Mətbuat Şurasında görüş Hadisə

Mətbuat Şurasında görüş

Dünən Türkiyənin Azərbaycandakı Səfirliyinin yeni təyin olunmuş mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta Azərbaycan Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Şuranın Türkiyənin Azərbaycandakı Səfirliyi ilə sıx əlaqələrinin mövcudluğunu bildirən Əflatun Amaşov münasibətlərin səmərəli əməkdaşlığa çevrildiyindən məmnunluğunu ifadə edib. O, birgə reallaşdırılmış layihələr barədə söz açıb. "Düşünürəm ki, münasibətlərimiz kifayət qədər məhsuldar məcraya qədəm qoyub. Türkiyə Səfirliyinin mətbuat müşavirliyi ilə Mətbuat Şurasının əlaqələri sistematik xarakter daşımaqdadır. Bu baxımdan əlbəttə, mədəniyyət müşavirliyinin də özünəməxsus rolu var. Müşavirliyin xətti ilə dəfələrlə Azərbaycan jurnalistlərinin Türkiyəyə, eləcə də türkiyəli media nümayəndələrinin ölkəmizə səfərləri təşkil olunub. Bu səfərlər hər iki ölkə xalqlarının bir-birini daha yaxından tanımalarına şərait yaradıb. Ortaq dəyərlərimizlə və problemlərimizlə yaxından tanış olmaq imkanı əldə etmişik. Hesab edirəm ki, Murat bəyin təyinatı indiyədək görülmüş işləri təkcə davamlı etməyəcək, bir qədər də dərinləşdirəcək", - deyə Şura sədri vurğulayıb.
Murad Qaraçanta dost və qardaş Azərbaycanda məsul vəzifəyə təyinatından məmnunluq hissi keçirdiyini bildirib. Müşavirliyin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının dərinləşməsinə gələcəkdə də ciddi önəm verəcəyini diqqətə çatdıran Murad Qaraçanta bu baxımdan media sahəsindəki işbirliyinin əhəmiyyətliliyini önə çəkib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Murad Qaraçanta 1959-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Əslən azərbaycanlı olan müşavir uzun müddət İzmirdə mədəniyyət və turizm sektorunda rəhbər vəzifə tutub. Azərbaycan onun diplomatik fəaliyyətə başladığı ilk ölkədir.