Abdullah Gül Ərdoğanı bitirə bilər Dünya

Abdullah Gül Ərdoğanı bitirə bilər

Seçkinin nəticələri AKP-də növbəti böhrana gətirib çıxara bilər

Cavid

Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərindən sonrakı siyası gərginlik davam etməkdədir. Hər kəs yeni hökumətin necə qurulacağını maraqla gözləyir. "Andy-Ar" araşdırma şirkətinin təhlillərinə görə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) daxilində üzvlərin 76%-i partiyaya lider kimi sabiq prezident Abdulla Gülü görür. Araşdrımalara görə, Ankara kulislərində danışılır ki, erkən seçkilər keçirələrsə, AKP-də lider dəyişikliyi qaçılmaz olacaq.
"Ərdoğan və Gül bundan əvvəl iki tənzimləyici şəxs kimi birlikdə çalışıblar. Ölkəni birlikdə idarə etməyi bacarıblar. Əgər onlar yenidən bu qayda ilə işə başlasalar seçkilərdə itirdikləri səsləri geri qaytara və təkrar seçkilərdə 47-50% səs toplaya bilərlər. Ərdoğan təkbaşına erkən seçkilərə gedəcəksə, daha çox səs itirəcək", deyə "Andy-Ar" şirkətinin prezidenti Faruk Acar bildirib.
Ötən axşam isə Türkiyə Milliyətçi Hərəkat Partiyası (MHP) rəhbərlik divanının iclası keçirilib. Daha əvvəl kəskin şəkildə partiyası üçün bütün koalisiya qapılarının bağlayan MHP sədri Dövlət Baxçalı bu dəfə verdiyi yumşaq bəyanatla diqqəti cəlb edib. Bu istiqamətdə partiyasının "qırmızı xətti"ni açıqlayan Baxçalı bütün formulları nəzərdən keçirəcəyini açıqlayıb. MHP başqanı, bu şərtlər daxilində AKP ilə və ya başqa formul çərçivısində fərqli bir koalisiya modeli barədə fikirləşə biləcəklərini qeyd edib. Qeyd edək ki, bu həftə sonu MHP rəhbərliyi vilayət şöbələrinin sədrləri, bələdiyyə başçıları və 80 millət vəkili ilə koalisiya istiqamətində məsləhətləşmələr keçirəcək.
Politoloq Qabil Hüseynli hesab edir ki, Səlahəddin Dəmirtaş və onun partiyası parlamentdə yer aldıqdan sonra Türkiyəyə Abdullah Öcalanın rəhbəri olduğu PKK-nın yaşatdığı dövrdən daha acı bir zaman yaşadacaq. Onun sözlərinə görə, HDP tezliklə Türkiyədən federasiya tələb edəcək: "Bu partiya parlamenti bir növ döyüş meydanına çevirəcək. Bu partiya Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığı dəyərləndirə bilmir. Azlıqda olan bir xalqın nümayəndəsi olsa da o, Türkiyə vətəndaşıdır. O, Türkiyə əvəzinə Ermənistanı müdafiə etməli deyil. Belə hesab edirəm ki, Dəmirtaşın Qarabağın Türkiyənin məsələsi olmaması, ermənilərdən və Ermənistandan "soyqırım"a görə üzr istənilməsi ilə bağlı çıxışlarına görə, partiyanın bağlanması haqqında məsələ qaldırılmalıdır. Çünki bu, Türkiyənin milli, strateji maraqlarına qarşı yönəlib. Mən güman edirəm ki, bu iqtidarın içindən bir nəfər çıxıb, Dəmirtaşın cavabını verəcək. Əks təqdirdə Dəmirtaş daha uzağa gedəcək və Ankaradan federasiya istəyəcək, kürd dilinə dövlət dili statusu qazandırmağa çalışacaq. Bu, partiyanın proqramında da var. Onun qarşısının alınması üçün indidən tədbir görülməlidir".
Q.Hüseynli Qərbin indiyə qədər kürdlərdən Türkiyəyə qarşı istifadə etməyə çalışdığını bildirib: "İndiyə qədər ermənilərlə bərabər kürdlərdən də istifadə etməyə çalışıblar. Bu dəqiqə Qərbin çox ölkəsi bundan istifadə etməkdədir. HDP-nin baryeri aşıb parlamentə girməsini zəfər kimi dəyərləndirirlər. Halbuki kürdlərin qələbəsində Atatürkün partiyası olan CHP-nin rəhbəri Kamal Kılıçdaroğlunun da böyük rolu olub. Kılıçdaroğlunun özü də kürddür. Öz məmləkəti Tuncelidə o ən azı iki yeri HDP-yə güzəştə getdi ki, baryeri keçə bilsin. Başqa yerlərdə də məhz onun partiyasının səyləri nəticəsində səslər HDP-yə axdı".