“Torpaqlarımız uğrunda şəhid olanların qanı mütləq alınacaq” Hadisə

“Torpaqlarımız uğrunda şəhid olanların qanı mütləq alınacaq”

"Ermənistan rəhbərliyi yenə də Dağlıq Qarabağ münaqişəsi ətrafında manipulyasiya edir. Şübhəsiz ki,bunun başlıca səbəbi güclü Azərbaycan dövlətindən, Silahlı Qüvvələrimizin qüdrətindən çəkinmələri, eləcə də aprel döyüşlərindən aldıqları ciddi zərbənin nəticəsidir". Bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib. O, bildirib ki, Ermənistan 2017-ci ildə parlament seçkilərinə hazırlaşır və S.Sarkisyan öz hakimiyyətini əldə saxlamaqdan ötrü hər zamankı kimi imitasiyaya yol verir. Onun sözlərinə görə, bu baxımdan Sarkisyan və hakimiyyətdəki yaxın çevrəsi öz bəyanatlarında növbəti dəfə sərsəm fikirlərə yer verirlər: "Yəqin onlar hələ də köhnə və yararsız "İsgəndər" raketlərinin eyforiyasından çıxa bilmirlər. Halbuki, bu gün həmin raketlərin Ermənistanın ordusunda, yoxsa Gümrüdəki hərbi bazada qalacağı müəyyənləşdirilməyib. Hansısa sirk şousuna oxşayan "hərbi parad"da "İsgəndər"lərin Rusiya bayrağı altında meydandan keçməsi erməni ordusunun gücü demək deyil, əksinə, Rusiyanın forpostu olmaqlarının etirafıdır. Hətta deyərdim ki, onlar nə qədər silahlansalar belə, Azərbaycan kimi nüfuzlu dövlətin qarşısında acizdirlər. Azərbaycanın hər bir vətəndaşı hər an öz torpaqlarını işğaldan azad etmək üçün canlarından belə keçməyə hazırdır. Çox yəqin ki, Sarkisyan da bunu yaxşı anlayır. Ona görə də siyasi xal qazanmaqdan ötrü boğazından yuxarı fikirlər səsləndirir. Ancaq Sarkisyan unutmamalıdır ki, haqq bizim tərəfimizdədir. Torpaqlarımız uğrunda şəhid olanların qanı mütləq alınacaq. Və məcburi köçkünlər də gec-tez öz torpaqlarına qayıdacaqlar. Bu gün hər bir vətənsevər azərbaycanlı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib və Onun əmrini gözləyir".