Sosial məsuliyyətin bölgüsü... Hadisə

Sosial məsuliyyətin bölgüsü...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nizami rayon Məşğulluq Mərkəzi "Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı" mövzusunda "dəyirmi masa" keçirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, YAP Nizami rayon Təşkilatının inzibati binasında təşkil olunan tədbirdə Dövlət Məşğulluq Xidmətinin, Nizami rayon İcra Hakimiyyətinin, məşğulluğa kömək göstərən yerli Əlaqələndirmə Komitəsinin, həmkarlar təşkilatlarının, rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak ediblər. Tədbirdə Nizami rayon Məşğulluq Mərkəzinin direktoru İlqar Şıxəliyev dövlət məşğulluq siyasətinin həyata keçirilməsi sahəsində rayonda görülən işləri diqqətə çatdırıb.
Tədbirdə qeyd olunub ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidentinin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı tədbirlərinin daha da güclənməsinə imkan yaradıb. Sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Nizami rayonunda da məqsədyönlü işlər aparılıb. Rayondakı dövlət müəssisə və təşkilatlarından təqdim olunan vakansiyalar üzrə rayon Məşğulluq Mərkəzi işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təminatı yönündə müvafiq tədbirləri həyata keçirib. Ümumilikdə ötən il və cari ilin yanvar-aprel aylarında Mərkəz tərəfindən 1527 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edilib, 132 nəfər şəxs isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Hazırda da rayonda işsiz və işaxtaran şəxslərin dövlət müəssisə və təşkilatlarında vakansiyalar üzrə iş yerləri ilə təmin olunması işləri məqsədəuyğun şəkildə davam etdirilir. "Dəyirmi masa"da rayon Məşğulluq Mərkəzi və işəgötürənlər tərəfindən sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi yönündə həyata keçirilən birgə tədbirlər, onların nəticələri ətraflı təhlil edilib. Tədbirdə bu sahədə qarşıda duran vəzifələr də müzakirə olunub.