“Radikalların sosial dayaqları yoxdur” Hadisə

“Radikalların sosial dayaqları yoxdur”

Mübariz Qurbanlı:" Cəmiyyətin dünyəvi dünyagörüşünün yüksək olması hansısa xurafata inanmağa imkan vermir"


Dini intellektual səviyyənin yüksəlməsi üçün kütləvi informasiya vasitələrində İslam dini haqqında həqiqi bilgini insanlara çatdırmalıyıq. Hansı ölkədə bu işlər görülürsə insanların yad və zərərli təsir altına düşmə ehtimalı azalır.
Bu fikirləri mətbuata açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
"Azərbaycanda bu baxımdan sabitlikdir, radikalların sosial dayaqları yoxdur. Cəmiyyətin dünyəvi dünyagörüşünün yüksək olması hansısa xurafata inanmağa imkan vermir. Amma arxayınlaşmaq da olmaz" -deyən M.Qurbanlı mətbuata açıqlamasında bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılır.
Komitə sədrinin sözlərinə görə, dini maarifləndirmə sahəsində xeyli işlər görülüb. Ancaq bu, ardıcıl olaraq davam etdirilməlidir.
M.Qurbanlı bildirib ki, komitə cari ilin birinci yarısında milli maraqlarımıza zidd olan, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirmə tədbirlərinə üstünlük verib.
"Qafqaz Müsəlmanları İdarəsi imamlar, axundlar, din xadimləri üçün təkmilləşdirmə kursları təşkil edib. Məscidlər irfan, mədəniyyət mərkəzinə çevrilməlidir, axundlar və imamlar təkcə dini yox, dünyəvi bilgilərə də malik olmalıdır.
Görülən işlər müsbət nəticələr verməkdədir. Mən məscidlərə gedirəm, xütbə kitablarına baxıram və artıq yeni nəsil yetişdiyini görürəm. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin, eləcə də Bakı İslam Universitetinin tələbələrindən yüksək mütəxəssislər yetişir.
Onlar yüksək biliklərə sahib din xadimləri kimi formalaşırlar. Doğrudur, hələ də xarici təsirlər var və onlar məscidlərə də girmək istəyirlər. Amma biz buna yol verməyəcəyik. Biz çalışmalıyıq ki, vətəndaşlarımız İslam dəyərlərini dərindən öyrənsin"- deyə, M. Qurbanlı vurğulayıb.