Mərkəzi Bankın yeni sədr müavinləri kimdir? - DOSYE Hadisə

Mərkəzi Bankın yeni sədr müavinləri kimdir? - DOSYE

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Rəşad Orucov Mərkəzi Bank sədrinin birinci müavini, Əliyar Məmmədyarov müavini təyin edilib.

Trend xəbər verir ki, Rəşad Temraz oğlu Orucov 30.04.1978-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrı bakalavr dərəcəsi ilə, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini həmin ixtisas üzrə magistr dərəcəsi ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb. 2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı, 2004-2006-cı illərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2006-2008-ci illərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2011-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifələrində çalışıb. 01 iyun 2011-ci il tarixdən Mərkəzi Bankda Baş direktor vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

Əliyar Qəhrəman oğlu Məmmədyarov isə 05.01.1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət iqtisad Institutunu "Kredit" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2008-ci ildə Böyük Britaniyanın Nottingem Universitetini "Biznesin idarə edilməsi" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə 1993-cü ildə Azərhəmkaridmantəminatı kontorunda ekspeditor vəzifəsində başlayıb. 1993-1997-ci illərdə "Azkombank" kommersiya bankında mütəxəssis, direktor müavini vəzifələrində çalışıb. 1997-1998-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda yarımştat olmaqla mühasib vəzifəsində çalışıb.

2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 №-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləmişdir. 2004-2006-cı iilərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində işləmişdir. 2006-2007-ci illərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsinin rəisi, 2008-2016-cı illərdə Kredit təşkilatlarımn fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləyib.

2016-cı ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müşaviri vəzifəsində çalışır. Subaydır.