Artan avtobus qəzaları... Hadisə

Artan avtobus qəzaları...

Yol-nəqliyyat hadisələri arasında avtobus qəzaları üstünlük təşkil edir. APA TV-nin məlumatına görə, qəzaları qaçılmaz edən əsas səbəblər avtobusun çox vaxt yüksək sürətlə idarə olunması, digər nəqliyyat vasitələri ilə aparılan ötmə əməliyyatı və sürücülər tərəfindən kobud şəkildə pozulan digər yol hərəkət qaydalarıdır. Sükan arxasında oturan şəxsin özü ilə bərabər onlarla insanın həyatı üçün məsuliyyət daşıdığını hiss etməməsi, sonda kimlərinsə, həyatı bahasına başa gəlir. Elə sərnişinlər də bu fikirdədir...

"Sürücü məsuliyyətsizliyi nəqliyyat sahəsində ən vacib məsələlərdən biridir. Yerli-yersiz ötüşürlər. Unudurlar ki, insan aparırlar. sürücülər ümumiyyətlə çox diqqətli olmalıdırlar. Çünki onlarla insanı mənzil başına sağ-salamat çatdırmaq onların vəzifə borcudur".

Şəhər sakini Sədaqət Məhərrəmova deyir ki, ölkəyə çoxlu sayda avtobuslar gətirilsə də, bu sahədəki nöqsanlar qurtarmaq bilmir. Xüsusilə də sürücü mədəniyyəti problemi və avtobuslardakı natəmizlik şəraiti...

"Gün ərzində bir-iki marşrut dəyişməli oluram. Axı biz bu avtobuslara evdən təmiz paltarlarla gəlib minirik. Qarajdan çıxanda sürücülər təmizliyə riayət etməyi unudurlar. Bu üzdən marşrutlara pul ödəmədim. Əgər sürücü səbəbi ilə maraqlansaydı deyəcəkdim ki, avtobuslarda natəmizlik baş alıb gedir".

"Vaxt və qrafik məsələsi ucbatından onlar sürət həddini aşır və yaxud yarışırlar. Məqsədləri dayanacaqlara tez çatmaqdır".

Avtobus sürücüləri də bəzən tələsdiklərini, bəzən isə sərnişinlərlə kobud davrandıqlarını etiraf edirlər:

"Sürətlə də sürürük, bəzən məcburiyyətdən dayanacaqdan kənarda da saxlayırıq. Uşaqla düşən olur, yaşlı adamlar olur. Bu üzdən yerli-yersiz saxlamalı oluruq. Bəzən də vaxta görə ötüşürük. Yəni bu problemlər var".

"Sürücü olmaq üçün sağlam olmaq lazımdı. Sürücülük vəsiqəsi vacibdir. O ki qaldı davranışa, təbii ki, sərnişinlərə qarşı mədəni davranmalıyıq. Onların iradlarını qəbul etməliyik".

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə hesab edir ki, qanunvericilikdə inzibati sanksiyaların artırılmasına üstünlük verilir ki, sürücülər bundan bir nəticə çıxarsınlar. Amma bu gün cəmiyyətdə baş verən hadisələr bir daha sübut edir ki, istər yeniyetmə sürücülərin, istərsə də ictimai nəqliyyatı idarə edən şəxslərin kifayət qədər məsuliyyətsizliyi nəticəsində yol qəza hadisələrinin sayı durmadan artır.

"Nə qədər ki, sürücülük mədəniyyəti bizim özümüz üçün aşılanmayıb, biz bunu qəbul edə bilməmişik, belə hallar artacaq. Qəzaların bir çoxu cinayətkarcasına özünə güvənmədən yaranır. Fərdin özünə həddindən artıq güvəni ağır sonluqla nəticələnir. Sürücü dərk etməlidir ki, o təkcə yüksək sürətlə özünü yox, ətrafındakı insanları da təhlükəyə sürükləyir".

Millət vəkili hesab edir ki, dünya təcrübəsində avtobusu idarə etmək üçün "D" kateqoriyalı sürücülük vəsiqəsinin olması kifayət deyil. Bunun üçün sürücü xüsusi təhlükəsizlik kursunu keçməli, sərnişinlərlə münasibəti öyrənməli və psixoloji vəziyyətinin avtobusu idarə etməyə yol verdiyi ciddi şəkildə yoxlanmalıdır. Bundan başqa ictimai nəqliyyatı idarə edən sürücülərin yaş həddinə diqqətlə yanaşılmalı, onların işə qəbulunda vahid sistem olmalıdır.

"Avtobus qəzalarının baş verməməsi üçün bizdə də ilk növbədə sürücü peşəkarlığı artırılmalı, sürücülərin fəaliyyəti daim nəzarətdə saxlanmalıdır. İşə qəbul zamanı ictimai nəqliyyatı idarə edən sürücülərin ən azı 5 illik təcrübəsi olmalıdır ki, nəqliyyatı idarə edə bilsinlər. Onların fiziki sağlamlığı yoxlanılmalıdır. Əmək qanunvericiliyə əməl olunmalıdır. Gündəlik iş saatı əmək qanunvericiliyi ilə tənzimlənsə sürücü on iki saat sükan arxasında oturmaz. Plan vermək kimi qayda aradan qaldırılmalıdır. Sürücülər maaş sistemi ilə işləməlidir ki, bu yarış problemləri aradan qaldırılsın. Plan verdikdən sonra artıq pul qazanmaq üçün yuxusuz, səliqəsiz geyimdə avtobus idarə edirlər. Siqaret çəkirlər, yüksək səslə musiqi dinləyirlər, sərnişinlərin iradlarına kobudluqla cavab verirlər . Sürücülərin konkret maaş sisteminə keçirilməsi də qəzaların sayını minimuma endirə bilər. Önəmli məsələlərdən biri də sürücülərin tibbi yoxlamasının tələblərə uyğun səviyyədə həyata keçirilməsidir."

"Avtobuslar təkcə paytaxtda deyil, ölkənin müxtəlif magistrallarında da can alır. Bu ilin altı ayı ərzində avtobusların iştirakı ilə 47 qəza baş verib. Nəticədə 19 nəfər həlak olub, 52 nəfər isə yaralanıb. Belə ki, avtobusların iştirakı ilə baş verən nəqliyyat hadisələri ötən ilin müvafiq dövrü ilə müqayisədə üç faktın artmasına baxmayaraq, ölənlərin sayında azalma var. Lakin yaralıların sayında isə artım qeydə alınıb". Bunu BDYPİ-nin şöbə rəisi Kamran Əliyev bildirib.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyindən bildirilib ki, avtobus qəzalarının qarşısının alınması üçün tədbirlər görülür. Bunun üçün sürücü bazası yaradılıb. Yəni bir nəqliyyat vasitəsində qəza törədən sürücü artıq başqa nəqliyyat vasitəsində işləyə bilməyəcək. Sürücülərin mədəniyyət səviyyələrinin artırılması üçün də kurslar da təşkil olunur.
Amma görünən odur ki, aparılan işlər hələ də avtobus sürücülərinin insan həyatına biganəliyinin qarşısını ala bilmir. Bu da sonda faciə ilə yekunlaşır.