“Sifarişli qərar çıxaran hakimlər ifşa olunmalıdır” Hadisə

“Sifarişli qərar çıxaran hakimlər ifşa olunmalıdır”

İradə Cavadova: "Məhkəməsi müstəqil olmayan cəmiyyətin gələcəyi ola bilməz"
Namizəd Səfərov: "Azərbaycanda hakimiyyət bölgüsü Konstitutsiyada göstərilənlərdən fərqli olaraq İcra hakimiyyətinin əlində toplanıb"

Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev "Azərtac"a müsahibəsində deyib ki, son illər ölkəmizdə aparılan genişmiqyaslı islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasından, məhkəmə sisteminin daha da təkmilləşdirilməsindən, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasından, hakimlərin sayının artırılmasından, yeni və şəffaf prosedurlarla hakimlərin seçilməsindən, respublikamızda müasir məhkəmə infrastrukturunun yaradılmasından ibarətdir: "Bu tədbirlər çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir".
Ramiz Rzayev qeyd edib ki, bu məqsədlə artıq bir neçə ildir ki, hakimlər, hakim köməkçiləri və məhkəmə katiblərinin iştirakı ilə Ali Məhkəmədə hər həftənin ikinci günü keçirilən seminar-məşğələlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin milli məhkəmə təcrübəsi üçün aktual olan qərarlarının təhlili aparılır: "Daha sonra belə qərarlar müvafiq tövsiyələr ilə aşağı instansiya məhkəmələrinə nəzərə alınması üçün göndərilir. Bundan əlavə, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apellyasiya və birinci instansiya məhkəmələri hakimlərinə Avropa İnsan Hüquqları Məh0kəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur. Bundan irəli gələn təşkilati məsələlərin həll edilməsi və Konvensiyanın ayrı-ayrı normalarının şərhinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinin təhlil edilməsi, ölkəmizlə bağlı qərarlarında əks olunan hüquqi mövqelərin (presedentlərin) öyrənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması, insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq standartların digər dövlətlərin məhkəmə təcrübəsində rolunun araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən onlara Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi ilə əlaqədar yardım göstərilməsi məqsədilə Ali Məhkəmədə ötən ildən etibarən İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir".
Amma nəzərə almalıyıq ki, bu gün məhkəmələrin icra orqanlarından asılılığı var. Bu asılılığa necə son qoymaq olar?
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadova söyləyib ki, Azərbaycanda vətəndaşlar məhkəmə yolu ilə öz haqlarını qoruya bilmir: "Əvvəllər yol qəzasına düşən sürücülər məhkəmədə günahsız olduğunu sübuta yetirə bilir, bu yolla bəraət alırdı. İndi isə hətta sürücünün günahı olmasa da, ortada ölüm faktı varsa, mütləqdir ki, məhkəmə ilə anlaşsın. Bu anlaşmanın hansı şəkildə olması artıq hər kəsə bəllidir. İqtisadi, sosial problemlərlə üzləşən, hüquqları pozulan vətəndaşlar da problemi məhkəməyə qədər həll etməyə üstünlük verirlər. Çünki bilirlər ki, məhkəmədə öz haqlarını bərpa edə bilməyəcəklər. Bu cəmiyyət üçün ciddi həyəcan siqnalıdır. Unutmaq lazım deyil ki, məhkəməsi müstəqil olmayan cəmiyyətin gələcəyi ola bilməz. Hesab edirəm ki, sifarişli qərar çıxaran məhkəmə hakimlərinə qarşı ictimai qınaq güclənməli və sifarişli qərar çıxaran hakimlər ifşa olunmalıdır".
Hüquqşünas Namizəd Səfərov dedi ki, Aərbaycanda məhkəmələr icra orqanından elə bir asılı vəziyyətə salınıb ki, bu asılılığı hər hansı islahatlar, tədbirlər və ya qərarlarla adadan qaldırmaq mümkün deyil: "Azərbaycanda hakimiyyət bölgüsü Konstitutsiyada göstərilənlərdən fərqli olaraq İcra hakimiyyətinin əlində toplanıb".
Hüquqşünas Səməd Vəkilov məhkəmələrin həmişə ədalətli olmadığını və bundan təəssüfləndiyini bildirdi: "Məhkəmə hüquq Şurasının qərarlarına diqqət etsəniz görərsiniz ki, son dövrlər hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş hakimlərin bir çoxsu rüşvət aldığına görə fəaliyyətlərinə xitam verilib".

Əli