Regionların davamlı inkişafı sosial-iqtisadi strategiyanın mühüm tərkib hissəsidir – Hacıqabuldan reportaj Hadisə

Regionların davamlı inkişafı sosial-iqtisadi strategiyanın mühüm tərkib hissəsidir – Hacıqabuldan reportaj

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu uğurun təməlində isə düşünülmüş və uzaqgörən siyasət dayanır. Təkcə ötən ilin rəqəmlərinə nəzər saldıqda görərik ki, dünyada geosiyasi və geoiqtisadi gərginliklər fonunda, eləcə də dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risklərin artması şəraitində 2023-cü ildə Azərbaycan iqtisadiyyatında iqtisadi artım prosesləri davam etmişdir. Ötən il ümumi daxili məhsul istehsalında 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artım müşahidə olunub. Qeyri neft-qaz sektorunun artım tempinə tikinti, qeyri neft-qaz sənayesi, turizm və ictimai iaşə sahələri yüksək artırıcı təsir göstərib. Ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20,3 milyard manat və ya 2022-ci ilə nisbətən 9,8 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 80,9 faizi və ya 16,4 milyard manatı daxili, 19,1 faizi və ya 3,9 milyard manatı isə xarici mənbələr hesabına formalaşıb. Əsas kapitala investisiyaların 30,9 faizi və ya 6,3 milyard manatı neft qaz sektoruna, 69,1 faizi və ya 14 milyard manatı isə qeyri neft-qaz sektoruna yönəldilib.

Yuxarıda sadalanan bu rəqəmlər, əldə olunan uğurlar əlbəttə ki, regionların inkişafında da müstəsna rol oynayır. İşğaldan azad edilmiş rayonlarda aparılan tikinti-quruculuq işləri son illər prioritet olsa da, Prezident İlham Əliyev digər bölgələrin sosial-iqtisadi inkişafını da diqqətdən kənarda qoymur, şəhər və rayonlarda yeni obyektlər istifadəyə verilir, iş yerləri açılır, mühüm infrastruktur işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün Prezident İlham Əliyev bölgələrə səfəri çərçivəsində Hacıqabul rayonunda Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib, “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

Ötən gün açılışı olan avtomobil yolu 12 min nəfərdən çox əhalinin gediş-gəlişini asanlaşdıracaq

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolu rayonun 8 yaşayış məntəqəsini birləşdirir. 20 nömrəli Yol İstismarı MMC-nin baş mühəndisi Əlnaib Kərimov bildirib ki, yolun istismar müddəti başa çatdığı üçün gediş-gəliş zamanı çətinliklər yaranırdı. Prezidentin Sərəncamına uyğun olaraq yolun yenidən qurulması işlərinə başlanıldı və optimal müddətdə inşa olunaraq istifadəyə verildi. Yol öz başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 132-ci kilometrliyindən götürür.

Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, torpaq yatağının qaldırılması, genişləndirilməsi, kipləşdirilməsi və müəyyən hissələrdə 10 metrə qədər genişləndirilməsi işləri görülüb. Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bununla yanaşı, Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində üçaşırımlı yeni dəmir-beton körpü inşa olunub. Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Əsaslı yenidən qurulan avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

Suvarma qurğuları kompleksi bol məhsul əldə olunmasına imkan yaradacaq

Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması sahələrdən daha çox məhsul götürməyə imkan yaradır.

Azərbaycan Prezidenti əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində “Agro Dairy” MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalının tikintisinə başlanılıb.

Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncama əsasən isə üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyasının xarici elektrik təchizatı işləri başa çatdırılıb.

Baş aqronom Tacəddin Misirzadə ilə söhbət zamanı bildirdi ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur. Ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb.

“Agro Dairy” MMC Hacıqabul rayonunda 2016-cı ildən fəaliyyət göstərir. Əkin sahələrində arpa, buğda, qarğıdalı, şəkər çuğunduru, soya, günəbaxan, yonca becərilir. Sahələrin müəyyən hissəsi suvarılan, bir qismi isə dəmyədir.

Məhsulların saxlanılması üçün 24 ədəd müxtəlif ölçüdə saxlanma siloları mövcuddur. 4 ədəd toxum emalı kompleksi də var, hər bir zavodun qəbul gücü saatda 5 ton, istehsal gücü 3-3,5 tondur. Bu yerlər əvvəllər qışlaq sahəsi olub, sonra dəmyə şəraitində məhsul becərilib. Hazırda isə müasir texnoloji becərmə və suvarma sayəsində suya 35-40 faiz qənaət olunur, məhsuldarlıq 70-80 sentnerə çatır. Sahələrdə suvarma işi üçün 102 pivot qurulub.

Burada daha bir layihənin icrası da nəzərdə tutulur. Bu il “Padarçöl H2” sahəsinin genişlənməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlərə start verilib.