10:31
343
“Ankara siyasi və humanitar təşəbbüslərə dəstək verə, diplomatik təmasların genişləndirilməsində mühüm iştirakçı kimi çıxış edə bilər. Beynəlxalq təzyiqin formalaşdırılması baxımından da Türkiyənin rolu danılmazdır. Lakin təkbaşına Türkiyənin atəşkəsə nail olmaq imkanları məhdud görünür”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.
Ş.Həsənova qeyd edib ki, Hakan Fidan və HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Xəlil əl-Həyyan arasında görüş daha çox sülh prosesinə müsbət impuls verə biləcək diplomatik addım kimi qiymətləndirilməlidir: “Onun real və birbaşa atəşkəsə gətirib çıxaracağını indidən söyləmək çətindir. Burada əsas məsələ ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsindən, eləcə də İsrail və HƏMAS-ın kompromisə hazır olub-olmamasından asılı olacaq. Bununla yanaşı, Türkiyə Qəzzada atəşkəsin təmin olunmasını müdafiə edən ən fəal regional aktorlardan biri kimi çıxış edir”.
O bildirib ki, Ankara humanitar diplomatiyanı siyasi təmaslarla uzlaşdıraraq həm HƏMAS-la əlaqələrini davam etdirir, həm də Qərb və region ölkələri ilə dialoqun aktiv saxlanılmasında mühüm rol oynayır: “Bu istiqamətdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın rolu xüsusilə diqqət çəkir. O, Ankaranın diplomatik fəaliyyətinin əsas simalarından biri kimi müxtəlif tərəflərlə təmasların davam etdirilməsi və siyasi dialoqun qorunub saxlanılması istiqamətində mühüm fəaliyyət göstərir.
Röya İsrafilova