
Yaşı 65-dən yuxarı olan şəxslərin sərnişin avtobusu sürməsi qadağan olunub
Azərbaycanda avtobus sərnişin daşımaları ilə bağlı sürücülərə qoyulan tələblər dəyişdirilib. Bununla bağlı Milli Məclisdə "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Qanuna əsasən, hazırda avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.
Dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülərin buraxılması təklif edilir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, "D" kateqoriyası üzrə 22 yaş həddi qoymaq məntiqli görünmür, çünki avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübənin beş ildən az olmaması şərti qoyulur: "Ona görə də yaş həddi 23 yaşa qaldırılmalıdır, bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış edən orqanla müzakirə aparılmalıdır".
YAP icra katibinin müavini Siyavuş Novruzov Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzinin fəaliyyətini tənqid edib: "Guya intellektual idarəetmədir, işıqforda bir tərəfdə nəqliyyatın hərəkəti üçün 2 dəqiqə, digər tərəfə bir neçə dəqiqə verilir. Belə olmaz".
Millət vəkili Bəxtiyar Əliyev paytaxtda sərnişindaşıma fəaliyyətini sərt tənqid edib. O qeyd edib ki, təzə avtobusları gətiriblər, bunlar gözəldir, amma bunların dayanacaq məsələsi də həll olunmalıdır: "Məsələn, "Elmlər Akademiyası" metrosu ətrafında nə qədər sərnişin avtobusu dayanır. Bunları kim tənzimləyir? İşıqforda keçirlər. Bunların himayədarları kimlərdir? İnsan taleyi ilə bu qədər oynamaq olmaz. Parkomant deyən bir şeylər qurublar. Amma harada əhali çox toplanıbsa, ora parkomant düzüblər. Hətta birtərəfli yollarda da parkomantlar qoyublar. Xüsusi geyimlilər dayanırlar bunların yanında. Bəs bu parkomantlara kim nəzarət edir? Avtobus gəlir dayanacağa, amma orada taksilər dayanıb. Bu məsələ ictimaiyyətdə çox narazılıq yaradır. Şəhər nəqliyyatı bütünlüklə dəyişdirilməlidir. Avtobusların çoxusu çirklidir. Ekologiyaya yaramayan qara tüstülü avtobuslar var. Bunlar ekologiyanı korlayırlar. O yerdə ki qanun icra olunmur, orada daha böyük cinayətlər törədilə bilər".
Millət vəkili Çingiz Qənizadə isə qanunda göstərilən 18-22 yaş məsələsinə narazılığını bildirib:"30-40 nəfərin taleyini necə 22 yaşlı bir uşağa etibar etmək olar? Dünyanın harasını gəzsək, belə bir hala rast gəlmərik. Camaat hər gün uşağını avtobusa mindirəndə dua edir ki, balası sağ-salamat evinə qayıdıb gəlsin. Yaş həddi ən azı 25-ə qaldırılmalıdır".
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.