Qafqaz Müsəlmanları İdarəsi(QMİ) İrəvandakı Göy məscidin Ermənistan tərəfindən İranın istifadəsinə verilməsi barədə məsələyə münasibət bildirib.
QMİ sədrinin müavini Qəmər Cəvahirli bildirib ki, bu hal təəssüf doğurur.
Q. Cəvahirli deyib ki, Ermənistan bu addımı ilə Azərbaycan, türk memarlıq incisi sayılan Göy məscid başqa bir ölkənin istifadəsi üçün icarəyə verir: "Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bunu nəzərə alsaq, Azərbaycana məxsus məscidin digər müsəlman ölkəsinə icarəyə verilməsi birmənalı qarşılanmır. Çünki bunun həm mənfi, həm də müsbət tərəfləri var".
QMİ sədrinin müavini vurğulayıb ki, Ermənistan bu addımı siyasi məqsədlər üçün edib: "Ermənistan dünyada monoetnik bir dövlət kimi tanınır və beynəlxalq aləm bu ölkənin monoetnikliyini bəyənmir. Ona görə də özünü tolerant, multikultural kimi göstərməyə çalışır. Ermənistan bu məqsədlə də bir addım atıb".
Qeyd edək ki, Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib. Məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq. Eyni zamanda, dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi məsələsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanacaq. İran məsciddən mədəniyyət mərkəzi kimi istifadə edəcək.