“Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib Hadisə

“Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

İyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə foyedə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Tədbiri açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin keçirilməsinin ənənə halı aldığını söyləyib, AMEA ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasındakı əlaqələrin möhkəmləndirilməsi, ədəbi prosesin dərk və şərh olunması, nəticə etibarilə elmin və ədəbiyyatın inkişafı baxımından tədbirin əhəmiyyətini qeyd edib. O, “Ədəbi proses” müşavirələrini ədəbi proseslə məşğul olan yazıçıların və tənqidçilərin məsuliyyətli hesabatı kimi dəyərləndirib, bu tədbirlərin ədəbiyyatımızın inkişafına, ədəbiyyatşünaslığımızın zənginləşməsinə xidmət etdiyini bildirib.

Akademik İsa Həbibbəyli “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin 10 illik yubileyinin ötən il təşkil edildiyini xatırladıb. O, 10 il ərzində apardığı müşahidələrə əsasən “Ədəbi proses” müşavirələrində müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixinin icmallarının yazıldığını deyib, elmi-yaradıcılıq müşavirələrinin elmdə və ədəbiyyatda canlanma yaratdığını vurğulayıb. Qeyd edib ki, “Ədəbi proses” müşavirələri, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə AYB arasında möhkəm körpü rolunu oynayıb, mətbuatla institut arasındakı əlaqələri daha da genişləndirib.

“2023-cü ilin ədəbiyyatı tam halda bütövlük ədəbiyyatı adlandırıla bilər”, - deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfəri alqışlayan, tərənnüm edən ədəbiyyat sonrakı illərdə onu dərk etməyə çalışıb və nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması, bütün ərazilərimizdə Dövlət Bayrağının dalğalanması ədəbiyyatda qazanılan qələbələrin mahiyyətini, fəlsəfəsini, reallığını göstərməyə başlayıb. Onun sözlərinə görə, Qarabağ ətrafında yaranan ədəbiyyat 2020-ci ilə qədər torpaqların işğaldan azad olunması uğrunda aparılan, 2020-ci ildə qələbəni tərənnüm edən, 2021-2023-cü illərdə isə Azərbaycanın bütövlüyünü təsdiq edən ədəbiyyatdır.

Sonra AYB-nin katibi Səlim Babullaoğlu çıxış edərək “Ədəbi proses” müşavirələrinin keçirilməsinin mənbə yaratmaq, baş verənləri sistemləşdirmək və hesabat xarakteri daşımaq baxımından əhəmiyyətini vurğulayıb. AYB-nin “Dünya ədəbiyyatı” dərgisinin tarixi və fəaliyyəti barədə məlumat verən Səlim Babullaoğlu həmin nəşrdə Ədəbiyyat İnstitutu əməkdaşlarının çoxsaylı məqalələrinin çap olunduğunu diqqətə çatdırıb. O, həmçinin ədəbi tənqidin vəzifə və prinsiplərindən danışıb.

Tədbirdə “İlin ədəbi mənzərəsi”, “Poeziya”, “Nəsr”, “Dramaturgiya”, “Ədəbi gənclik (gənc nəsillərin yaradıcılığı)”, “Ədəbi tənqid”, “Publisistika”, “Uşaq ədəbiyyatı”, “Cənubi Azərbaycan ədəbiyyatı”, “Bölgələrdə ədəbi həyat” və “Bədii tərcümə” mövzularında məruzələr dinlənilib.

Qeyd edilib ki, tədbirdə təqdim edilən məruzələr toplu halında nəşr olunacaq.