Ukrayna Rusiya ilə barışmayacaq Dünya

Ukrayna Rusiya ilə barışmayacaq

Vladimir Pozner: "Rusiya artıq Ukraynanı itirib"

Zemovit Şerek: "Qərb vuruşmaq istəmir"

Cavid

"Rusiya artıq Ukraynanı itirib". Bunu məşhur rusiyalı jurnalist Vladimir Pozner bildirib.
Onun sözlərinə görə, hər iki ölkə arasında əvvəlki xoş münasibətləri geri qaytarmaq mümkün olmayacaq.
Rus jurnalistin fikrincə, artıq prinsipial və qaçılması mümkün olmayan səhv buraxılıb: "Rusiya imperiya olub. O, əvvəl çar imperiyası idi, sonra Sovetlərə döndü. Bu, istənilən halda imperiya idi. Həmin an Rusiya hər kəsə müxtəlif səviyyələrdə - yuxarıdan baxmağa başladı. Bütün ölkələrdə Mərkəzi Komitənin katibləri yerli idi. İdeoloji iş üzrə katib rus idi və hər şeyə Moskva qərar verirdi. Ümumiyyətlə, hər şey aydındır. İmperiya dağıdılanda burada böyük ağıl göstərmək lazım idi. O zaman özünü ağıllı aparmaq gərəkliydi. Əsas məsələ həmin ölkələrin – bu ölkələri imperiyanın üzvləri, koloniya, necə istəyirsinizsə, adlandırın - Rusiyaya qarşı münasibətlərinin pisləşməsi idi. Bu faktdır. Ukrayna ilə münasibətlər isə tam fərqli idi. Rus adı burada yaranıb və pravoslavlıq ilk dəfə bu torpaqlarda qəbul edilib. Qərbin Ukraynanı Rusiyadan alacağı çoxdan bilinirdi. Məhz buna istiqamətlənib çalışmaq əvəzinə tamam başqa qərarlar qəbul edildi. Bax, belə bir kompot meydana gəldi".
Polşalı yazıçı Zemovit Şerek isə "Novaya vremya" nəşrində yazıb ki, Qərbdə Rusiyanın təcavüzünə heç bir cavab və Rusiyanı Krımdan sıxışdırmaq üçün heç bir şansı yoxdur. Çünki Avropa vuruşmaq istəmir.
"Ukrayna ilə müharibədə Rusiyanın əsas kozırı odur ki, Kreml Avropanın onsuz da "bağışlamaq" prinsipi üzrə hərəkət edəcəyini bilir. Qərbdə, hətta Ukraynanın özündə bu faktı qəbul edirlər ki, Krım Rusiyanındır. Belə bir təəssürat yaranır ki, zəbt edilən yarımadanın sakinlərinin əksəriyyətinin razılığı Qərbi vicdan əzabından xilas edir. Rusiya getdikcə daha aydın şəkildə anlayır ki, yaranmış vəziyyəti nizama salmaq üçün Qərb onunla razılaşmalı olacaq. Qərb vuruşmaq istəmir və Rusiya bunu anlayır", - polşalı yazıçı yazıb.
Zemovit Şerek qeyd edir ki, özünü tərs və məsuliyyətsiz uşaq kimi aparacağı halda, Qərbin danışmağa hazır olacağını da Moskavada yaxşı anlayırlar.
İtaliyanın xarici işlər naziri Paolo Centilon isə deyib ki, Ukrayna Donbasa muxtariyyət verməlidir. Onun sözlərinə görə, İtaliya hər zaman Kiyevi dəstəkləyib: "Biz istəyirik ki, Rusiya ilə dialoq üçün mümkün olan qapılardan heç biri bağlanmasın. Roma Rusiyaya qarşı bütün sanksiyaları tətbiq edib, amma bunların hamısı bizə böyük itki bahasına başa gəlib". Qeyd edək ki, bundan öncə İtaliyanın İqtisadi İnkişaf Nazirliyi Rusiyaya qarşı sanksiyaların heç birini dəstəkləməyəcəklərini bildirmişdi.