Avropanın Rusiyanın hərbi təlimlərinə cavabı Dünya

Avropanın Rusiyanın hərbi təlimlərinə cavabı

NATO-ya üzv olmayan dövlətlər də Moskvaya güc göstərirlər

Cavid

Rusiya ilə Şimali Avropa və Baltik dövlətləri arasındakı daima dəyişən əlaqələri göstərmək üçün bir neçə hadisə üst-üstə düşüb. NATO-ya üzv 10 ölkə və İsveç sualtı qayıqlara qarşı döyüş imkanlarını artırmaq üçün Şimal dənizində iki həftə üçün nəzərdə tutulmuş təlim başladıblar. Həmin gün NATO-ya üzv olmayan Finlandiya 900 minə yaxın ehtiyat qüvvəyə potensial böhran vəziyyətində rolları haqqında məlumat verən məktublar göndərməyə başlayıb. İsveçin Xarici İşlər Nazirliyi isə Rusiyanın rəhbər orqanlarına rəsmi şəkildə şikayətlərini bildiriblər ki, Rusiyanın hərbi gəmiləri İsveç və Litva arasındakı sularda kabel çəkilməsi işlərini pozur. İsveç və Litvanın xarici işlər nazirləri də Kişinyovda Moldovanın Qərb tərəfdarı liderləri ilə görüşüblər.
Bütün bu hadisələr təsdiqləyir ki, Şimali Avropa və Baltik dövlətləri Rusiyanın regionda hərbi fəaliyyətinə cavab olaraq, təhlükəsizlik əməkdaşlığını gücləndirməyə çalışırlar.
"Stratfor" məsələ ilə bağlı qısa analiz aparıb.
Rusiyanın hərbi fəaliyyəti, xüsusilə də, NATO sərhədləri boyu uçuşları ötən aylarda artdı. Mart ayında Rusiyanın Qara dəniz, Baltik dənizi və Finlandiya sərhədi boyunca hərbi fəaliyyəti genişləndi, bunun bir səbəbi də Qərblə tammiqyaslı qarşıdurmanı canlandıran hərbi təlimlər idi.
Rusiya gücünü nümayiş etdirmək üçün daima regiondakı təhlükəsizlik sərhədlərinə yaxınlaşır. Mayın 3-də Latviyanın Milli Silahlı Qüvvələri Rusiyanın iki hərbi gəmisinin və bir sualtı qayığının Baltik dənizində, Latviyanın ərazi sularından 5,2 dəniz mili aralıda yerləşdirildiyi haqqında məlumat verib. Aprelin 28-də də eyni şəkildə Finlandiya donanması Helsinkiyə yaxın yerləşdirildiyi haqqında xəbər verilən şübhəli xarici sualtı qayığa xəbərdarlıq məqsədilə atəş açıb. 2014-cü ilin oktyabrında isə İsveç hərbi qüvvələri Stokholm yaxınlığında şübhəli xarici sualtı qayıq üçün böyük miqyaslı axtarış aparmışdı.
Rusiyanın Baltik və Şimali Avropa ölkələri yaxınlığındakı sularda fəaliyyəti sualtı qayıqlarla məhdudlaşmır. Rusiyanın iddialara görə, hərbi təlimlərdə iştirak edən hərbi gəmiləri eyni zamanda İsveç və Litva arasında elektrik enerjisinin ötürülməsini asanlaşdırmaq üçün nəzərdə tutulmuş "NordBalt" kabelinin çəkilişinə dörd dəfə mane olub.
Şimali Avropa və Baltik ölkələri Rusiya üçün strateji əhəmiyyət daşıyan bir regionda yerləşirlər. 2000-ci illərin əvvəlində NATO-nun Baltik ölkələrinə qədər genişlənməsi ittifaqı Sankt-Peterburqdan 130 km aralıda olmaqla, Rusiyaya daha da yaxınlaşdırdı. NATO-ya üzv olan Norveç isə ittifaqın Rusiyanın getdikcə daha çox hərbi qüvvə yerləşdirdiyi Barens dənizi və Arktikada daha fəal olmasına çalışdı.
NATO-ya üzv olmayan Finlandiya və İsveç soyuq müharibədən bəri bitərəfdirlər. Buna baxmayaraq, Ukrayna böhranı və Rusiyanın regionda hərbi fəaliyyətini artırması Finlandiya və İsveçin müdafiə strategiyalarının müzakirəsini yenidən başlatdı. Bu ölkələrdən heç biri NATO-ya qoşulmaq üçün rəsmi şəkildə müraciət etməsə də, İsveç ilk dəfədir ki, NATO-nun sualtı qayıqlara qarşı təlimlərində iştirak edir. Hər iki ölkə Rusiyanın regiondakı manevralarına qarşı regional müdafiə əməkdaşlığını gücləndirmək üçün göstərilən cəhdlərə qoşulur. Aprelin əvvəlində Finlandiya və İsveç rəsmiləri ölkələr arasında daha geniş hərbi əməkdaşlığa birgə çağırış üçün Danimarka, Norveç və İslandiyadan olan həmkarlarına qoşulublar.
Rusiyanın regionda hərbi fəaliyyətini artırması bəzi ölkələrin daxili müdafiələrini də möhkəmləndirmələrinə səbəb olub. Litva parlamenti Ukrayna böhranına birbaşa cavab olaraq hərbi çağırışın bərpa edilməsi üçün səsvermə keçirib. Finlandiyalı rəsmilər isə ehtiyat qüvvələrə məktub göndərilməsinin Rusiyanın Finlandiya sərhədləri boyu fəaliyyəti ilə əlaqədar olmadığını bildirsələr də, kampaniyanın miqyası əksini deyir.
Son olaraq, ən çox İsveç və Baltik dövlətləri olmaqla, bir sıra ölkələr Rusiyanın Mərkəzi və Şərqi Avropada apardığı əməliyyatlara qarşı geniş regional müttəfiqlik qurulması cəhdlərində yüksək səviyyədə iştirak ediblər. Mayın 4-ü İsveçin xarici işlər naziri Marqo Uolstrom və Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bu ay Latviyada keçirələcək Şərq Əməkdaşlığı sammitinə hazırlıq prosesində Moldovaya səfər ediblər. İsveç və Baltik dövlətləri eyni zamanda Ukrayna, Gürcüstan və Moldovaya Avropa İttifaqına inteqrasiya etmələri, ABŞ tərəfindən dəstəklənən ittifaq şəbəkəsi yaratmaq üçün Türkiyə və Rumıniya kimi ölkələrlə əlaqələri gücləndirmələri üçün böyük dəstək göstəriblər.
Rusiyanın Baltik və Şimali Avropa ölkələri yaxınlığında hərbi fəaliyyətinin yaxın zamanda bitəcəyi gözlənilmir. Belə fəaliyyətin kəskinləşməsi ehtimalı da azdır. Bununla belə, Rusiyanın hərbi təlimləri və əməliyyatları Rusiyanın regionda təşkil etdiyi potenisal təhlükəni daima xatırlatmağa xidmət edəcək. Ancaq yenə də Şimali Avropa və Baltik ölkələri NATO-ya üzv və qeyri-üzv dövlətlərdə müdafiə strategiyalarını gücləndirməyə və regional müdafiə üzrə əməkdaşlıq etməyə çalışacaqlar. Rusiyanın regionda apardığı təbliğatlara görə isə Finlandiya və İsveç kimi uzun müddət hərbi ittifaqlardan uzaq qalmağa çalışan ölkələr də çağırışları diqqətə alacaq.