“140 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının, jurnalistikasının qarşısında həmişə bir problem olub” Hadisə

“140 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının, jurnalistikasının qarşısında həmişə bir problem olub”

Akif Aşırlı: "Elə "Əkinçi" qəzeti yarananda Həsən bəy Zərdabinin əleyhinə yazan erməni "Muşaq" qəzetinin redaktoru idi"

"Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı verdiyiniz Sərəncama, Azərbaycan jurnalistikasına göstərdiyiniz diqqətə və qayğıya görə məxsusi olaraq Sizə dərin təşəkkürlərimi bildirirəm. Məndən öncə çıxış edən Əflatun Amaşov Azərbaycan mətbuatının keçib gəldiyi tarixi yola qısa bir ekskurs etdi və müasir jurnalistikamızın problemləri ətrafında da fikir və mülahizələrini bildirdi, ən çox da ənənələrdən danışdı. Təbii ki, bu ənənələri formalaşdıran böyük şəxsiyyətlərdir, böyük ziyalılardır. Biz o şəxsiyyətləri, o ziyalıları daim hörmətlə anırıq. Hesab edirəm ki, Azərbaycanda ənənələrin formalaşmasında məxsusi rolu olan ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev Azərbaycan jurnalistlərinin çox yaxın dostu idi. Ulu öndər Heydər Əliyev bizim bütün problemlərimizə çox həssas yanaşan, onları diqqətlə öyrənən və bu problemlərin həlli yolunda çox ciddi addımlar atan böyük dövlət xadimi idi".
Bunu Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı çıxış edərək bildirib.
Onun sözlərinə görə, 1990-cı illərin sonlarında cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, mətbuatımızda da böhranlı hallar yaşanırdı:"Bu böhranı aradan qaldıran, bizi böhrandan çıxaran Ümummilli Liderimiz oldu. Həmin dönəmdə problemlərin bir çoxu kütləvi informasiya vasitələri haqqında mükəmməl qanunların olmaması ilə bağlı idi. Çox qısa müddət ərzində kütləvi informasiya vasitələri haqqında nəinki Azərbaycanda, MDB məkanında, hətta Avropa ölkələrinin qanunvericilik bazasından da daha yaxşı, daha humanist və daha demokratik qanunlar külliyyatı qəbul olundu. Senzura ləğv edildi, bizim "Azərbaycan" nəşriyyatına olan borclarımız birdəfəlik silindi, bu proses dayandırıldı. Ulu öndər Heydər Əliyev, ümumiyyətlə, Azərbaycanda mətbuat üçün yeni bir ənənənin də əsasını qoydu. Bu, mətbuat gününün və mətbuatımızın yubileylərinin dövlət səviyyəsində keçirilməsi ənənəsi idi. Azərbaycan mətbuatının 125 illiyi 2000-ci ildə məhz Ümummilli Liderimizin Sərəncamı ilə çox yüksək səviyyədə keçirildi. Ulu öndərimiz Heydər Əliyevlə bizim çox görüşlərimiz olub. Biz onun tövsiyələrini həssaslıqla qəbul etmişik. Biz Ulu Öndərin mətbuata diqqət və qayğısını həmişə yüksək dəyərləndirmişik. Biz həmin görüşlərin təəssüratını həmişə yaşatmışıq və yaşadacağıq. Çünki bu, biz jurnalistlərin fəaliyyəti üçün çox böyük önəm kəsb edir".
"Mən istərdim ki, ilk dəfə mətbuatın yubileyinin keçirilməsi mərasiminə toxunam və kiçik bir xatirə danışım. Biz keçmiş "Moskva" mehmanxanasının birinci mərtəbəsindəki salonda yığışmışdıq və Ümummilli Liderin zala daxil olmasını gözləyirdik. Həmin salonun bir neçə istiqamətdə qapıları var idi. Biz də hesab edirdik ki, Ümummilli Lider ya ön qapıdan gələcək, ya da arxa qapıdan. İndi burada əyləşən həmkarlarımın bir çoxu orada idi. Biz yan qapının ağzında dayanıb, gözləyirdik. Bir də baxdıq ki, qapı açıldı və Ümummilli Lider göründü. Qapı ilə bizim aramızda məsafə çox az olduğundan bizim üçün daxili bir gərginlik yarandı. Ulu Öndər bizə yaxınlaşdı. O müdrik insan bayramımızı təbrik etdi və görünür, üzümüzə baxıb gərginlik keçirdiyimizi hiss etdi və bizimlə söhbət etməyə başladı. Hətta bizə zarafatyana suallar verdi. Çox qısa bir zamanda bizim daxili gərginliyimiz aradan qalxdı. O söhbətdə, o görüşdə, cənab Prezident, bizim yaddaşımızda daim yaşayacaq bir məsələnin şahidi olduq. Ulu Öndər ölkədə çıxan və ictimai rəyə təsir imkanı olan bütün qəzetləri, onların baş redaktorlarını tanıyırdı. Hətta, adbaad tanıyırdı. Bu, bizim üçün böyük məsuliyyət idi. Biz bu məsuliyyəti dərk edərək öz işimizdə daha dəqiq, daha ciddi olmağa çalışırdıq. Cənab Prezident, Siz hakimiyyətə gələndə ilk aylarda Türkiyə qəzetlərinin birinə belə bir müsahibə vermişdiniz. Mən dövlət idarəçiliyi ilə bağlı hər hansı bir qərar qəbul edəndə, sənədə imza atanda fikirləşirəm ki, Ümummilli Lider görəsən bu məsələni, bu problemi necə həll edərdi. Mən az-çox ictimai rəyi bilən bir insan, Sizin fəaliyyətinizi çox yaxından izləyən, müxtəlif yönlərdən siyasi şərhlər verən bir qəzetin yazarı, sıravi bir qələm adamı kimi deyirəm: Sizin dövlət idarəçiliyi ilə bağlı verdiyiniz hər bir qərar, sənədə atdığınız imzalar Ümummilli Liderimizin imzalarının davamıdır. Məhz buna görə biz Sizə təşəkkür edirik. Siz daxilən, ruhən demokratik insansınız. Burada elə bir atmosfer yaradırsınız ki, biz çəkinmədən alternativ fikirlərimizi, ürəyimizdən gələn fikirləri səmimi şəkildə Sizə çatdırırıq. Bu, Sizin daxili demokratizminizdən, bizə, Azərbaycan ziyalılarına, qələm sahiblərinə olan hörmətinizdən doğur", - ", Aşırlı qeyd edib.
Onun sözlərinə görə, ötən dəfə də elə bu zalda müxtəlif təkliflərlə çıxış ediblər.
"Bu təkliflər öz həllini tapdı. Artıq ali məktəblərin jurnalistika fakültəsinə daxil olan müəllim tələbəyə sual ünvanlamır ki, sən jurnalist olmaq istəyirsən, ya yox? Çünki əvvəlcə qabiliyyət imtahanı yox idi. Jurnalistikaya çox təsadüfi adamlar – hüquq, beynəlxalq münasibətlər fakültələrinə balı çatmayan abituriyentlər diplom xatirinə gəlirdilər. Artıq bu problem aradan qaldırıldı. Həm Mətbuat Şurası, həm Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, həm KİVDF, həm baş redaktorlar bu seçim prosesində çox şəffaf, azad şəkildə iştirak edir və bizim gələcək kadrların daha peşəkar, daha savadlı olması üçün əllərindən gələni edirlər. Burada ahıl jurnalistlərlə bağlı məsələ qaldırılmışdı. Cənab Prezident, bizim ağsaqqal həmkarımız Yusif Kərimov indi Mətbuat Şurasında müxtəlif layihələr həyata keçirir. Özünü jurnalistikaya həsr edən, Azərbaycan mətbuatının inkişafında məxsusi yeri olan, sadəcə indi səhhətindəki problemlərlə əlaqədar cəmiyyətdə baş verən proseslərə qatıla bilməyən və diqqət–qayğı uman ahıl jurnalistlər evlərində ziyarət olunurlar. Onların problemləri öyrənilir və həlli istiqamətində addımlar atılır. Cənab Prezident, biz belə problemlərimizin daha sürətli, daha çevik həlli üçün Sizə bir daha təşəkkür edirik. Biz Sizi özümüzə dost seçmişik və çox istərdik ki, Siz bizim daim dostumuz olasınız. Çünki Əflatun Amaşov burada bizim yeni mediamızın gətirdiyi yeni problemlər ətrafında söhbət açdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində işlərimizi sürətləndirmək üçün inanırıq ki, Sizin tərəfinizdən zəruri tədbirlər görüləcək. Əminik ki, əvvəlki problemlərimiz kimi, bu problemlərin də həllinə Siz öz yardımınızı, köməyinizi göstərəcəksiniz. Cənab Prezident, biz çox istərdik ki, bir daha deyirəm, həmişə bizim dostumuz olasınız. Çünki bu dostluq bizim problemlərimizin həllində mühüm rol oynayır", ", Aşırlı qeyd edib.
Prezident İlham Əliyev bildirib: "Yəni, bu, təmənnalı dostluqdur, eləmi?"
Akif Açırlı bildirib: "Təmənnalı dostluq deyil. Təbii ki, dostluq birtərəfli deyil, dostluğun iki tərəfi olur. Biz də çalışırıq ki, Azərbaycan həqiqətlərinin, milli maraqlarımıza söykənən fikirlərinizin, ideyalarınızın, yürütdüyünüz müstəqil siyasətin dünyaya çatdırılması istiqamətində imkanlarımızı səfərbər edək, bu yolda fəaliyyət göstərək. Siz burada media haqqında həm nəzəri, həm də təcrübi fikirlərinizi söylədiniz. Təbii ki, media cəmiyyəti təkcə maarifləndirmə, yönləndirmə institutu deyil, həm də cəmiyyəti öyrənmə institutudur. Biz cəmiyyət içərisində oluruq və ayrı-ayrı təbəqələrlə ünsiyyət qururuq. Onların yazılarını çap edirik. O insanların ümumi fikri bundan ibarətdir ki, Siz Azərbaycanın müstəqilliyi ideyasından bir addım kənara çəkilməmisiniz. Bu, böyük fədakarlıqdır. Bu fədakarlığa görə Sizə "Çox sağ olun!" deyirik. Azərbaycan artıq özünü, öz müstəqil dövlətçilik tarixini dünyaya təqdim edib. Bakı indi artıq dünyanın, Qərb ölkələrinin dialoq mərkəzinə çevrilib. Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsi buna əyani sübutdur. Yeri gəlmişkən, orada Sizin media haqqında dediyiniz bir fikri xatırlatmaq istəyirəm. Siz orada dediniz ki, media dördüncü hakimiyyət deyil, media artıq birinci hakimiyyətdir", - Aşırlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan təkcə humanitar, iqtisadi sahələrdə deyil, idman sahəsində də öz sözünü deyir. Əflatun Amaşov ilk Avropa Oyunları ilə bağlı öz fikirlərini çatdırdı. Oyunlar zamanı Azərbaycan xalqı yekdil bir mövqe tutdu, dövlətini, dövlətçiliyini və Sizin yürütdüyünüz siyasəti dəstəklədi. Bu, məhz xalqımızın uğurudur, cənab Prezident, Sizin uğurunuzdur.
"Cənab Prezident, indi 140 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının, jurnalistikasının qarşısında həmişə bir problem olub. Elə "Əkinçi" qəzeti yarananda Həsən bəy Zərdabinin əleyhinə yazan erməni "Muşaq" qəzetinin redaktoru idi və Həsən bəy də işini-gücünü atıb buna cavab verirdi. 140 ildir ki, artıq bu problem Azərbaycan jurnalistlərinin, jurnalistikasının qarşısındadır. Çox xoşdur ki, bu gün Azərbaycanda peşəkar jurnalist ordusu, söz ordusu var. Vətənimizə söz ilə güllə atan o insanlara biz layiqli cavablarını veririk. Siz də Ali Baş Komandan kimi hansı bir məqamdasa bizi torpaqlarımızı işğaldan azad etməyə çağırsanız rahat redaksiyalarımızı səngərə dəyişməyə, səngər qəzetləri çıxarmağa, yeni medianın imkan verdiyi formatda bunu etməyə hazırıq. Hesab edirəm ki, Azərbaycan tarixində bunun örnəkləri olub. İkinci Dünya savaşında bizim jurnalistlərimiz məhz bu cür davranıblar. Cənab Prezident, bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm", - Aşırlı qeyd edib.
Prezident İlham Əliyev bildirib: "Sağ olun. Biz burada səslənən fikirləri ümumiləşdirib, qərar qəbul edəcəyik. Çox dəyərli fikirlər, təkliflər səslənib".