Noqay türkləri Hadisə

Noqay türkləri

Türk xalqlarının hər birinin özünəməxsus yaradıcılığı var. Şübhəsiz, mahiyyətcə hamısı türk ruhundan gələn xüsusiyyəti təsdiq edir. Araşdırmaçı Əli Şamilin noqay türkləri ilə bağlı apardığı araşdırma maraq doğurur: "Noqaylar da öz ədəbiyyat tarixlərini miladi V-X yüzildə yazılmış Orxon-Yenisey qəbirüstü abidələrindən, Mahmud Kaşqarlının "Divan-i lüğat it-Türk"ündən (XI yüzil), Yusif Balasaqunlunun "Kutadqu biliq"indən, Hoca Əhməd Yəsəvinin "Hikmətlər"indən (XII yüzil), Süleyman Bakırkanlının (XII yüzil), Əhməd Yügnəkinin (XIII yüzil), Rabğuzinin (XIV yüzil) yaradıcılığından, "Nahsül feradis" kimi əsərlərdən başlayırlar. Hətta bəzi araşdırıcılar bu siyahını daha da genişləndirərək Xarəzminin "Məhəbbətnamə"sini, Qütbünün "Husrevü Şirin"ini, "Kodeks kumanikus"u və b. əsərləri də noqay ədəbiyyatının nümunələri hesab edirlər. Miladi XIV yüzildən tarix səhnəsində "noqaylar" adı ilə görünən bir xalqın V-XIV yüzillərdə ədəbi əsərlər yaratması inandırıcı görünməyə bilər. Əslində bir xalq kimi onlar vardı və bölgədə aparıcı idilər. Lakin "noqaylar" adlandırılmırdılar. Bü¬tün türk xalqları kimi, onlar da qaynaqlarda ayrı-ayrı adlarla qeyd edilirdilər. "Noqay" adının bir ulusa, elə verilməsi tarixi isə XIV yüzildən başlayır. Cəsur döyüşçü, bacarıqlı sərkərdə, uzaqgörən siyasətçi, mahir diplomat və güclü dövlət qurucusu olan Noqay xanın öz ətrafına topladığı türk tayfaları sonralar bir etnos kimi birləşərək qüdrətli dövlət qurub və rəhbərlərinin adını yaşadıblar. Beləliklə, qüdrətli sərkərdə və bacarıqlı dövlət adamı olan Noqayın adı xalq, toplum adına çevrilib".
Qaynaqların verdiyi bilgiyə görə, Noqayın babası Taval bəy XII yüzilin sonlarında Qıpçaq bozqırlarının Aksu-Buq çayı çevfəsində yaşayan bir peçeneq boyunun-tayfasının başçısı imiş: "Atasından gələn bəylik haqqı ilə boyunun-tayfasının başına keçən Noqay Çingiz xanın nəvəsi Ba¬tı xanın (1236-1255) yürüşlərində iştirak edib, az bir zamanda cəsur döyüşçü, bacarıqlı sərkərdə kimi şöhrət qazanmışdı. Batı xanın ölümündən sonra hakimiyyətə gələn qardaşı Bərkə xan (1255-1266) qabiliyyət və bacarığını nəzərə alaraq, Noqayı ordu komandanı təyin etmişdi. Bərkə xan yeni torpaqlar əldə etmək, indiki Azərbaycan ərazilərini tutmaq üçün 1262 və 1265-ci illərdə Elxanilərlə savaşmışdı. Ordu komandanı kimi Noqay Qafqaz dağlarını keçərək Hülakü xan və varisləri üzərinə yürüşlər edir. Döyüşlərdə qazandığı qələbələr onun şöhrətini daha da artırır. Beləliklə, o dövləti Bərkə xanla bərabər hüquqla idarə etməyə başlayır. Bərkə xanın ölümündən sonra Don və Dunay çayları arasındakı bölgə Noqay xanın nəzarəti altına keçir. Bir çox tarixçilər Noqay xanın bu qələbəsini sərkərdəlik məharəti ilə yanaşı, islam amili ilə də bağlayırlar. Belə ki, Hülakü xan həmin vaxtlar buddist idi. Noqay xan və döyüşçülərinin əksəriyyəti islamı qəbul etmişdilər. Hülakü xanın işğal altına aldığı bölgədəki müsəlman əhali və xəlifə bu döyüşdə Noqay xanın tərəfini tutur. Qaynaqların verdiyi bilgiyə görə, Noqay xan islam amilindən bacarıqla yararlanmışdı.
Belə ki, o, daim Xorasandan və Anadoludan islamiyyəti yaymaq üçün qazilər gətirdirmiş. Şeyx Səfiyəddin Ərdəbili öz müridləri ilə birlikdə Qıpçaq çölündə (Dəşti Qıpçaq) və Kırımda islam dinini yaymışdı. 1263-cü ildə Sarı Saltuk Anadoludan on iki min türkmən ailəsi ilə birlikdə gələrək Kırım və Dobrucada – yəni Noqay xanın hakim olduğu bölgədə yerləşmişdi. Noqay xan Trakyadakı bir çox Bizans şəhər və qalalarını almış, Aynos qalasında olan Səlcuq sultanı II İzzəddin Keykavusu islam dinini qəbul etdiyinə görə əsirlikdən azad etmişdi".
Noqay xanın əmri ilə Dobrucaya gedən Sarı Saltuk orada möhkəmləndikdən sonra 1280-ci ildə Varna yaxınlığında iki Bulqar qalasını tutur və ömrünün sonuna qədər də Macarıstana, Balkanlara yürüşlər etməklə Altınordanın (Qızıl Orda) sərhədlərini genişləndirir və nüfuzunu artırır: "Noqay xan isə həmin yerləri istədiyi kimi idarə etməklə yetərlənmir, hətta Altınordada (Qızıl Orda) xanlar onun istəyi ilə hakimiyyətə gətirilir və taxtdan uzaqlaşdırılırdı. Buna görə də bir çox dövlətlər Altınordaya deyil, onun yanına elçilər göndərir, diplomatik əlaqələr qurmağa çalışırdılar. 1270-71-ci illərdə Məmlük sultanı Məlik Zahir (Baybars; 1260-1277) Noqay xanın yanına elçi göndərir və ona məktubla müraciət edir. Çingiz xan soyundan olmadığına görə Altınorda taxtını ələ keçirə bilməyəcəyini anlayan Noqay xan sarayla qohumluq əlaqələrini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə də sıx əlaqə qurur. O, 1273-cü ildə Bizans imperatoru Mixail Paleogosun ögey qızı Efrosiya ilə evlənir. Noqay xan rus knyazlarını da onunla birlikdə Polşa-Lehistan (Polonya), Macarıstan, Bolqarıstan, Serbiya üzərinə yürüşlərdə iştiraka məcbur edir. Quzeydəki rus knyazlarına elçilər göndərərək Litva dukalığına yürüşlər təşkil edərkən ona ərazilərində lazımi şərait yaratmalarını tələb edir. 1288-1291-ci illərdə Polşaya-Lehistana yürüş edərkən rus knyazları Mstislav ilə Danileviçi də özü ilə aparmışdı. Onun siyasi gücü Bolqarıstanda hökmdarların taxta çıxmasına belə təsir göstərirdi".
Sami Noqay "Noqay türkləri" kitabında yazır: "Əsgəri səfərlərdə tümənbaşı olan bir insana bacarığı, komandanlıq qabiliyyəti, sərt dissiplini, təşkilatçılığı, güclü idarəçiliyi, hökmdar soyu ilə yaxınlığı... onu dövlətin yüksək məqamlarına çıxardı və geniş imkan qazandırdı. Bu imkan isə digər tərəfdən idarəsi altındakı torpaqlarda yeni boyların onun hakimiyyətini tanımasını təmin etdi. Beləcə qısa zamanda Noqay xanın çevrəsində yeni böyük bir etnik birlik (ulus, el) yarandı və inkişaf etdi".
Belə böyük qüdrət və nüfuzu olmasına baxmayaraq, zaman öz işini görürdü: "1290-cı ildə Noqay xanın taxta oturtduğu Toxta xan yerini möhkəmləndirdikdən sonra özünə tərəfdarlar toplayıb Noqay xanın fəaliyyətini məhdudlaşdırmağa çalışır. Uzun sürən bu gizli qarşıdurma 1298-ci ildə açıq toqquşmaya çevrilir. Döyüşdə Noqay xan yenilir. Onun əsgərlərinin və tərəfdarlarının bir qismi əsir alınaraq Misirdə və başqa qul bazarlarında satılır. Döyüşlər isə ara vermir. 40 ilə yaxın Altınorda dövlətində aparıcı şəxs olmuş, beş hökmdar yola salmış, qocal¬mış Noqay xan 1300-cü ildəki toqquşmaların birində rus əsgəri tərəfindən öldürülür".
Araşdırmaçı bildirir ki, noqaylardan toplanan folklor nümunələri arasında dastanlar həcminə və mövzu əlvanlığına, bədii dəyərinin yüksəkliyinə görə seçilir: "Bu dastanların böyük bir qismi xalqın keçdiyi tarixi yola uyğun olaraq qəhrəmanlıq dastanlarıdır. Onlardan "Axmet Aysula ulu", "Koplanlı betir", "Yedigey", "Musa biy", "Mamay", "Karasaykazi", "Manaşı", "Manaşı ulu Tuyakbiy", "Er Tarkil", "Şora betir", "Adil Soltan", "Kırk Noqay betiri", "Er Kusep", "Er Kosay", "Er Şoban", "Er Kökçe", "Kambar betir", "Kurman biy", "Elkildek betir" və b. dastanları ümumi qıpçaq dastanları adlandırsaq, daha doğru olar. Dastanları diqqətlə araşdıranda burada nəinki miladın ilk minilliyinə, hətta miladdan öncəki türk folkloruna aid izləri də görə bilərik.
Noqaylar son yüzillərdə savaşlara, daxili çəkişmələrə daha çox vaxt sərf etdiklərindən dastanlarının çoxunun mövzusu qəhrəmanlıqdır. Xalq arasında "Boz yigit", "Kozı-Korpeş və Bayan slu", "Tolekın və Kız yibek", "Ariz və Kanber", "Şah İsmayıl", "Güntükan və Kölbikə", "Taxir və Zöhrə" və b. lirik dastanlar da geniş yayılıb. Yalnız "Yedigey" deyil, bir çox başqa dastanlar, eləcə də qəhrəmanlıq və vətənpərvərlik nəğmələri noqayların Rusiya işğalı altında olduqları zamanda yazıya alındığından, söyləyici və dastanı toplayanlar hakim dövlətin təsiri ilə mətnlərdə dəyişikliklər ediblər. Bu cəhət "Adil Sultan" dastanında və qəhrəmanlıq yırlarında özünü qabarıq göstərir. Xüsusən də Rusiyadakı vətəndaş savaşına, Fin savaşına, İkinci Dünya savaşına həsr olunmuş yırlarda, eləcə də kazak mahnılarında, ümumiyyətlə, əksər mahnılarda ifa noqay türkcəsində olsa da, ayrı-ayrı noqay igidlərinin adı çəkilsə də, əsas diqqət bolşeviklərin, Sovet ordusunun, sosializmin, bir sözlə, Rusiyanın qüdrətinin öyülməsinə yönəldilib".
Noqaylar çox savaşlara qatılsalar da, son yüzillərdə təqib və basqılara uğrasalar da, folkloru-sözlü ədəbiyyatı qoruyub saxlaya biliblər: "Folklor nümunələrində və yazılı ədəbiyyatda xalqın tarixi öz əksini tapır. Yazılı qaynaqlar olmasa belə toplanmış folklor nümunələri ilə xalqların tarixini yazmaq olar. Bu baxımdan, noqaylardan toplanmış dastan və yırlar tarixçiyə zəngin material verir. Noqayların ilk qəhrəmanlıq dastanı "Axmet Aysula ulu" sayılır. Dastanın çoxvariantlılığı onun geniş yayılmasından soraq verir. 1343-cü ildə taxta oturmuş Canıbey xan və onun oğlu Berdibeyin arasında baş verən qarşıdurma "Axmet Aysula ulu" dastanının süjetini təşkil edir. Dastanın əsas ideyası haqsızlığa, zorakılığa, qəddarlığa qarşı mübarizədir. Axmetin atası Aysula Canıbey xana nə qədər sədaqətlə qulluq etsə də, onun haqsızlıqlarına da dözmür. Xanın nöqsanlarını üzünə deyir. Bu da mübahisəyə səbəb olur. Xan tərəfindən sevilmədiyini və təqib edildiyini görən Aysula vətənindən uzaqlara gedir.
Axmet atasının harada olduğundan xəbərsiz və maddi sıxıntılar içində böyüyür. Qeyri-adi gücü, fantaziyası, cəsarət və xeyirsevərliyi ilə xalqının sevimlisinə çevrilir. Axmet də, atası Aysula kimi vətənini və xalqını ürəkdən sevir. Aysula uzun zaman evindən, ailəsindən uzaqda olsa da bir gün düşmənlərin onun xalqı üzərinə basqına hazırlaşdığı xəbərini eşidir. Özü də bu xəbəri bir zaman xanın tərəfini tutaraq onu aradan götürmək istəyənlərdən eşidir. Vətəninin darda olduğunu duyan Aysula Çanıbeylə ədavətini unudub evinə gəlir. Xanın çətin vəziyyətdə olduğunu görüb onunla barışır. Oğlunu savaşa yola salır. Düşmən Canıbeyin qoşunlarını darmadağın edir. Axmet xana yardım edib onu ölümdən qurtarır. Özü isə həyatını riskə ataraq döyüşü davam etdirir. Axmetin bu hərəkəti onun xana şəxsi sədaqəti kimi deyil, yüksək vətənpərvərliyi kimi təsvir olunur. Xanın: "Məgər, sən öz həyatını qiymətləndirmirsən?" sualına Axmet belə cavab verir: "Əgər məni öldürsələr, mənim kimi çoxları doğular. Bundan vətənə zərər gəlməz. Əgər səni öldürsələr, xan, bunu bütün aləm bilər və vətənim başsız qalıb dağılar".
Dastanda Canıbey xan çətin vəziyyətdə olanda qızı Şaarbeki Axmetə verəcəyini vəd edir. Xan düşünür ki, Axmetin bu ağır döyüşdən sağ çıxmayacaq. Lakin Axmet döyüşü qələbə ilə başa vurur. Xan sonradan fikrini dəyişərək qızını varlı Bukalın oğlu Teymura ərə vermək istəyir. Şaarbek atasının vədinə dönük çıxdığını Axmetə xəbər verir. Axmet qızı alıb qaçır. Xandan narazı olan igidlər onun başına toplaşır, Canıbey xana qarşı birlikdə mübarizə aparırlar. Sonda xan Axmetin öhdəsindən gələ bilməyəcəyini görüb dostları ilə onun arasını vurur. Dostlarından inamsızlıq görən Axmet atını minib Şaarbeki də qucağına alaraq uca qayadan atılır".

Uğur