Heyvandarlıq və quşçuluqda bu yem və yem əlavələrinin satışından ƏDV tutulmayacaq Hadisə

Heyvandarlıq və quşçuluqda bu yem və yem əlavələrinin satışından ƏDV tutulmayacaq

Satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiq edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 №li Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış oldu. Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış oldu.
Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.

Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir.

Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.

Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.

- Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır;

- Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır;

- Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur;

- 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir.