

Tanrı Azərbaycanımıza nəyi verməyib ki…Təbii gözəllik, saf hava, təmiz su, qədirbilən, qonaqpərvər insanlar. Təbii ki, Tanrının bizlərə bəxş etdiyi nemətlərdən dadan qeyri-azərbaycanlılar da buranı özünə Vətən seçmiş, bu eli, bu obanı doğma eli bilmiş, yolunda hətta canından belə keçməyə həmişə hazır olublar. Zaman – zaman, Vətən təhlükədə olarkən bizlərlə bərabər belə insanlar da heç bir çağırış gözləmədən silaha sarılıb, Azərbaycanımızı yağıdan, yad gözlərdən, xain əllərdən, məkrli niyyətlərdən qoruyublar. Belə insanlardan, daha doğrusu qəhrəmanlardan biri də Qarabağ müharibəsi iştirakçısı yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Araqunov olub.
Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. 1987-89-cu illərdə Sovet ordusunun tərkibində Gürcüstanda tank komandiri kimi hərbi xidmətdə olub.
Qarabağ müharibəsi başlayarkən Albert cəbhəyə könüllü yazıldı. Ailəsi onun həyatını risqə atmasını istəməsə də, Alberti fikrindın döndərə bilmədilər. Aqarunov cəbhəyə yollandı.
Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcıt Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir . O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edir. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurur. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alır. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Subay idi. Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Bir vaxtlar oxuduğu məktəbin önündə büstü qoyulub. 2015-ci ildə “The Times of Israel” qəzetində amerikalı ravvin İsrail Barukun “Müsəlman torpağında yəhudi əsgəri” məqaləsi Aqarunova həsr olunub. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.
2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən onun haqda "Dostuma məktub" filmini çəkib. Filmin ssenari müəllifi və rejissoru Yefim Abramovdur.
2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkib.
Allah rəhmət eləsin!
Malik Balaşov, tarixçi-publisist