“Mülki maşına gizli radar qoşulması qanunsuzdur” Hadisə

“Mülki maşına gizli radar qoşulması qanunsuzdur”

Kamran Əliyev: "Müraciət daxil olduğu təqdirdə araşdırma aparıla bilər"

"Əgər yolda surəti məhdudlaşdıran işarə yoxdursa və yol polisi mülki maşına gizli şəkildə radar qoşubsa, bu, qanuna ziddir". Bu sözləri "Axar.az"a Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Şəmkir-Gəncə yolunda yol polislərinin mülki maşına radar qoşması ilə bağlı xəbərə münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, belə bir faktla bağlı müraciət daxil olduğu təqdirdə araşdırma aparıla bilər: "Bu barədə artıq məlumatlıyıq. Müəyyən olunarsa ki, yol polisi əməkdaşı nişan olmayan ərazidə sürəti ölçüb və buna görə sürücünü məsuliyyətə cəlb edib, bu zaman yol polisi əməkdaşı özü intizam məsuliyyətinə cəlb ediləcək".
K.Əliyev bildirdi ki, sürücülər radarın harada yerləşdirildiyini bilir. Çünki bununla bağlı müvafiq yol nişanları var: "İnformasiya stendi 6.14 servis nişanı və yaxud maksimum surəti məhdudlaşdıran 3.24 yol nişanı quraşdırılır. O nişanın təsir sahəsi olan ərazidə sürücü bilməlidir ki, həmin yolda radar ola bilər. Həmin ərazi üçün müəyyən edilmiş sürət həddini aşmamalıdır. Bu qurğular maşını idarə edən və digər sürücülərin təhlükəsizliyi naminə qoyulan qurğulardır. Yol polisinin əməkdaşları sürücülərin təhlükəsizliyi üçün çalışır".
Qeyd edək ki, Şəmkir-Gəncə yolunda yol polisinin sürücüləri gizlin yolla cərimələməsi halı ilə bağlı mətbuatda xəbərlər yayılıb. Belə ki, Könüllü kəndi ərazisində yol polisi mülki maşına radar qoşub.