İTV: peşəkarlığın və əxlaqın vəhdəti Hadisə

İTV: peşəkarlığın və əxlaqın vəhdəti

Ötən əsrin ilk yarısından etibarən insan həyatında çox mühüm dəyişiklərə səbəb olmuş texnoloji nailiyyətlərdən biri, sözsüz ki, televiziyadır. Obrazlı şəkildə "sehirli qutu" adlnadırılan televizorlar insan məişətinə daxil olmaqla ən şüurlu yaranışın həyatında yeni mərhələ açdı. Buna qədər radio və kinematoqrafiyanın o qədər də geniş olmayan imkanlarından yararlanan insanlar televiziyanın təşəkkülü ilə sivilizasiyanın növbəti üstünlüyünün daimi istifadəçisinə çevrildilər.
Televiziyanın kəşfindən və həyatımızda yer tutmasından sonra texnoloji yeniliklər bir-birini sürətlə əvəz edib. Televizya üçün özünəməxsus alternativ hesab olunan internetin qlobal miqyasda tətbiqi informasiyanın ötürülməsi və qəbulunda kəskin rəqabət mühiti yaradıb. Lakin hətta internet kimi misilsiz nailiyyət də televiziyanı nəinki sıradan çıxara, heç onun əhəmiyyətinə ciddi təsir də göstərə bilmədi. Bir sözlə, internetə, sosial şəbəkələrə tələbatın böyük olmasına baxmayaraq, televiziya bütövlükdə öz dayanıqlığını qoruyub saxlayıb.
Azərbaycanda televiziyanın tarixi 1956-cı il fevralın 14-dən başlayır. Həmin gün ilk dəfə dövlət televiziyası öz verilişi ilə efirə çıxıb. Tədricən yayım müddətini artıran və coğrafiyasını genişləndirən Azərbaycan televiziyası sovet dönəminin sərt tələbləri və totalitar rejimin ciddi məhdudiyyətləri şəraitində fəaliyyət göstərməli oldu. 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası bütün sferalarda olduğu kimi, televiziya sahəsində də inkişaf üçün geniş imkanlar açdı. Nəticədə ölkədə çox sayda özəl teleradio şirkətləri yaradıldı və efir məkanında təbii rəqabətin əsası qoyuldu.
Bununla belə, qeyd olunmalıdır ki, dövlət televiziyasının daha çox rəsmi siyasətin ruporuna çevrildiyi, özəl telekanalların isə fəaliyyətlərində əsasən kommersiya maraqlarına istinad etdiyi bir şəraitdə cəmiyyətin tələbatına cavab verən yeni televiziyaya olan ehtiyac qaçılmaz zərurət kimi ortaya çıxmışdı. Bu tələbatı obyektiv dəyərləndirən Azərbaycan hakimiyyəti xüsusilə 2001-ci ildən - ölkənin Avropa Şurası (AŞ) üzvlüyünə qəbulundan sonra İctimai Televiziyanın yaradılması istiqamətində davamlı hazırlıqlara start verdi. Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü il noyabrın 5-də imzaladığı Fərmanla İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsası qoyuldu. Qısa müddət ərzində beynəlxalq ekspertlərin yüksək qiymətləndirdiyi ictimai televiziyanın yayımına dair zəruri qanunvericilik bazası hazırlandı. Eyni zamanda, İctimai Televiziya və Radio Yayımları Şirkətinin texniki təchizatı sürətlə həll edildi. Görülən ardıcıl işlərin sayəsində dövlət başçısının yuxarıda göstərilən Fərmanının imzalanmasından cəmi on ay sonra - 2005-ci il avqustun 29-da İctimai Televiziya fəaliyyətə başladı və bununla da Azərbaycan televiziya tarixində yeni səhifə açıldı.
Hər hansı mübaliğəyə yol vermədən əminliklə deyə bilərik ki, İctimai Televiziyanın (İTV) fəaliyyətə başlaması ilə Azərbaycanın efir məkanına yeni nəfəs və rəng gəldi. İTV-nin fəaliyyətə başlamasından çox az zaman keçəndən sonra geniş ictimai nüfuz qazanacağına böyük şübhə ilə yanaşanların bu gümanlarında yanıldıqlarına inanmaları üçün çox vaxt tələb olunmadı. İTV efirə çıxdığı ilk gündən özünün informasiya siyasəti, ictimai-siyasi, soasial-iqtisadi və idman verilişləri ilə sözün tam mənasında ictimaiyyətin, geniş anlamda bütün xalqın televiziyası olduğunu göstərməyi bacardı. Efirə daxil olduğu ilk gündən inkişafa, yeniliyə meylliliyi ilə diqqəti cəlb edən İTV özünün böyük yaradıcılıq potensialına malik heyətinin bacarığı əsasında iddiasını çəkinmədən ortaya qoydu. Normal fəaliyyət üçün yaradılan yüksək şərait və özünü doğruldan fəaliyyət prinsipləri İTV-ni qısa zamanda layiq olduğu zirvəyə yüksəltdi. İTV Azərbaycan tamaşaçısının efir istəklərinə tam cavab verən əsas ünvan statusunu qazandı.
İctimai Televiziya və Radio Yayımları Şirkətində 2013-cü ildə baş vermiş sədr dəyişikliyindən – Cəmil Quliyevin quruma rəhbər seçilməsindən sonra televiziyanın fəaliyyətində növbəti inkişaf mərhələsi başlayıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin bir sıra beynəlxalq televiziya təşkilatlarına üzv qəbul edilməsi də İTV-nin xarici nüfuzunun özünəməxsus etirafıdır.
İTV həm də Azərbaycan efirində bir sıra ilklərə imza atmış televiziya adını daşımaqdadır. Müasir tələblərə cavab verən studiyalarda təşkil olunan aktual mövzulara həsr edilmiş tok-şoular, öz imkanları hesabına çəkdiyi bədii və sənədli filmlər, informasiyanın ən operativ şəkildə tamaşaçıya çatdırılması kimi xüsusiyyətlər İTV-nin tamaşaçı rəğbəti qazanmasının başlıca şərtləridir. İctimai Televiziyanın xüsusi qeyd edilməli olan cəhətlərindən biri burada alternativ fikrə daim meydan verilməsidir. Azərbaycan tamaşaçısı ölkə və dünya həyatının ən mühüm məsələlərini əhatə edən, fərqli görüşlərin təqdimatında siyasi polemikanı, əsasən, İctimai Televiziyanın efirində izləyə bilir.
Azərbaycanın işğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyünün pozulması, bir milyon soydaşımızın öz yurdundan didərgin düşməsi və belə bir vəziyyətdə ölkədə hərbi-vətənpərvəlik ruhunun yüksəldilməsinə təkan vermək İTV-nin fəaliyyətində əsas prioritetlər sırasında öndə gəlir. İctimai Televiziya, xüsusilə, gənclər və yeniyetmələr arasında milli tarix və mədəniyyətimizin təbliği, onların intellektual səviyyələrinin yüksəldilməsin istiqamətində olduqca mühüm layihələr həyata keçirməkdədir. Səhiyyə və təhsil problemlərinin müntəzəm olaraq İTV efirində müzakirəyə çıxarılması isə bu strateji sahələrdə müşahidə olunan çatışmazlıqların müəyyənləşdirilərək aradan qaldırılmasında mühüm rol oynayır. İTV həm də milli-mənəvi dəyərlərimizin qorunması və təbliğ olunmasına yönəlik verilişlərə geniş yer ayırmaqla xalqın öz kökünə daha sıx bağlanmasına ciddi töhfə verir.
Avqustun 29-da yayıma başlamasının 10 illiyi tamam olan İTV bu şərəfli tarixi açıq alın və qürurla qeyd etmək haqqını çoxdan təsdiqləyib. Heç şübhə etmirik ki, xalqın televiziyası qarşıdakı dövrlərdə də indiki nüfuzunu qoruyacaq, peşəkarlıq nümunəsinə çevrilən ardıcıl fəaliyyəti ilə öz tamaşaçı auditoriyasını daha da genişləndirəcək.

Seymur VERDİZADƏ,
Jurnalist Araşdırmaları Mərkəzinin sədri