Kamera yoldaşları İlkin Süleymanovun günahsız olduğunu iddia edir - Məhkəmə Hadisə

Kamera yoldaşları İlkin Süleymanovun günahsız olduğunu iddia edir - Məhkəmə

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən ifadə verib.

Xatırladaq ki, ötən prosesdə ifadə verən kənd sakini Ürfət Əliyev bildirmişdi ki, Nərminin meyiti tapılmamışdan iki-üç gün əvvəl Arif Quliyev onlara gəlib, gecə Nərminə aid paltar, ya ayaqqabının onların qapısına atıla biləcəyini deyib.

Arif Quliyev məhkəmədə Ülfət Əliyevlə üzləşmədə bunu təkzib edib.
“Mən onlara yanvarda yox, noyabrda getmişəm. Onda uşağı hər yerdə axtarırdıq, onlara da uşağı axtarmağa getmişdim", - şahid bildirib.

Arif Quliyev onu da təsdiq edib ki, Ürfət Quliyev ilə aralarında heç bir problem yoxdur, onu yalan danışmayan biri kimi tanıyıb.

Daha sonra məhkəmədə ifadə verən İ.Süleymanovla istintaq təcridxanasında eyni kamerada saxlanılmış Rəvan İsmayılov deyib ki, İlkin Süleymanov uşaq öldürdüyünü etiraf edib, o, təqsirsiz olması barədə digər kamera yoldaşlarına heç nə deməyib.

Məhkəmədə iştirak edən digər iki kamera yoldaşı Rəvan İsmayılovu yalan danışmaqda ittiham edib.

Hakim Dadaş İmanov zalda oturan şahidə əsəbiləşərək, onun məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Proses iyunun 14-ü davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.