
Totem insanları, həm də həmin nəslə məxsus hər şeyi törədən və himayə edəndir
6-cı yazı
İlaxır çərşənbələr Yer üzündə analoqu olmayan rituallar silsiləsidir ki, ilkin təsəvvürlər toplu halında bütün xalq tərəfindən gen yaddaşında yaşadılır. Həmin rituallar sisteminin ümumi məzmunu ondan ibarətdir ki, Allah ilk olaraq, qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi-aləm ancaq sudan ibarət olur. Sonra odun köməyi ilə suyun xassələrini dəyişdirir və günəşin şüaları ilə suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxardır. Torpaq meydana gəlməklə dünyanın bir çox elementlərinin doğuşuna şərait yaranır. Çünki bir sıra işlər paralel şəkildə aparılır. İlk insan suyun dibindəki gildən, yaxud Allahın gərgin zəhmət çəkdiyi anlarda alnından düşən tərdən yaranır (ümumiyyətlə, ilk insanın doğulmasına aid təsəvvürlər çoxvariantlığına görə mifik dünya modelinin başqa elementlərindən tamamilə fərqlənir) və s. Ulu Allah Yel vasitəsi ilə ilkin yaranışları bir məkandan, başqa məkana aparır (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə də yel vasitəsi ilə) ruhu meydana gətirir. Onu da qeyd edək ki, əski görüşlərdə bir-birinin əksini təşkil edən bütün varlıqlar kişi və qadınla müqayisədə verilir. Maddi, bərk, soyuq, gecə, Ay, qaranlaq - qadındır, əksinə, mənəvi-ruhi, isti, gündüz, Günəş və işıq kişidir. Bu, xaosdan ayrılan ilkin dörd ünsürün (su, od, torpaq, hava) xarakteri ilə əlaqədardır. Ünsürlərdən kişi başlanğıclar "müsbət" {+}, qadın başlanğıclar isə "mənfi"dir {-}. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir.
Su çərşənbəsi, yaxud əzəl çərşənbə. Ulu babalarımız haqlı olaraq belə qənaətə gəlmişlər ki, "Sulu ev abad, susuz ev bərbad olar". Təsadüfi deyil ki, müqəddəs İlaxır çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir.
Od çərşənbəsi. Mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amil oddur. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər.
Torpaq çərşənbəsi. Yazqabağı çərşənbələrin üçüncüsü torpağa həsr olunur. Dünyamızın yaranmasının mühüm amillərindən biri kimi götürülən torpaq sudan sonra ikinci maddi başlanğıcdır. Əski təsəvvürlərdə qadın cildində təsəvvürə gətirilir. Dildən düşməyən "Ana torpaq, ana Vətən" ifadələri buradan doğub.
Yel çərşənbəsi. Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur. Odla birlikdə yel də mənəvi-ruhi (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir.
Totem insanları, həm də həmin nəslə məxsus hər şeyi törədən və himayə edəndir. Ümumiyyətlə, totemlər iki halda özünü göstərirdi: 1) Eyni gündə, ayda, ildə doğulanlar həmin zaman bölgülərinə hamilik edən heyvan, quş, yaxud bitkinin övladları sayılırdı; 2) Totem tayfa birliyi və qan qohumluğu prinsipi ilə müəyyənləşirdi. Bu zaman bütün icmanın, cəmiyyətin başında duran törədici idi.
Tabu. Totemizmin əsas atributu - ayini tabudur və bir inanc sistemi kimi onun mahiyyəti məhz tabu ilə müəyyənləşir. Doğrudur, totemizmdə ciddi şəkildə qorunan tabulardan - yasaqlardan biri kimi "öz soyu ilə evlənməməyin" ən ibtidai baxışda yerləşməsi indiyədək mübahisə obyektinə çevrilib.
Totemizm Azərbaycan türklərinin mənəvi mədəniyyətində, xüsusilə folklor qaynaqlarında dərin izlər buraxıb. Lakin İ.Qəfəsoğlu totemizmin türklərdə olmadığını iddia edir, başqırdlardakı qurdun fin-uqorlardan, oğuzlardakı quş onqomlarının, ümumiyyətlə, maral, ilan, inək və b. totemlərin monqollardan alındığını bildirir. Məsələnin bu şəkildə qoyuluşu özünü doğrultmur. Birincisi, ona görə ki, totemizm inkişafın lap əvvəlində meydana gələn dünyagörüşüdür və sistemli din səviyyəsinə qalxa bilməyib. İ.Qəfəsoğlu mülahizələrini onunla əsaslandırmağa çalışır ki, guya F.Rəşidəddindən əvvəlki mənbələrdə oğuzların totemçiliklə bağlı təsəvvürləri özünə yer almır və "Tarix"dəki faktlar isə monqolların hücumları zamanı mənimsədilib. Bu qənaətlərin elmi əsası ona görə yoxdur ki, oğuz və hun tayfaları monqol-tatar yürüşlərinədək totemizmdən qat-qat yüksəkdə duran dinlərə (şamanizmə, atəşpərəstliyə, xristianlığa və islama) keçmişdilər. Birdən-birə təkallahlı (Allah, yaxud dual yaradıcılar – Ahur-Məzd və Anhro-Manyu, Baş Ruh, ya da Göy Tanrısı) inanc sistemindən dönüb barbarlıq dövrünün əqidəsinə qayıtmaları ağlabatan deyil və onlar heç vaxt monqolların totem-tanrılarını özlərinin nəslinin başlanğıcında duran heyvan hesab etməzdilər. Prototürklərin qədim inanclarında quşa, heyvana və bitkiyə tapınma əksər tarixçilərin diqqətini özünə cəlb edib. Oğuzların iki ağacın övladları olması barədə ("Ağacdan doğulan cocuqlar mifi") həm ilkin qaynaqlarda, həm də orta əsrlərdə yazıya alınan eposlarda tutarlı dəlillər mövcuddur.
Qaba Ağac (şam, çinar, söyüd, palıd). Nəsli bitkiyə bağlamaq totemizmin ən ilkin mərhələsinin məhsuludur. Nağıl və eposlarda hətta alma insanı dünyaya gətirən vasitə kimi göstərilir. "Kitabi-Dədə Qorqud" eposunun "Basat Dəpəgözi öldürdigi boyu"nda totemizmin mahiyyətində duran əsas məsələ ("qanqohum-luğu") özünə əsaslı yer alır. Basat Təpəgözə (Dəpəgözə) öz nəslini təqdim edəndə deyir ki, "Anam adın sorar olsan - Qaba Ağac! Atam adın deirsən - Qağan Aslan!" Burada üç cəhət maraq doğurur:
a) Ağaca totem kimi baxılmasının tarixin ən qədim mərhələsinə - matriarxat (anaxaqanlıq) dövrünə aidliyinə işarə olunur. Belə ki, Basat anasının adını birinci çəkir. Bu oğuz adətlərinə tamamilə zidd idi. Ancaq anaxaqanlıq dövrünün təsəvvürləri ilə üst-üstə düşür.
b) Hamının bir-birinə qohum olması ideyasına inamın mövcudluğuna rast gəlirik. Təpəgöz Basata bildirir ki, biz süd qardaşıyıq. Hadisələrin əvvəlini xatırladıb demək olar ki, burada qeyri-adi heç nə yoxdur. Təpəgözə Basatın atası Alp Aruz baxmışdı, ona görə də bu sözü deməyə haqqı vardı. Elə məsələnin canı ondadır ki, Alp Aruz insanabənzəməyən məxluqu (halbuki Təpəgözdən doğma atası Sarı Çoban imtina etmişdi) öz qanından hesab edib, evinə gətirmişdi. Deməli, qədim insanlar onlara tanış ərazidə rastlaşdıqları bütün varlıqların "qanqohumluğuna" inanırdılar.
v) Totem kimi götürülən ağacın qaba (kobud) olması, yəni bar verməməsi. Maraqlıdır ki, Şimali Azərbaycanda yaşayan hunlar da barsız palıd ağacını totem sayıblar. Pir kimi götürülən "xan çinar" da bəhrə vermir. Xalq inanışlarında söyüd ağacını kəsən adam bədbəxt olur. Söyüd ağacı da meyvəsizdir. Bu, tabu ilə bağlı seçimdən irəli gəlirdi, yəni totem kimi elə ağac götürülürdü ki, ona qarşı olan bütün tabulara hamı əməl edə bilsin.
Ağac toteminin Azərbaycan mifoloji sistemində böyük əhəmiyyət kəsb etməsini əsaslandırmaq üçün yüzlərlə misal gətirmək olar. Təsadüfi görünsə də, oğuz mifoloji sistemində toplum, tayfa yaranmasına həsr olunan üç ox, boz ox (eposda "iç oğuz", "dış oğuz" şəklində verilir) motivlərində Azərbaycan türklərinin soy-kökündə duran qurumların əksəriyyəti Oğuzun gölün ortasındakı ağac koğuşunda rastlaşdığı gözəldən doğulan oğlanların adı ilə (Göy, Dağ və Dəniz) bağlanır. Burada da məhz ana xətt ağacla əlaqələndirilir. Eləcə də "Salur Qazanın evi yağmalandığı boy"da dar anında oğuz igidi ağacdan kömək umur: "Məni sana asarlar götürməgil, ağac!" Özü də bunu islam yolunda vuruşduğu və Allahın birliyinə şübhə etmədiyi halda edir. Yaxud "Baybörə oğlı Bamsı Beyrək boyu"nda totemizmə söykənən "Kölgəlicə qaba ağacım kəsilübdir, Ozan, sənin xəbərin yoq" etirafında bir qızın demək istədiyi belə bir fikir ifadə olunub: qardaşım Beyrəyin yoxa çıxması ilə nəslimizin kökü yerdən üzülüb.
Totemizmin ağacla əlaqələnən təsəvvürləri şamanizmə də keçib. B.Öcel türklərin (qərbi hunların və altaylıların) göy tanrısının məkanını göstərəndə "Dünya və Göy Ağacı"nın təsvirini verir: "Gök yüzüne doğru büyük bir çam ağacı yükseliyordu. Gökleri delip çıkan bu ağacın tepesinde ise Tanrı Bay-Ülgen otururdu. Şaman davullarındakı bu ağacların kökleri dünyada değil; daha ziyade göğün başladığı yerden itibaren başlıyordu". Şamanların hər birinin "turun" adlı bir ağacı olduğunu bildirən alim bir adətdən də bəhs açırdı: şaman olmağa meyl göstərən yeniyetmələrin hərəsi bir ağac basdırır və elə zənn edirdilər ki, ağacın böyüməsi ilə yanaşı onların rütbələri də artır. Şamanlar öləndə onlara aid ağaclar da məhv olurdu. Bu ritualı xatırladan hala Azərbaycan uşaq oyunlarında da rastlaşırıq; bir-çox oyun tamaşalarda eyni qaydada ağacdan istifadə olunur və onu "turna" adlandırırlar. Qədim türklərdə ağac 9, bəzən də 7 köklüdür. Sakrallıq nişanələrinə görə 9 bütöv dünya, 7 isə planetlərdir. Ümumiyyətlə, "Avesta"da və qədim türk mifologiyasında insan iki qoşa ağacın törəmələridir. "Oğuz kağan"da bu qadın başlanğıclardan birinin Dünya Ağacının budağından enməsi şəklində kodlaşdırılır, insan-ağac birliyi ilə böyük bir nəslin bir qanadı (üçoxlar) meydana gəlir. "Kitabi-Dədə Qorqud"da da qadın başlanğıc "Qaba ağac"dır, lakin kişi başlanğıc aslanla əvəzlənir. Heyvan-ağac izdivacından doğulan övlad eli qırılmaqdan qurtarır. İkinci birinci ilə müqayisədə daha qədim təsəvvürlərə söykənir. Lakin türk inancında ağaca tapınmanın üçüncü, tamamilə fərqli variantına da rast gəlirik. "Ağacdan doğulan cocuqlar" mifində birbaşa oğuz türklərinin bir qövmünün həm ata, həm də ana başlanğıcı "barsız ağac"dır.
Buynuzlu ana maral. Azərbaycanın ilkin dünyagörüşündə heyvan və quş totemlərinin də özünəməxsus obrazlar qalereyası (buynuzlu ana maral, inək - öküz, ilan, aslan – qurd, ağ sunqur quşu totemi və s.) yaradılıb. Dünyanın ən mötəbər arxeoloji ensiklopediyalarını bəzəyən maral fiqurlarının totemlə bağlananları qədim türk məskənlərində (Azərbaycanda, Türkiyədə və saklar yaşayan Şimali Qafqazda) aşkar edilib.
Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru,
professor