Ölümə və terrora çağıranların “ifadə azadlığı” Hadisə

Ölümə və terrora çağıranların “ifadə azadlığı”

Aprelin 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda dəyirmi masa keçirilib.

Yerli media orqanlarının rəhbər şəxslərinin iştirak etdikləri tədbirdə müasir dövrdə mediadakı problemlərdən, dezinformasiyaların artmasının mənfi təsirlərindən danışılıb, həmçinin bu hala qarşı mübarizə üsullarından bəhs olunub.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçən tədbirdə çıxış edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Teresa Ribeiro bildirib ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi mürəkkəb bir dövrdə yaşayırıq. Belə bir dövrdə media azadlığı, dezinformasiya məsələsi aktuallıq kəsb edir. Smartfonların tətbiqi yanlış məlumatların daha geniş yayılmasına gətirib çıxarır. Bu da təbii olaraq insanlarda etibarsızlıq yaradır. Peşəkar mediaya etibarın sarsılması isə bir sıra problemlərə səbəb olur.

Jurnalistikanın üzərinə düşən vəzifəni icra edə bilməməsinin fəsadlarla nəticələndiyini deyən Teresa Riberio qeyd edib: “Media azadlığı olmadan təhlükəsizlik ola bilməz. Məlumatların cəmiyyətə ətraflı, obyektiv və qərəzsiz ötürülməsi peşəkar jurnalistikada əsas amildir. Dezinformasiyaya qarşı mübarizədə şəffaflıq, cəmiyyətdə mediaya inam təmin olunmalıdır. Söz, fikir azadlığı, jurnalistin toxunulmazlığı, təhlükəsizliyi qorunub saxlanmalıdır. Media savadlılığı çox mühüm şərtdir”. ATƏT rəsmisi vurğulayıb ki, Azərbaycana səfərdə məqsəd media azadlığının təmin edilməsinə, dezinformasiyaya qarşı mübarizəyə kömək etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda "Media haqqında" yeni Qanun qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni Qanunun qəbul edilməsində məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsində bir çox məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların əksini tapdığını deyib. Diqqətə çatdırıb ki, KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqət çəkir.

“Yeni Qanun media sahəsində boşluqları doldurmaqla bərabər, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə, media üçün əlverişli mühitin yaradılmasının təminatçısıdır”, - deyən MEDİA-nın İcraçı direktoru əlavə edib ki, hazırda internet mediası və rəqəmsal mühit mövcuddur. Dezinformasiyanın yayılmasında sosial şəbəkələr öz rolunu oynayır.

Dezinformasiyaya qarşı mübarizədə hüquqi mexanizmlərdən danışan Əhməd İsmayılov vurğulayıb ki, medianı həm də ictimaiyyət formalaşdırır.

Sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sədri Azər Xəlilov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli medianın ictimai münasibətlərin formalaşdırılması, informasiyalı cəmiyyətin qurulmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Qeyd olunub ki, media öz dövrünün güzgüsüdür və artıq cəmiyyət özü dezinformasiyanın yayıcısına çevrilib. Onlar dezinformasiyanın qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə edilməsini və maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, təməl prinsiplərə əməl olunmayanda cəmiyyətdə etimadsızlıq yaranır. Jurnalist müstəqil olmalıdır və feyk xəbər yazan media nümayəndələrinə qarşı tədbir görülməlidir.

“Dəyərlər gözdən düşəndə radikalizm aparıcı faktora çevrilir”

Dəyirmi masada “İnternet məkanı da əhatə edilməklə, mədəniyyətlər arasında tolerantlığın, hörmət və qarşılıqlı anlaşmanın, barışıq və dinc birgəyaşayışın təşviqində, təcavüzkar millətçilik, irqçilik, şovinizm, ksenofobiyanın qarşısının alınması və onlarla mübarizədə, o cümlədən yanlış təsəvvürlərin, qərəz və nifrət nitqinin aradan qaldırılmasında medianın rolu” mövzusunda etdiyim çıxışın yayımlanmadığını nəzərə alıb, mövzu ilə bağlı fikirlərimi “Xalq cəbhəsi” qəzetinin oxucularına təqdim edirəm:

“Bu gün haqqında söz açacağım problemlər, müəyyən fərqlərlə ATƏT məkanına daxil olan bütün ölkələrdə, o cümlədən sərhəd tanımayan internet məkanında özünü, getdikcə daha qabarıq şəkildə büruzə verməkdədir. Bəşəriyyət inkişaf etdikcə, informasiya və kommunikasiya vasitələrinin sürətli inkişafı ünsiyyət üçün yeni imkanlar yaratdıqca, tamamilə əks bir prosesin – təcavüzkar millətçilik, irqçilik, şovinizm, ksenofobiya və mədəniyyətlərarası ziddiyyətlərin dərinləşməsinin şahidi oluruq. Geosiyasi maraqların ön plana keçdiyi, beynəlxalq hüququn norma və prinsiplərinin ikili standartların girovuna çevrildiyi müasir dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, qarşılıqlı hörmət və anlaşmanın, sülhün və birgəyaşayışın təşviqi təəssüf ki, populyar deyil. Qlobal media şəbəkələrində və sosial platformalarda qarşı-qarşıya gələn maraqların yaratdığı aqressiv və barışmaz mühit insanlığı birləşdirən, birgəyaşayışın əsasını təşkil edən bütün dəyərlərin arxa plana keçməsinə zəmin yaradır. Uzun illər boyu aqressiv separatizmə, işğalçılığa, terrorizmə, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxaran müharibə cinayətlərinə, vandalizmə münasibətdə sərgilənən ikili standartlar, “yaxşı işğalçı - pis işğalçı”, “yaxşı separatçı - pis separatçı”, yaxşı terrorçu – pis terrorçu” anlayışlarının müxtəlif siyasi və geosiyasi müraqlar müstəvisindən dəyərləndirilməsi və təbii ki, bütün bunların qarşılığılığında formalaşan cəzasızlıq mühiti yeni müharibələrə yol açan separatizm hərakatlarının, işğalın, təcavüzkar ritorika və davranışların stimullaşdırılmasına, hətta mükafatlandırılmasına imkan verir. Baş verənlərə ədalətli və obyektiv münasibət bəslənilmədikdə, sülhün, təhlükəsizliyin təmin edilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına görə məsuliyyət daşıyan beynəlxalq təsisatlar tərəfə çevrildikdə və yaxud buna vadar edildikdə təcavüzkar ritorikaya qarşı məcburiyyətdən doğan, müdafiə xarakterli, amma sərt və aqressiv əks-ritorika formalaşır ki, bu da dialoq imkanlarının tamamilə aradan qalxmasına, barışmazlıq mühitinin daha da dərinləşməsinə, düşmənçiliyə zəmin yaradır. Əksər hallarda qərəz və nifrət nitqi, yalnış təsəvvürlər də ayrı-ayrı cəmiyyətlərə kənardan ötürülən streotiplər, siyasi, iqtisadi və digər bu kimi maraqların ictimai rəyə məqsədyönlü şəkildə, həmçinin müxtəlif məzmunlu kontentlərin tərkib hissəsi kimi təqdim etdiyi informasiyalar əsasında formalaşır.

Son vaxtlar nəzərə çarpan təhlükəli məqamlardan biri də nifrət və qərəz nitqinin, ksenofobiya, irqçilik, təcavüzkar millətçiliyin öncəki illərdən fərqli olaraq, sosial və siyasi ritorika ilə pərdələnməsidir. Nifrət və qərəz nitqinə, ksenofobiya, irqçilik və digər bu kimi əzici amillərə qarşı hüquqi və inzibati mexanizmlər təkmiləşdikcə, sözügedən neqativ faktorların simasının, obrazının dəyişdiyinin, manipulyativ xarakter aldığının, məsələn, təcavüzkar millətçiliyin açıq mətndən eyhama keçdiyinin şahidi oluruq. Və təəssüf ki, bir çox hallarda sosial, siyasi ritorika altında gizlənən nifrət nitqi, aşırı millətçilik və ksenofobiya söz və ifadə azadlığından, həmçinin insanların patriotik hisslərindən məharətlə istifadə edərək, real, yaxud virtual məkana nifrət toxumları səpməyə nail olur. Bu kimi hallara qarşı ikili münasibət, söz, mətbuat və ifadə azadlığı, eləcə də digər fundamental hüquq və azadlıqların müdafiəsi təşkilatlarının ədalətsiz, qeyri-obyektiv davranışları bu sahədə mövcud olan problemlərin həllinə maneə yaradır və dolayısıyla qərəz, nifrət nitqinin, ksenofobiyanın, mədəniyyətlərarası ziddiyyətlərin vüsət almasına zəmin yaradır.

Nümunə olsun deyə, son günlər qondarma erməni soyqırımı ilə bağlı baş verən hadisələrə diqqət çəkmək istəyirəm: Ermənistanda Azərbaycan və Türkiyənin bayraqları “türklərə və azərbaycanlılara ölüm” şüarları altında yandırılır. Ermənistan mediası azərbaycanlıları məhv etməyə çağırışlar səsləndirir, sosial media platformalarında bu nifrət aksiyaları təbliğ olunur, kütləvi şəkildə yayımlanır, amma nə beynəlxalq təşkilatlar, nə də sosial şəbəkə platformalarının idarəçiləri baş verənlərə reaksiya vermirlər. Sanki belə də olmalıdır və insanları azərbaycanlıları məhv etməyə, terrora, vandalizmə səsləyən çağırışlar təcavüzkar millətçiliyin, irqiçiliyin, nifrət nitqinin təzahürü deyil, ölümə və terrora çağıranların söz və ifadə azadlığıdır.

Təxminən 1 il öncə Feysbuk platformasında Ermənistan vətəndaşlarının haqqında söz açdığım çağırışlarına qarşı etirazıma görə, heç bir əsas gətirilmədən xəbərdarlıq almışdım. Amma nədənsə azərbaycanlıların, o cümlədən mənim bu qəbildən olan etirazlarıma bu qədər diqqətlə yanaşıldığının şahidi olmamışam. Bu sıradanbir və az qala hər gün qarşılaşdığımız, təəssüf ki, alışdığımız nümunədir. Belə nümunələrin sayını artırmaq və daha qlobal, daha qabarıq olanlarını da sadalamaq mümkündür. Biz azərbaycanlılar torpaqlarımızın Ermənistanın işğalı altında olduğu 30 ilə yaxın zaman kəsiyində bir milyona yaxın həmvətənimizin fundamental hüquq və azadlıqlarının pozulmasına beynəlxalq təşkilatların vicdan əzabı və məsuliyyət hiss etmədən necə seyrçi qaldıqlarının şahidi olmuşuq və təəccüblənmirik. Bütün bunlar isə olduqca mənfi tendensiyaların yaranmasına imkan verir və artıq dünyanın müxtəlif ölkələrində bunun təzahürlərini görməkdəyik. Fundamental insan hüquq və azadlıqlarının, o cümlədən söz, ifadə və mətbuat azadlığının müdafiəçisi kimi çıxış edən təşkilatlara olan etimad mühiti tamamilə tükənib. Və çox təəssüf ki, bu yanaşma onların təbliğ etdiyi dəyərlərə sirayət edir. Dəyərlər gözdən düşəndə isə sağlam düşüncənin, ümumbəşəri ideyaların, tolerantlığın, mədəniyyətlərarası dialoqun yanında yer alanların immuniteti zəifləyir və radikalizm bütün istiqamətlərdə aparıcı faktora çevrilir.

Şübhəsiz ki, bütün bu neqativ amillərin qarşısının alınması üçün müvafiq hüquqi mexanizmlərin, meyar və sərhədlərin müəyyənləşdirməsi, tətbiq edilməsi mümkündür. Amma bu, yalnız bütün dünyada, ən azı sivil dünyada təcavüzkar millətçiliyə, radikalizmə, irqçilik, ksenofobiya və digər bu kimi təzahürlərə qarşı vahid və tərəfsiz bir hüquqi yanaşmanın, o cümlədən vahid virtual hüquqi mexanizmlərin formalaşdığı və tətbiq edildiyi zaman ortaya çıxa bilər. Media bu prosesdə yalnız vasitəçi missiyasını yerinə yetirə bilər. Media ayrıca bir suyekt olaraq, öz-özlüyündə dəyər yaratmır. O sadəcə dəyərlərin daha geniş kütləyə çatdırılmasında iştirak edir. Media özünütənzimləmə mexanizmləri əsasında üzərinə insan hüquq və azadlıqlarının qorunması, artıq haqqında söz açdığım neqativ hallara yol verilməməsi ilə bağlı könüllü öhdəliklər götürə bilər. Necə ki, Azərbaycanda Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən əksər media resursları öz üzərinlərinə həm peşə etikasından, həm fundamental insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq konvensiyalardan, həm də ölkə qanunvericiliyindən irəli gələn könüllü öhdəliklər götürüblər. Bu proses davam etməkdədir və eyni konsepsiyanın ATƏT məkanında da tətbiqinin tövsiyyə edilməsi heç də pis olmazdı....

Elçin Mirzəbəyli

Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru