İranlı tələbələr Bakı sammitini alqışladı Hadisə

İranlı tələbələr Bakı sammitini alqışladı

Azərbaycanda təhsil alan İranlı Tələbələrin Elmi, Mədəni və İdman Birliyi Bakı sammiti ilə bağlı bəyanatla çıxış ediblər. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bəyanatda deyilir ki, Bakı şəhərinin şahidi olduğu bu böyük siyasi hadisə region ölkələrinin münasibətləri tarixində dönüş nöqtəsinə çevrildi və regional münasibətlərdə pozitiv perspektivlərə doğru atılmış bir addım oldu.
"İran prezidentinin Bakıya səfəri və burada üçtərəfli görüşün keçirilməsi iki qonşu ölkənin münasibətlərinin iqtisadiyyatın müxtəlif sahələrində daha da qüvvətləndirilməsinə və inkişaf etdirilməsinə imkan yaratmaqla yanaşı, terrorizm təhlükəsi ilə mübarizədə, siyasi münasibətlərin daha da yaxşılaşdırılması və əlaqələrin genişləndirilməsi, habelə enerji mübadiləsində əməkdaşlığa münbit şərait yaradacaq.
Bu, üçtərəfli görüşdə qonşu ölkələrin dövlət başçıları regionun və dünyanın ən mühüm siyasi məsələlərini də müzakirə etdilər. Şübhəsiz ki, region ölkələrinin əmin-amanlığı, rifahı, qüdrəti və onların daha da inkişafı bu görüşün ən əsas hədəfidir və bu baxımdan qeyd olunan görüş böyük ümidlər doğurur. Təbii ki, regional əməkdaşlığa nail olmadan, müştərək mənafelər və strateji mövqelər naminə qüvvələri birləşdirmədən bu hədəflərə yetişmək mümkün deyil".
Bəyanatda vurğulanıb ki, Azərbaycan və İran prezidentlərinin görüşü və onlar tərəfindən müştərək mövqenin irəli sürülməsi, habelə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirləri hər iki tərəfin belə bir strateji əməkdaşlığa xüsusi diqqətinin göstəricisidir.