“Multikulturalizmin alternativi yoxdur” Hadisə

“Multikulturalizmin alternativi yoxdur”

Mübariz Qurbanlı: "Azərbaycandakı multikultural mühitin kökündə Azərbaycan xalqının mentaliteti və tərbiyəsi dayanır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Qış məktəbi"nin tələbələri ilə görüş keçirilib.
Komitənin sədri Mübariz Qurbanlı bildirib ki, görüşdə müxtəlif ölkələrdən nümayəndələr, tələbələr və elm xadimləri iştirak edir: "Əminəm ki, onlar Azərbaycan haqqında kifayət qədər məlumat əldə ediblər. Sevinirəm ki, iştirakçılar Azərbaycan haqqında məlumatla artıq əyani olaraq tanış olurlar. Multikulturalizm Mərkəzinə təşəkkür edirəm ki, bu cür məktəb təşkil edib. Dünyada multikulturalizmin alternativi yoxdur".
Mübariz Qurbanlı əlavə edib ki, dünyanın 30 ölkəsində milli və etnik zəmində münaqişələrdə insanlar ölür: "On beş il ərzində bu müharibələrdə ölənlərin sayı 2,5 milyona çatıb. Bu münaqişələr zamanı ən azı 50 milyon insan yaşadığı yerdən qaçmağa məcbur olub. Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində 1 milyon Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşüb. BMT 10 aparıcı problem müəyyənləşdirib. Bunların həlli üçün bəşəriyyətin dil tapması və onu həll etməsi lazımdır. Bunu həll etməyin yolu dinlərarası dialoq və multikulturalizmdir".

Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda uşağa tərbiyə verərkən ona nifrət etmək öyrədilmir: "Burada dövlətin siyasəti də mühüm rol oynayır. Bakıda iki böyük sinaqoq var və onları dövlət tikib. Bakıda böyük katolik kilsəsinin dövlət tikib, icmaya verib. Hər il qeyri-islam icmalarına yarım milyon dollar vəsait ayırırıq. Bundan başqa məscidlər sinaqoqlar kilsələr elektrik enerjisindən güzəştlər alır".
Komitə sədrinin qənaətinə görə, Azərbaycandakı multikultural mühitin kökündə Azərbaycan xalqının mentaliteti və tərbiyəsi dayanır: "Bizdə sünni və şiələr arasında toqquşma yoxdur. Heydər Məscidində sünnilərlə şiələr vəhdət namazı qılırlar. Məsələn, Bakıda katolik keşişi ilə pravoslav keşişi də bir yerdə oturur".