Naxçıvanda media konfransı keçirilib Hadisə

Naxçıvanda media konfransı keçirilib

Naxçıvan Texniki Kollecində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin Rəhman Məmmədov konfransın Naxçıvanda keçirilməsinin vacibliyinə diqqət çəkib, dövlətin KİV-ə qayğısından danışıb. R. Məmmədov bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlətin mediaya münasibəti müsbət mənada dəyişib, KİV-lərə dövlət qayğısı artıb: "Ulu öndər ilk müsahibəsini Naxçıvana qayıtdıqdan sonra "Şərq qapısı" qəzetinə verib".
R. Məmmədov Naxçıvanda fəaliyyət göstərən yerli KİV-lər haqqında da məlumat verib: "Naxçıvanda 1 Muxtar Respublika qəzeti, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio və 6 nəşriyyat var. Muxtar Respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanlarına normal iş şərait yaradılıb, onların maddi-texniki bazası gücləndirilib. "Şərq qapısı" qəzet redaksiyası, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi yeni bina və avadanlıqlarla təmin edilib. Birlikdə quraşdırılan müasir çap avadanlıqları hesabına artıq Muxtar Respublikada işıq üzü görən bütün qəzet və jurnallar tam rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Dövlət Universitetində "Jurnalistika" kafedrası fəaliyyət göstərir. Buradakı "Universitet televiziyası" və "Nuhçıxan" radiosunda gənc jurnalistlər nəzəri biliklərə yiyələnirlər. Muxtar respublikanın nazirlik, komitə və agentliklərində mətbuat xidmətləri fəaliyyət göstərir. Onlar mətbuatla sıx əməkdaşlıq edirlər".
KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə Naxçıvanın inkişafının göz qabağında olduğunu, ilk dəfə 20 nəfərlik media heyətinin Naxçıvanda belə böyük konfrans keçirdiyini deyib. V. Səfərli Heydər Əliyevin hakimiyyətinin ilk illərindən başlayaraq ölkədə kütləvi informasiya vasitələrinin inkişafı və mətbuat azadlığının təmin olunması istiqamətində gördüyü mühüm işlərdən danışıb, bu siyasətin hazırda prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: "1998-ci ilə qədər mətbuat üzərində senzura var idi. Çox vaxt qəzetlərin səhifələri ağ çıxırdı. Mətbuat mətbəə çətinlikləri ilə üzləşirdi. Mətbəələrin azlığı, kağız qıtlığı qəzetlərin inkişafına mənfi təsir göstərirdi. Demək olar ki, qəzetlərin əksəriyyəti "Azərbaycan" Nəşriyyatında çapdan çıxırdı. Artıq müstəqil qəzetlərin maliyyə problemləri yaşanmaqda idi. Yığılıb qalan borclar qəzetlərin bağlanması təhlükəsini yaratmışdı. Həmin dövrdə qəzetlərin "Azərbaycan" Nəşriyyatına 450 min dollar məbləğində borcu var idi. Belə bir zamanda qəzet redaktorları Heydər Əliyevə müraciət etdilər və ulu öndər onları qəbul edərək problemlərini dinlədi, qəzetlərin borcunun 3 il müddətinə dondurulması haqqında göstəriş verdi. Verilən müddət bitsə də, borclar ödənilmədi və demək olar ki, bir az da artdı. 3 ildən sonra isə prezident İlham Əliyev həmin borcların silinməsinə göstəriş verdi. Bundan sonra da mətbuatın inkişafı daim dövlətin diqqət mərkəzində oldu. Mətbuatın bayramının keçirilməsi də məhz dövlət dəstəyi ilə gerçəkləşdi".

Hazırda KİVDF-nin vasitəsilə mətbuata dövlət qayğısının davam etdirildiyini söyləyən V. Səfərli 2008-ci ildən qəzetləri böhrandan çıxarmaq üçün dövlət proqramının qəbul olunduğunu, bu konsepsiyadan irəli gələn məsələlərin həlli üçün KİVDF-nin yaradıldığını bildirib: "Bu Fond vasitəsilə jurnalistlərin peşəkarlığının artırılması üçün bir sıra layihələr gerçəkləşib. İndiyədək Fondun hesabına 26 milyon 795 min manat vəsait köçürülüb ki, o vəsait də əsasən çap mediası olmaqla yerli KİV-lərə göndərilib".
Sonra media qurumlarının rəhbərləri çıxış ediblər.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb.
Nümayəndə Heyətinin tərkibinə KİVDF icraçı direktoru Vüqar Səfərov, Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nağıyev, "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzetin" baş redaktoru Rəşad Məcid, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Oxu məni" qəzetinin baş redaktoru Emil Axundov, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov, "Respublika" qəzetinin baş redaktor müavini Hümbət Musayev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, KİVDF-in əməkdaşı Samir Mustafayev, "Mövqe" qəzetinin əməkdaşı Zülfiyə Quliyeva daxildir.