“Azərbaycanı Suriyaya çevirmək niyyətiniz baş tutmayacaq” Hadisə

“Azərbaycanı Suriyaya çevirmək niyyətiniz baş tutmayacaq”

"Hadisələrin inkişafı bir daha göstərdi ki, Nardaranda bir qrup ekstremist qruplaşmanın Azərbaycan dövləti əleyhinə şüarlar səsləndirməsi xarici qüvvələrin təsiri altında baş tutub". Bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Nardaran hadisələri ilə bağlı fikilərini bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları qısa zamanda müvafiq cəza tədbirləri görməklə onları lokanizə etdi: "Əminəm ki, bundan sonra da baş verəcək bu kimi hadisələrə dövlətin hüquq-mühafizə orqanlarının münasibəti çox sərt olacaq. Bu gün bütün Respublika ictimaiyyəti, Azərbaycan ziyalıları bu cür hadisələri rədd edir və qəbul etmir. Çünki hər kəs Azərbaycanda sabitliyin olmasında maraqlıdır. Vətəndaşlar mənsub olduqları hüquqi dövlətdən bu cür ünsürlərin ən ciddi şəkildə cəzalandırılmasını tələb edirlər. Heç şübhəsiz ki, qısa zamanda onlar ən ciddi cəzalara layiq görüləcəklər. Azərbaycanda sabitliyin qorunması dövlətimizin inkişafının əsas səbəbidir".
H. Babaoğlu əlavə edib ki, sabitlik pozulanda nə tərəqqidən, inkişafdan, intellektual münasibətlərdən, nə də hüquqi dövlətdən danışmaq olmaz: "Azərbaycan dövlətçilik təcrübəsində genişmiqyaslı təxribat hadisələri olub, amma ölkəmiz bunun qarşısını alıb və bundan sonra da alacaq. İstər Respublikamızda ekstremist qruplaşmalara qarşı olan mənfi rəy, istərsə də dövlətin qətiyyəti məhz həmin xarici dairələrə bir daha mesaj verdi ki, sizin Azərbaycanı Suriyaya çevirmək niyyətiniz baş tutmayacaq".