir. Azərbaycan da vaxtı ilə erməni terroruna məruz qalıb. Bu gün hüquq-mühafizə orqanları, aidiyyatı orqanlar ayıq-sayıq işlədiyinə görə, on illərdir ki, Azərbaycanda terrorla bağlı problemlər baş vermir. Amma dünyada bu proses davam edir. Bu bir şeytan əməlidir. İnsanlığa qarşı yönəlmiş bir əməldir. Ona görə də yalnız dünya dövlətləri birgə hərəkət edərək bu əməlin qarşısını almaq iqtidarında ola bilər".

Əli