Kamal Abdulladan gözləntilər Hadisə

Kamal Abdulladan gözləntilər

"Kamal Abdulla Azərbaycan elmində, təhsilində xüsusi xidmətləri olan, uzun müddət rektor vəzifəsini icra edən təcrübəli insandır". Bunu təhsil eksperti Kamran Əsədov Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə (ADU) rektor təyin edilməsinə münasibət bildirərkən deyib.
Kamal Abdullanın yüksək səviyyəli kadr olduğunu söyləyən ekspert hesab edir ki, ilk növbədə ADU-da vəziyyəti sabitləşdirmək lazımdır.
"İlk növbədə onun qarşısına qoyulan məqsədin bu olduğunu düşünürəm. Kamal Abdulla böyük yazıçı, idarəedici insandır. Onun yenidən rektor olacağını gözləyirdim. Çünki o, Azərbaycan təhsilini gözəl bilir və idarə edir. Dillər Universitetində 10-a yaxın xarici dil tədris olunur. Böyük əksəriyyət fakültə və ixtisaslarda ingilis dilində tədris aparılır. ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq qurulub. ADU-da Avropaya inteqrasiya sürətlənib, dünya təhsilinə uyğunlaşdırılma istiqamətində ciddi addımlar atılıb".
K.Əsədovun fikrincə, tələbələrin etirazından sonra ali təhsil müəssisəsinə inamı bərpa etmək əsas şərtdir: "Ali təhsil müəssisəsinin uzun müddət rəhbərsiz qalması və ya tez-tez rəhbərliyin dəyişməsi yaxşı hal deyil. Çünki istər təhsil alanlar, istərsə də elmi kollektiv uyğunlaşmaqda problemlər yaşayır. Düzdür, hər kəsin qanunvericilik aktlarına görə yerinə yetirdiyi vəzifələr var və onu icra edirlər. Danılmaz faktdır ki, Azərbaycanda təkcə vəzifə səlahiyyətləri yox, eyniylə şəxsin nüfuzu, bilik və bacarıqları da iş şəraiti ilə bağlı məsələlərə ciddi şəkildə təsir göstərir.
Ali təhsil müəssisəsinə inam əsas şərtdir. Belə çıxır ki, tələbələr istənilən vaxt özlərini əziyyətə salmamaq üçün etiraz aksiyası keçirəcək və təsir göstərəcəklər?! Əlbəttə ki, haqlı tələb olduqda onların ixtiyarı var, amma son hadisələrdə tələbələrin tələbləri tam şəkildə əsassız idi"
Qeyd edək ki,ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Kamal Abdulla Azərbaycan Dillər Universitetinin (ADU) rektoru təyin edilib.