Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq Hadisə

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılma formaları müəyyən olunub.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.