10:59
623
“Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd etdiyimiz gün əslində min illərdən gələn türk dillərindən biridir. Çünki Azərbaycan türk xalqlarından biri olduğu kimi Azərbaycan əlifbası və Azərbaycan dili də məhz bu anlamda türklüyü ifadə etmiş olur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında türkoloq-alim Faiq Ələkbərli söyləyib.
Alim vurğulayıb ki, yaxın tarixə baxdıqda görürük ki, təxminən 100 il bundan öncə 1920-ci illərdə ərəb əlifbasından latın qrafikasına keçiddə də biz onu türk əlifbası kimi qeyd edirdik: “Bu gün isə ona Azərbaycan əlifbası deyirik. Bu da, əlbəttə, məhz Azərbaycan əlifbasının özünəməxsusluğudur. Azərbaycan əlifbası Türkiyə, özbək, qazax, qırğız, türkmən və digər türk xalqlarının əlifbası ilə yaxındır. Dilimiz də eyni kökdən qidalanır. Yəni biz türk olduğumuz üçün dilimiz də türk dillərindən biridir. Məhz buna görə də özünəməxsusluğumuzu həm əlifbada, həm də dilimizdə qoruyub saxlamaqla yanaşı, ortaq əlifbamızın da olması üçün ortaq türkcəyə doğru addımlar atırıq”.
F.Ələkbərli bildirib ki, eyni zamanda, Azərbaycan əlifbasının və Azərbaycan dilinin özünəməxsusluğu var və bunun biri digərini inkar etmir, əksinə, tamamlayır: “Yəni biz türk xalqlarının ortaq əlifbası və ortaq dili məsələsində bir-birimizi tamamlayırıq. Ona görə də həm Azərbaycan əlifbası, həm Azərbyacan dili günü mübarək olsun!”.
Röya İsrafilova