Azərbaycanda 3 min şəxs mina qurbanı olub Hadisə

Azərbaycanda 3 min şəxs mina qurbanı olub

Ötən bir il ərzində dünyada yalnız iki dövlət (Suriya, Myanma) və bir separatçı qurum (Dağlıq Qarabağ) tərəfindən minaların istifadə olunması faktı qeydə alınıb.
Bunu keçirdiyi mətbuat konfransında dünyadakı mina problemlərinə həsr olunmuş "Landmine Monitor Report 2014" hesabatını açıqlayan Minalar Əleyhinə Azərbaycan Kampaniyası (MƏAK) İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Onun sözlərinə görə, bu gün Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya təşkilatı dünyanın 20 şəhərində "Landmine Monitor Report 2014" hesabatını təqdim edir. Bu hesabat 1 sentyabr 2013 – 30 oktyabr 2014-cü il tarixlərinində dünyada minalar və partlamamış hərbi sursatlarla (PHS) əlaqədar görülmüş işləri əks etdirir.
Hesabatda qeyd olunur ki, hal-hazırda dünya ölkələrinin 80%-dən çoxu (162 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) üzvüdür. Dünyada 54 ölkədə minaların təmizlənməsi əməliyyatları aparılıb və 185 kvadrat kilometrlik ərazi təmizlənib. Minalar Əleyhinə Konvensiyanın qəbul olunmasından sonra 48 milyon ədəd mina və PHS məhv edilib ki, bunun da 1 milyon ədədi son hesabat dövrünə təsadüf edir. Konvensiyaya üzv olmayan 9 dövlət – Çin, Hindistan, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Sinqapur, Cənubi Koreya və ABŞ minaların ixracına rəsmi moratorium qoyublar. Hal-hazırda yalnız 11 ölkədə minaların istehsalı qeydə alınıb. Əvvəllər isə onlar 50 ölkədə istehsal olunurdu.
Hesabat dövründə dünyanın 52 ölkəsində və 3 tanınmamış ərazidə 3308 nəfərin mina və PHS qurbanı olduğu qeydə alınıb ki, bu da ötən hesabat dövrü ilə (4325 nəfər) müqayisədə 24%-lik azalma deməkdir. Lakin hesabatda bildirilir ki, bəzi ölkələrdə mina və PHS qurbanlarının hamısı qeydə alınmır və beləliklə də rəqəmin daha çox olması ehtimal olunur. Qeydə alınmış mina və PHS qurbanlarının 79% mülki şəxslər olub ki, onların da 46%-ni uşaq və qadınlar təşkil edir.
Hafiz Səfixanov qeyd edib ki, MƏAK tərəfindən aparılan tədqiqatların nəticələrinə görə, Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olub. Mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir. Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur.
Onun sözlərinə görə, təşkilatın mina və kasetli silah qurbanları şəbəkəsinin imkanlarının artırılması və onların minaların və kasetli silahların qadağan olunması konvensiyalarına cəlb olunması layihəsi başa çatıb. Norveç höküməti tərəfindən maliyyələşdirilən və büdcəsi 20000 ABŞ dolları olan bu layihə 2013-cü il noyabrın 1-dən başlayıb və 2014-cü il noyabrın 30-da sona çatıb. Layihə çərçivəsində Füzuli, Beyləqan və İmişli rayonlarının ərazisində yaşayan bütün kateqoriyadan əlilliyi olan insanların hüquqi maarifləndirilməsi həyata keçirilib.
Layihə çərçivəsində 2 əlil şəxsə əlil arabasının və 18 nəfərə ortopedik məmulatların verilməsi üçün aidiyyəti nazirliyə müraciət edilib, 12 nəfər əlil ambulator şəkildə müalicə alıb, 8 nəfər ünvanlı sosial yardımla təmin edilməsi, 7 nəfərin pensiya almaq hüququ, 1 nəfər Qarabağ əlilinin növbədənkənar mənzil almaq hüququnun təmin edilməsi, 24 nəfərin əlillik dərəcələrinin dəyişdirilməsi üçün üçün aidiyyatı hökümət orqanlarına müraciət edilib.
O, həmçinin qeyd edib ki, onlar mina qurbanları üçün kiçik biznesin yaradılmasi layihəsini də başa çatdırıblar. İsveçrənin Mina Qurbanlarına Yardım Fondu tərəfindən maliyyələşdirilən bu qrant layihəsinin büdcəsi 12070 avro olub. Layihə 2007-ci ildən başlayaraq həyata keçirilib və 5 fazadan ibarət olub. Bu ilin iyun ayında isə sona çatıb. Layihə çərçivəsində Füzuli, Tərtər, Tovuz rayonlarında və Gəncə şəhərində yaşayan 31 nəfər mina qurbanına faizsiz maliyyə vəsaiti verilib, onlara özlərinin kiçik bizneslərini təşkil etmık üçün hüquqi və iqtisadi məsələlərə dair məsləhətlərin verilməsi təşkil olunub. Mina qurbanlarının təqdim etdiyi biznes planlarına əsasən, onlar kiçik və iri buynuzlu mal-qaranın kökəldilməsi, süd istehsalı, arıçılıq, quşçuluq və balıqçılıq sahələrində fəaliyyət həyata keçiriblər.