“Bu, Azərbaycan xalqının tarixində çox möhtəşəm hadisədir” Siyasət

“Bu, Azərbaycan xalqının tarixində çox möhtəşəm hadisədir”

“2001-ci il iyun ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman verdi və həmin Fərmanla da avqust ayının 1-dən Azərbaycanda artıq 10 illik təcrübədən sonra latın əlifbasına bütünlüklə keçmək qərara alındı. Cəmiyyətdə müəyyən tərəddüdlər əmələ gəlsə də, avqust ayının 1-də latın əlibasına bütün ölkə miqyasında keçildi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında akademik Nizami Cəfərov deyib.

N.Cəfərov qeyd edib ki, bunu xüsusi olaraq tarixiləşdirməkdən ötrü həmin il, yəni 2001-ci il avqust ayının 9-da Prezident Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında yeni bir Fərman verdi: “Beləliklə, o zamandan bəri, yəni artıq 25 ildir ki, Azərbaycan Respublikası latın əlifbasına keçdi. Azərbaycanın cənubunda da Azərbaycan dili fəaliyyət göstərir, amma orada hələ də yazanda ərəb əlifbası ilə yazırlar. Lakin Azərbaycan Respublikasında latın əlifbasına keçildi və bu, Azərbaycan xalqının tarixində çox möhtəşəm bir hadisədir”.

Akademik diqqətə çatdırıb ki, bu gün postsovet məkanındakı türk xalqları, onların içində türkmənlər və özbəklər də artıq latın əlifbasına keçib: “Digər türk xalqlarının da latın əlifbasına keçməsi gözlənilir. Ümumtürk latın əlifbası layihəsi hazırlanıb və gələcəkdə türk xalqlarını hamısının bu əlifbaya keçməsi, yəni bu layihəni gerçəkləşdirməsi gözlənilir”.

Röya İsrafilova