Xələf Xələfov BMT-nin komitəsində çıxış edib Hadisə

Xələf Xələfov BMT-nin komitəsində çıxış edib

"Azərbaycan BMT-nin İrqi ayrı-seçkiliklə mübarizə komitəsi ilə əməkdaşlığı davam etdirməyə hazırdır".
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında deyib. Qarşılıqlı dialoqun vacib olduğunu söyləyən Xələf Xələfov bildirib ki, Azərbaycanda irqindən, cinsindən, dinindən, dilindən, siyasi mövqeyindən asılı olmayaraq hamı üçün bərabər şərtlər yaradılıb: "Heç bir məhdudiyyət yoxdur. Azərbaycan qoşulduğu beynəlxalq konvensiyaların maddələrini icra edir. Ölkənin milli qanunvericiliyi irqi ayrı-seçkiliyi ləğv edir".
Nazir müavini qeyd edib ki, mili azlıqların mədəni irsinin qorunması üçün də addımlar atılır: "Azərbaycanda hamı üçün bərabər şərtlər yaradılıb. Azərbaycanda müxtəlif dini azlıqlar yaşayır. Çoxlu məscidlər, ortodoks, lüteran, alban, gürcü, udin kilsələri fəaliyyət göstərir".
Xələf Xələfov nəzərə çatdırıb ki, aprelin sonlarında keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda ksenofobiya, dünyada mövcud yeni çağırışlar da əsas müzakirə mövzuları olub.
Ölkədə korrupsiya ilə bağlı aparılan mübarizədən danışan diplomat bu sahədə yaradılan "ASAN Xidmət"in BMT tərəfindən mükafatlandırılmasını da xatırladıb: "Əsas prioritetlərdən biri davamlı, balanslı iqtisadiyyatın və regional inkişafın təmin edilməsidir".