“Ermənistan şou düzəltmək niyyətindədir“ Hadisə

“Ermənistan şou düzəltmək niyyətindədir“

Azərbaycan Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşının uydurmalarına inanmamağa çağırır

Azərbaycan Müdafiə Nazirliyi (MN) Elnur Hüseynzadənin əsir düşməsi ilə bağlı Sputnik Azərbaycan-ın soruğusuna cavab verib. Nazirlikdən verilən məlumata görə, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçusu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir.
Müdafiə Nazirliyi əsir götürüldüyü deyilən Azərbaycan hərbçisi barədə məlumat yayıb "Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər" - MN bəyan edir. Nazirlik onu da qeyd edib ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, Elnur Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.