“Azərbaycanın son iki milli qəhrəmanlarından biri talış, digəri ləzgidir” Hadisə

“Azərbaycanın son iki milli qəhrəmanlarından biri talış, digəri ləzgidir”

Mübariz Əhmədoğlu: "Şahin Mirzəyev həmin qəhrəmanlardan nümunə götürsün"


"ABŞ prezidenti Donald Trampın İranla bağlı mövqeyi getdikcə ciddiləşir". Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi "Qarabağ saat"ında deyib. O qeyd edib ki, ABŞ və Rusiya Müdafiə Nazirliklərinin yüksək vəzifəli rəsmilərinin Bakıda görüşü keçirilib. Politoloq hesab edir ki, əsas müzakirə mövzusu İrandır: "ABŞ İranla müharibəyə başlasa İrandakı azərbaycanlılar Azərbaycan ərazisinə keçəcək. Azərbaycan vətəndaşları isə Rusiyaya keçəcək. Çünki Azərbaycan MDB üzvüdür və vətəndaşlar Rusiyaya vizasız keçə bilər". Politoloq hesab edir ki, bu da Rusiyada sosial-iqtisadi problemlər yaradacaq. O qeyd edib ki, İran danışıqlardan nəticələr çıxarmalıdır. Politoloq bildirib ki, ABŞ İsraillə anti-İran koalisiyası yaradır. Həmçinin ərəb dövlətləri ilə də belə koalisiya yaratmaq niyyəti var. M. Əhmədoğlu qeyd edib ki, İran dəvəquşu siyasətinə son qoymalıdır. Politoloq hesab edir ki, İranın siyasəti açıq-aşkar məntiqsiz siyasətdir. M. Əhmədoğlu əlavə edib ki, İran bilməlidir ki, Azərbaycan onun ərazi bütövlüyünün pozulmasının tərəfdarı deyil. Çünki Azərbaycan özü ərazi bütövlüyünün pozulmasına məruz qalıb: "Biz bu müharibədən əziyyət çəkməyəcəyik, lakin qonşuluğumuzda gərginlik istəmirik".
Mübariz Əhmədoğlu Ermənistandan sığınacaq istəyən redaktor Şahin Mirzəyev məsələsinə də münasibət bildirib: "Məsələnin kuratoru Ermənistanın müdafiə naziri Vigen Sarkisyandır". O qeyd edib ki, Ermənistan erməni fəalların Azərbaycana maraq göstərməsindən narahat olub. Ona görə də Sarkisyan İrana səfəri zamanı Şahin Mirzəyevlə bağlı razılıq əldə edib. İran da bu məsələdə ona kömək edib". Politoloq Ş. Mirzəyevə çağırış edib ki, Ermənistan nümunə götürüləsi dövlət deyil.
Politoloq Ş. Mirzəyevə növbəti çağırışı isə belə edib: "Azərbaycanın son iki milli qəhrəmanlarından biri talış, digəri ləzgidir. Bunlar Mübariz İbrahimov və Çingiz Qurbanovdur. Şahin Mirzəyev həmin qəhrəmanlardan nümunə götürsün".
"Rusiya ABŞ-a güc göstərsin, Azərbaycan və Belarusa yox", - deyən politoloq Aleksandr Lapşinin ekstradisiyası məsələsini də şərh edib. O qeyd edib ki, Ermənistan bu məsələdə ona görə maraqlıdır ki, Azərbaycanın Rusiya, Belarus və İsraillə münasibətləri pisləşsin. M. Əhmədoğlu qeyd edib ki, Rusiya isə bunun əvəzində Azərbaycan və Belarus münasibətlərinə müdaxilə etməyə başladı. Politoloq hesab edir ki, Rusiyanın gücü quruculuğa xidmət etməlidir, dağıdıcılığa yox.