Sabiq məmurların milyonluq mülkləri Hadisə

Sabiq məmurların milyonluq mülkləri

Məhkəmə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş əməkdaşlarının bir çoxunun əmlak və mülklərinə həbs qoyub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş əməkdaşlarının bir çoxunun əmlak və mülklərinə həbs qoyulub
Bu sırada nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynov, "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazəli Məmmədov, "Rabitə Mülki Tikinti" MMC-lərinin keçmiş direktoru Emin Məmmədov və "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun adı var.
Məhkəmə onların milyonlarla manat dəyəri olan əmlak və mülklərinə həbs qoyub.
Belə ki, məhkəmə Beytulla Hüseynovun 50-yə yaxın əmlakı, Vidadi Zeynalovun isə 60-dan çox mülkü, onun Bakı şəhəri, Xocalı prospektində yerləşən 1,5 milyon manat dəyəri olan mənzili, Nərimanov rayonu ərazisində yerləşən 10 milyon manatdan artıq qiyməti olan evi və paytaxtın müxtəlif ərazilərində olan 8 mənzili barəsində həbs qərarı çıxarıb.
Bundan başqa, Vidadi Zeynalovun həyat yoldaşı, oğlu, qızı və onun bacısının adına Qəbələ, Yevlax, İsmayıllı, Lənkəran, Sabirabad və Şamaxı rayonlarında hektarlarla torpaq sahələri, Bakı və digər rayonlarda 10-dan çox obyektlər mövcuddur. Məhkəmə həmin torpaq sahələri, obyektləri və Şamaxı rayonu ərazisində yerləşən 2 milyon manat dəyəri olan hotelinə həbs qoyub.
İttiham aktında eyni zamanda qeyd edilib ki, 2004-cü ildən RYTN-də çalışan Vidadi Zeynalov nazirliyin tərkibində olan birliklər və MMC-lərdən hər ay pul tələb edirmiş.
Belə ki, ittiham aktında keçmiş Aparat rəhbərinin hər ay "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (İB) rəhbərliyindən hər ay 200 min, "Teleradio" İB-nin rəhbərliyindən 10 min, "Azərpoçt" MMC-nin rəhbərliyindən 30 min və "Aztelekom" MMC-nin rəhbərliyindən 200 min manat pul tələb etdiyi göstərilib.